Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Məhv etmə, yazıqsan!

Din və ekologiya: dünyanın ən çox danışdığı mövzular. İlk baxışdan kəsişmədiyini düşündüyümüz bu mövzuların ortaq məxrəci var: həm din, həm də ekologiya insanın yaşaması, mənəvi və fiziki sağlamlığı, fərd kimi məhv olmaması üçün çox lazımdı. İyulun 2-də Din və Demokratiya Mərkəzinin keçirdiyi «Ekologiya və mənəviyyat» adlı konfransda hamı, müxtəlif din və təriqətlərin nümayəndələri eyni mövzuda - ekologiyadan danışırdı. Ekoloji böhranın birbaşa mənəviyyat problemi olması fikrində razılaşan konfrans iştirakçıları şəhərimizin, ölkəmizin, planetimizin taleyindən narahatçılıqlarını bildirərək həyəcan təbilini «çalmağa» yığışmışdılar. Həqiqətən də, zamanıdır, çünki bütün dünya çirkabın içində yaşamasından etiraz edir.
Gen mühəndisliyi Qurana ziddir
Konfransın ilk məruzəçisi «Qurani-Kərim və ekologiya məsələləri» adlı məruzəsində dinşünas alim Nəriman Qasımzadə müqəddəs kitabımızda təbiət hadisələri ilə bağlı 500-ə qədər ayənin olduğunu qeyd etdi: «Yaranmışların ən kiçiyindən gözlə gözülməyən ən nəhənginədək kainatda, varlıqlar aləmində nə varsa, hər nəsnə İlahiyə səcdədədir. Kainat yaradıcılığında Tanrı şəksizliyini təsdiq edən təbiət də əslində Müqəddəs Oxu timsallı möcüzədir, bir İlahi yazıdır. Bu «yazılmamış Quran»ın da yazılı Quran qədərincə müqəddəslik statusu var. Onun qorunmasına, öyrədilməsinə sayğı insan üçün Yaradana səcdə mahiyyətli bir vəzifədir. Ətraf mühitə insanın münasibəti iman səviyyəsində ölçülür. Çayları, gölləri qurutmaqda, dənizlərə çirkab axıtmaqla, meşələri qırmaqla Tanrı tövsiyəsinə etinasızlıq göstərən insan övladı, təbii ki, ilk növbədə özünün və gələcək nəsillərinin taleyinə balta çalır. «Ölüdən dirini, diridən də ölünü çıxaran» (ər-Rum – «Rumlar», 19) qadir Tanrı yaratdığını təkrar-təkrar yarada bilir. Ancaq insanın öz əliylə axırına çıxdığı nemətləri ondan ötrü bir daha yaratmaq istəməz. Çünki başqa yaranmışlardan fərqli olaraq yalnız bəşər övladı öz ağlının ixtiyarına sərbəst buraxılıb. İman sınağına çəkilən, əməllərinə görə sorumlu tutulan da məhz odur
Heyvanların incidilməsi müqəddəs Oxuda iblis əməli kimi dəyərləndirir. Ən-Nisə («Qadınlar», 118-119) surəsində Tanrının yaratdıqlarını dəyişdirmək cəhdinə, yəni gen mühəndisliyi yoluyla yaradılışa müdaxilə cəhdlərinə iblis əməli kimi qiymət verilir. İndi genləri dəyişdirilmiş, qeyri-təbii hala gətirilmiş meyvə-tərəvəzin insan sağlamlığına hansı ziyan vurduğunu mütəxəssislər tez-tez qeyd edirlər və bəzi ölkələrdə bunların satışına məlum səbəblərdən qadağalar qoyulub».
