Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Kiborq uşaqlar

Heç bir emosiya yaşamayan adamlar üçün dünyanın bütün musiqiləri də eyni cür səslənir
Mən dünyanın ən hörmətsiz və maddi cəhətdən ən az qiymətləndirilən 2 işi ilə birdən məşğul oluram.Uşaqlara musiqi dərsi deyirəm və dövrü mətbuatda yazıram. İki peşə ilə paralel məşğul olmaq mənə cəmiyyətdə baş verən hadisələrin uşaq psixikasında və zehni fəaliyyətində buraxdığı izləri müşahidə etmək imkanı verir. 18 illik pedaqoji stajım zamanı ilk dəfədir ki, böyük təşvişdəyəm. Sanki sonu görünməyə uzun bir tuneldə kor-koranə irəliləyirəm. Mən həmişəki kimi dərsimi deyirəm, amma səsim dəmir borunun içində deyilirmiş kimi səslənib, divarlara dəyib üstümə qayıdır.
Zəmanə dəyişib, ya mən dövrlə ayaqlaşa bilmirəm? Həmişə bu sözləri cavanların yeni maraqlarını başa düşməyən yaşlı nəsil üçün deyirdilər. Caz, rep, rok-n-roll, lap elə meyxana olsun bütün bu yeniliklər sonunda maraqlı nəticələr verirdi. Amma bizim halda, yəni ki, azərbaycanlı orta məktəb şagirdləri arasında elə bir proseslər gedir ki, onu anlamaqda acizlik içində çiyinlərimi çəkməkdən savayı işim qalmır. Bilikli ya da biliksiz, dəcəl, ipə sapa atmayan, key, qavrayışı zəif uşaqlar həmişə olub. Amma zəiflər sinfin müəyyən, özü də azlıqda olan hissəsini təşkil edirdi. Adətən təhsilin sonuna yaxın bu uşaqlar musiqidə yararsız olduğunu anlayıb musiqi məktəbini atır, ya da dartınıb irəlidə gedənlərə qismən də olsa çatırdılar. Mən kütləvi debilləşmə prosesinin arxasında hansısa himayədar qüvvələrin olması fikrindən dəhşətə gəlirəm.
Musiqi qavrayışının əsasında uşağın beynində emosiya və duyğular əsnasında yaradılmış obrazlarla iş prosesi durur. Yəni səslənən musiqinin şən, qəmgin, inqilabi, ehtiraslı, şəffaf, həzin və s. olmasını obrazlar vasitəsilə uşağın beyninə salırıq. Ürəyi olmayan, daha dəqiq desək heç bir emosiya yaşamayan adamlar üçün dünyanın bütün musiqiləri də eyni cür səslənir. Bu, kor adamın alma rəsmini çəkməsi kimi bir şeydir. Ona nə qədər desən ki, alma yumru olur, bəzən bir qırağı qırmızı, bəzən tam yaşıl olur və ortasında çəyirdəyi də var – bütün bunlar onun üçün söz yığınıdır. Çünki o almanı heç vaxt gözləriylə görməyib. Elə həmin səbəbdən də indiki uşaqların beynində heç bir musiqi ilişib qalmır. Onlar Qarabağ şikəstəsi səslənəndə «Bu Şopen, ya da Baxın musiqisidir» deyə, səhv olduğunu biləndən sonra isə pıqqıldaşıb gülə də bilərlər.
Mən Şopenin dəfn marşını musiqi ədəbiyyatı fənnindən öyrənməmişəm. Uşaqlıqda Bakıda yaşayan başqa millətlərdən olan adamların basdırılma mərasimini görmüşəm. Tabutun ardıyca gedən nəfəs orkestri adətən Şopenin dəfn marşını çalardı. Başqa bir marşı, Mendelsonun «Toy marşı»nı isə bizim zamanın ən məşhur nikah evi olan Səadət sarayında eşitmişdim. Əzəmətli sarayın pillələrini «Toy marşı» altında qalxdıqca özünü lap kraliçə kimi hiss edirdin. İndi kəbini toyxananın içindəcə kəsirlər. Tezbazar, necə deyərlər «kassadan uzaqlaşmamış». Uşaqlarımız dünyanın ən məşhur musiqilərini ona görə də tanımırlar. Onlar Qarayevin Don Kixot simfonik qravürlərindən «Səyahət» mövzusunu Şostakoviçin Leninqrad simfoniyasından faşistlərin yürüş mövzusu ilə, lap Prokofyevin «Romeo və Culyetta» baletindən musiqi ilə qarışdıra bilərlər. Çünki Böyük Vətən müşaribəsindən bir dənə də filmə baxmayıblar və faşistlərin hücumu vaxtı həmişə səslənən bu musiqini eşidib qorxu keçirməyiblər. Don Kixotun kimliyini də bilmirlər. Əlbəttə ki, yel dəyirmanları ilə vuruşmurlar. Eləcə