Dünya üzən zibil adalarının əlində aciz qalıb
Ekologiya mövzusunda məşvərətə girişməkçün insanın gərək məlümatı çox ola və bir qədər gündəlik qayğalardan baş ayırıb özünə, balalarına, millətinə bir qədər geniş, yəni planetar səviyyədən baxmağı bacarmalıdı. Onunçün mütləq dəyişməliyik. Bu mənada məruzəçi, Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova ilə razılaşmamaq olmur: «Biz mütləq inkişaf etməliyik. Quranın 14 əsr bundan əvvəl nazil olmasına baxmayaraq, yalnız indi, elmin inkişafı ilə əlaqədar olaraq insanlara göndərilmiş müqəddəs kəlamlar təsdiqlənir. Yer adlı planetin bir canlı varlıq olması artıq sübut olunub. Hətta elektromaqnit sahəsinin vaxtaşırı dəyişməsi, vulkan püskürmələrini, qazların ixrac olmasını da canlı varlığın nəfəs alması kimi qəbul edirlər. Müsbət və mənfi fikirlərin də Yer kürəsinə birbaşa təsiri artıq elmi cəhətdən sübut edilib. Çünki Yer kürəsinin də insanın aurasına bənzər bir aurası var. Mənfi insan fikirləri də görünməz, incə səviyyələrdən yer kürəsini zədələyir. Yer kürəsi də canlı varlıq kimi mənfi təsirlərə müqavimət göstərir və özünü bərpa etmək istəyir. Fikir vermisizsə, təbii fəlakətlər baş verən zonalarda əvvələcədən nəsə insan mənəviyyatına zidd olan bir hadisələr baş verirmiş. Ona görə bu addımlar dini aləmdə Allahın cəzası kimi qəbul edilir. Yer kürəsi Kainat miqyasında cavandı. İnsan ömrünə uyğunlaşdırsaq, onun cəmi 18-20 yaşı var. Başqa planetlər, məsələn, Venerada orta tempratur təxminən 500, Marsda 300 dərəcədir. Biz mavi planetimizi qorumasaq, istixana effekti nəticəsində yavaş-yavaş bura da cəhənnəmə çevriləcək. Dünya üzərində də zibilləri təkrar emal etmək əvəzinə özlərindən uzaqlaşdırıb su axarlarına, dənizlərə, okeanlara atırlar. Artıq bu gün dünya okeanında zibildən qitələr yaranır. Onları xəritədə qeyd etmək mümkün deyil, çünki onlar üzürlər və gəmiçilikdə böyük problemlər yaradırlar».
«Can verməyə qüdrətin yoxdur deyə can alma»
Gözümüzü açıb anamızı, sonra isə təbiəti görürük. Bilirik ki, o bizi sevir. Sonra biz də yavaş-yavaş onu sevməyi öyrənirik. Bəziləri hələ də öyrənmə mərhələsindədi ki, onlara ekoloji məsəllərdə ibtidai səviyyədə hər şeyi öyrətmək lazım gəlir. Bu mənada bədii ədəbiyyat və folklor insana əsl müəllimdir. Din və Demokratiya Mərkəzinin sədr müavini, filoloq Vasif Sadıqlı demiş: «Bizim gözümüz də acır, gözəllik görmək istəyir. Qulağımız gözəl musiqi eşitməsə ac qalır. Burnumuz gözəl qoxular ehtiyacındadı, dilimiz gözəl dadlar duymaq istəyir, əlimiz gözəlliyə təmas etmək istəyir. Bizim ruhani qidaya da ehtiyacımız var. Təbiət təkcə qida mənbəyi deyil, həm də gözəllik mənbəyidir. Xalqımız mədəniyyət abidələrində bunların əhəmiyyyətini ayracı vurğulayır. Balaca uşağa öyrədirmiş kimi əvvəl «Məhv etmə, yazıqdı, məhv etmə, faydalıdı, məhv etmə, gözəldi» anlamlarından sonra «Məhv etmə, yazıqsan»ı qəbul etmək olar. Xalqımızın folklorunda insanların mərhəmət hissinə müraciət olunur. Məhrəmət hissi insanların neqativ hisslərdən təmizlənməsində mühüm rol oynayır. İnsanın quşa, heyvana çevrilməsi barədə əfsanələrdə məhz mərhəmət hissinə arxalanıb təbiəti qorumaq cəhdləri edilir. İnsan var deməmiş dərk edir, eləsi var, deyirsən dərk eləyir. Adam da var, desən də dərk eləmir. Belə adamlara münasibətdə folklor və bədii ədəbiyyat nümunələri əvəzsiz rol oynayır. Xalqımız deyir ki, Xızır bilir bu otların, çiçəklərin sirrini. Çünki o, kamil insan idi. Bilirdi ki, təbiətdən insana heç bir qorxu yoxdu».
Bizi məhv edən amil biganəlikdi
Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Fuad Nurullah: «Düşünən beyin sahibi anlayır ki, Allah-Taala insanı yaranmışların ən qiymətlisi kimi yaradıb. İndi elm və texnika inkişaf edib, doğulmamış uşağın cinsini qabaqcadan bilmək olur. Peyğəmbərimizimn cəhalət dövründə insanlara İslamı yaydığı zamanlardakı kimi bu gün də qız uşaqlarını ana bətnində öldütdürürlər. Niyə 21-ci əsrin insanı özünü məhvə gedir? Bu günün müasir insanı düşünsə ki, mən hara getsəm də bunu görən var, Allaha hər şeyi görür və bilir, onda belə hərəkətlər baş verməz. Axı insan hər bir hərəkətinə cavab verəcək. Dinimizə görə, səbəbsiz yerə bir ağac budağını qırmaq, yerdən göyərtini qoparmaq günahdı. Dinimiz insanı ətrafına biganə olmamağa səsləyir. Allahın yaratdığı fısdıq ağacı bir saatda 20 adamın oksigenini verirsə, ondan qapı-pəncərə düzəltmək günah deyilmi? Axı daha ekonomik və plastik materiallar var. Bu biganəlik ondan yaranır ki, insanlar Allahı yaddan çıxarırlar. Bizi məhv edən amil biganəlikdi…»
Bakı uçan sellofanlar şəhəridir?
Rus Pravoslav Kilsəsinin nümayəndəsi keşiş Dionisiy Sveçnikov: «Ekologiya və mənəvi dəyərlər əslində bir-birinə yaxın mənalardır. Mən sevinirəm ki, Bakıda bunu anlayan və cəmiyətin müxtəlif təbəqələrinə çatdırmaq istəyən insanlar var. Biz hər şeyimizi Allahadan alırıq. Həyatımızı da, ətrafımızdakı nə varsa hamısını da. Amma təbiətin özü də sonsuz deyil. Əvvəl-axır tükənir. Başımızı qaldırıb ətrafımızdakı zibilliklərə, şəhərimizi çirkləndirən qalaq-qalaq toz-torpağa baxmağımız lazımdı. Bu yaxında İnternetdə Bakını uçan sellofanlar şəhəri adlandıranda bu, mənə çox pis təsir etmişdi. Axı bu mənim şəhərimdi, burda doğulmuşam və özümü bakılı sayıram. Bu sellofanları da biz özümüz atırıq».
Ekoloji problemi olan ölkələr yoxsuldur
Bakı Bəhai dini icmasından Azər Cəfərov: «Əgər sən dünyanı seyr edib hər varlığın gizli məhiyyətini və təkraredilməzliyini anlamağa çalışırsansa, öz Rəbbinin adlarının, sifətlərinin bütün varlıq dünyasına nüfuz edən hallarnı görəcəksən. Ağrı ağrıdır, fərq etməz acısını insan ya başqa canlı çəkir. Bu cünün ekoloji böhranı materializmin xəstəliyinin təzahürü kimi ortaya çıxır. Cəmiyyətdəki dözümsüzlük, müharibələr, ekoloji böhran - bütün bunlar hamısı allahsızlığın cəmiyyət və təbiətdəki fəsadlarıdır. İnsan - Allah, insan - təbiət arasındakı harmoniyanın pozulmasının nəticəsidir. Bəşəriyyət millətlərin birliyi anlamına yaxınlaşıb. Qlobal problem kimi ekoloji məsələ xalqların, millətlərin, icmaların birgə təşəbbüsüylə həll oluna bilər. Təbii sərvətlər üzərində nəzarət ayrı-ayrı şirkətlərin əlindədirsə, nəyəsə nail olmaq çətin olacaq. Sərvətlərə nəzarət beynəlxalq qüvvələrin əlində olmalıdı. Ekoloji problemin bir qolu yoxsulluqdur. Əgər ölkə ekoloji böhrandan əziyyət çəkirsə, deməli, yoxsul ölkədir. İfrat yoxsulluğu, dini ayrı-seçkiliyi, hüquq bərabərsizliyini, savadsızlığı, cahilliyi, fanatizmi aradan qaldırmamış ekoloji problemləri həll etmək müşkül məsələ olacaq».
Bir ağac da pirdi
Alban-udi xristian icmasının rəhbəri Robert Mobili: «Əgər təbiət rəngbərəngdisə, deməli, insanlar da rəngbərəngdi. Bu rəngbərəngliyi qoruyub saxlamaq hər bir kəsin borcudur. Xristianlıqdan çox-çox qabaq insanlar təbiət qüvvələrinə inanıblar. Hətta sonra başqa dini qəbul etsələr də, təbiətə inamlarını itirməyiblər. Azərbaycanda elə pirlər var ki, bir ağacdan ibarətdi. Bu ağac elə müqəddəs, yəni təbiətin toxunulmamış gözəl bir güşəsidir ki, insanlar bu gözəlliyə baş əyirlər. Bu, bir düşüncə modelidir. Yəni dünyanı olduğu kimi qoruyub saxlayanlardanıq. Ekoloji məsələ, həqiqətən də, böyük problemdi və dövlət səviyyəsində həll edilməlidi. Bura istirahətə gələn turist şəhərin, eləcə də meşələrin, çayların plastik qablarla dolu olduğunu görsə, bura bir daha gəlmək istəməz».