də Romeo və Culyettanın məhəbbət macərasından təsirlənməyiblər. Nəinki Prokofyevin baletini, eləcə də eyniadlı filmdə səslənən məhşur mahnını tanımırlar. Onlar heç cür Əyrasiyab Bədəlbəlinin «Kor ərəbin mahnısını» yadda saxlaya bilmirlər. Çünki onlara yazdığım diskdə səs yazısı çox köhnədir. Amma onlar Ədalət Şükürovun ifasında (Fikrək Əmirovun «Səhər filmindən») «Aslanın mahnısı»nı ilk dəfədən yadda saxladılar. Metroda Qarayev stansiyasında 7 gözəl baletindən musiqi hər dəfə səslənsə də onlar heç cür bu valsı yaddaşlarına yaza bilmirlər. Onlar Leyli və Məcnunun məhəbbət əhvalatından təsirlənmirlər deyən bu operadan heç nəyi xatırlamırlar. Məcnunun divanəliyi, Leylinin əzabları onların nə vecinədir? Amma bizim nəsil bu operadan Nofəlin çıxışını Heyrati üstündə olduğundan tanıyırdı. Çünki bu musiqini «Qalx ayağa millət, boğmasınlar səsimizi. Bir baraq altında birləşdir bizi!» sözləriylə ömürlük yaddaşımıza yazmışdıq. Onlar Sevil operasından yalnız bir nömrəni xatırlayırlar. «Mən elə bir Dilbərəm» sözləriylə Dilbərin ariyası «Qaynana» filmində səsləndiyindən. Bəziləri heç bu filmi də görməyib.
İndiki uşaqlar üçün Azərbaycan bəstəkarı, rus bəstəkarı, ya da Qərb bəstəkarı ifadələri heç nəyi bildirmir. Soruşanda Qərb ölkələrindən birinin də adını çəkə bilmirlər. Dirəşəndə cöğrafiyadan «5» aldığını fəxrlə deyirlər. Pleyerdə Baxın «Tokkata və fuqa»sı səslənərsə onlar buna Şopen də deyə bilərlər. Dinamikləri titrədən orqanın səsi onların qulaqlarını ağrıtsa da, öz-gözlərini turşutsalar da (əlbəttə ki, bu əzəmətli alət barədə heç təsəvvürləri də yoxdur) yalnız fortepiano üçün yazan bəstəkarla, Şopen musiqisiylə səhv sala bilirlər. Bizim nəsil bu möhtəşəm musiqini Bayatı-Şiraza bənzədiyinə görə yaxşı yadda saxlamışdı. Onlar Bethovet musiqisinin inqilabi ruhunu qətiyyən duymurlar. Patetik sonata, ya da Qəhrəmani simfoniya səslənəndə, 5 -ci simfoninın məşhur «Tale qapını döyəndə» mövzusundan onların tükü də tərpənmir. Cavabında qayğısız musiqilər yazan Haydn, ya da işıqlı Mosart ilə səhv sala bilərlər. Yeri gəlsə lap Vasif Adıgözəlovun «Qərənfil»i ilə də səhv salarlar. Nə olsun ki, mahnıda tar alətinin tembri var? Onlar üçün tar, orqan, fortepiano musiqi dərslərində tədris edilən bir mövzu, öyrənmək istəmədikləri bir dərsdir.
Ətraf dünya öz əvvəlki ritmində səslənməkdə davam edir. Dünyanın musiqiləri azalmayıb. Azalan bizim qavrayış dairəmiz, emosiya çevrəmizdir. «Daralan dünyamızın uşaqları bədbəxtdir!» demək mənimçün «Millətimizin gələcəyi qaranlıqdı» demək qədər ağrılıdır. Test üsulu ilə imtahan verən uşaqlarımız artıq nə beyinlərini, nə məntiqlərini, nə də emosiyalarını işə sala bilirlər. Onlar yalnız 3-4 variantdan birinə quş qoymağı öyrənirlər. Biorobotlar kimi onların xarici görkəmi, daxili strukturu insana bənzəsə də çox vacib, emosional detal sanki itirilib. Onlar yatır, durur, yeyir, ifrazat edir, dərsə gedir və guya ki, bilik toplayırlar. Sanki biorobotlar kimi bütün əmrləri yerinə yetirirlər. Amma onlar heç nə duymurlar, prosesdən ləzzət almırlar, mədəni abidələrimizdəki qəhrəmanların həyatıyla yaşayıb bəşəriyyətlə birlikdə sevinib təsirlənə bilmirlər.
P.S. Artıq bir neçə ildir ki, məktəbi bitirən şagirdlərimdən bircə xahişim olur. Rica edirəm ki, müəllimlərinin kimliyi ilə maraqlananlara mənim adımı deməsinlər. Debilləşmə prosesində mənim atdığım bütün addımlar, bütün səylərim sürətlə gedən maşının təkəri altında qalmış bir daş qədər təsirlidir. Yalnız diskomfort yaradır…

Yuxariya doğru