Təbiət qisas alır
Gürcü Yəhudi icmasının rəhbəri Moisey Bekker: «Planetar sistem yarananda vahid sistem kimi nəzərdə tutulmuşdu. İndi hamı bilir ki, bütün planetar sistem informasiya sahəsi ilə əhatə edilib. Burda baş verənlər ani olaraq bütün qalaktikada əks olunur. İnsan yaranışında da ona bəzi şeyləri yasaq bilmişlər, bunun adını cənnət alması və ya başqa cür qoymuşlar. İnsana əzəldən təbiətin işinə qarışmaq qadağan edilib. Əlbəttə, vaxt keçdikcə biliklərimiz də artır. Biz indi hər yerə burnumuzu soxuruq. Əvəzində görünməmiş xəstəliklər, viruslar, QİÇS kimi ümumbəşəri bəlalar yarandı. İnsan öz həddini keçir. Gen mühəndisliyi nəticəsində indi körpələr anadangəlmə qısırlıqla, xərçənglə doğulur, təbiət öz qisasını alır. Biz nəsə ortaq məxrəc, təbiətlə yola getməyin müştərək yolunu tapmalıyıq ki, məhv olmayaq. Gələcəyin müharibələri torpaq uğrunda yox, artıq içməli su uğrunda gedəcək».
Təbiət həm də zəlzələlərdi
Professor Niyazi Mehdi: «Dini saytları oxuyanda məndə belə təsəvvür yaranır ki, onlar elə bil «İnsan haqları məsələsinə gələndə sizin kimi deyilik, daha yaxşıyıq» demək istəyirlər. Qarşı tərəf mövqeyini müdafiə etdikcə yazıqlıq əmələ gəlir. Bu, məni incidir. İslam heyvanı yeməkdən başqa ayrı məqsədlə istifadəni gunah bilir. Bu yaxşıdı. İslamla bağlı şəkillərdə, filmlərdə gül-çiçəkləri, cənnət parametrləriylə mənzərələri çox göstərilir. Bu, şəxsən məni bezdirir. Çünki təbiət həm də zəlzələlərdi. Heyvan deyiriksə, qurbağa da, ilan da heyvandı. Quran göstərir ki, islam mədəniyyətində, mənəviyyatında ekologiya ilə bağlı yetərincə əsaslı məqam var. Amma reallıq budur ki, din xadimlərimiz hazırda yas yerlərində dini mifologiya danışmaqla məşğuldular. Bu, müasir insana maraqlı deyil. Din xadimləri müasirliyi narahat edən mövzularda konfranslar keçirməlidir, danışdığımız mövzular orda müzakirə edilməlidi. Zaman dəyişib, gəncləri müzakirələrə cəlb etmək lazımdı».
Konfransın 2-ci hissəsində müzakirələrdə abortu yasaqlamaq («Eko aləm» Sevil Yüzbaşova), məktəblərdə, ali təhsil ocaqlarında ekologiya dərsləri və ya kurslar keçirmək, məişətdə kəsilmiş gülləri heç olmasa dibçəkdə hədiyyə vermək («Din və ictimai təhlükəsizlik», Xuraman Ağayeva) kimi təkliflər səsləndi. Konfransın sonunda qəbul edilmiş qətnamədə din xadimlərinin moizələrində, xütbələrində ekoloji məsələlərlə bağlı dinlərin münasibətini aşkarlayan mətləblərə yer vermələri zərurəti qeyd olundu. Müzakirələrdə səslənən dini icmalarla ekoloji təmayüllü qurumların alyansı yarandılması təklifi yekdilliklə dəstəkləndi.
And olsun əncir ağacına
Müqəddəs kitabımızda insandan başqa bütün ünsürlərə, ağaca, hətta əncirə də müqəddəs varlıq kimi and verilir. Bütün istər səmavi, istər qeyri-səmavi dinlərin kəsişdiyi bir nöqtə varsa, o da təbiətə, təbiət hadisələrinə münasibətdir. Dinindən asılı olmayaraq, hər kəs yaranışından yaşadığı təbiəti qorumağa borcludur. Sunamilər, təbii fəlakətlər hamısı insanın əməllərindən əmələ gələn fəsadlardır ki, insan onu törətsə də, qarşısına almaqda acizdir. Ona görə də yeni əmələ gəlmiş cərəyan, ekoteologiya, eko ilahiyyatçıların fəaliyyətinə dəstək olub bu müsbət əməllərə qoşulmalıyıq. Çünki ekologiya mövzusu, yəqin ki, qiyamətə qədər aktual olaraq qalacaq.

Yuxariya doğru