Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Koka haqqında dastan

Anestiziya tarixindən seçmələr

Oktyabrın 16-nı həkimlər Anestezioloqlar günü kimi qeyd edirlər. Düz 163 il əvvəl Bostonda amerikalı alim Uilyam Morton narkozun istifadəsiylə ilk dəfə müşahidəçilərin gözü qarşısında əməliyyat aparıb. Bu gün minlərlə insanın həyatını xilas edən anestezologiya tarixi o qədər də rəvan keçməyib. İnsanları xilas etməyi öyrənənədək o, minlərlə insan ömrünü sındırıb.

Opium, həşiş, yoxsa kokain?

Təbabət tarixçiləri hesab edir ki, ilk anesteziaya cəhdləri bəşəriyyətin lap erkən cağlarından işlədilir. Əl altında uyuşdurucu bir şey olmayanda ən effektiv vasitə kimi dəyənəklə xəstənin başından vurmaq tətbiq edilirdi. Xəstə huşunu itirən kimi əməliyyata başlanırdı. Amma hələ bizim eradan 1500 il əvvəl Misirdə təbabət haqqında əlyazmalarda ağrıkəsici vasitə kimi xəstəyə opium vermək məsləhət edilirdi. Çin və Hindistanda opiumu tanımasalar da onlar marixuanadan istifadə edirdilər. 2-ci əsrin məşhur Xua To adlı təbibi əməliyyat zamanı xəstəyə çətənə tozu qatılmış şərabı verməsini yazılı mənbələr təsdiqləyir. Kolumb hələ Amerikanı kəşf eləməmişdən əvəl yerli hindular koka adlandırdıqları bitkinin yarpaqlarını anesteziya kimi işlədirdilər. Qəbilənin təbibi yarpaqları çeynəyir və tüpürcəyini yaranın üstünə damcıladırdı ki ağrı kəsilsin.
İnsanlar güclü alkoqol almağı öyrənəndən sonra anesteziya daha əlçatan oldu. Müharibələrdə spirtlə dolu çəlləklər əskərlərin yol yolduşı olurdu ki, yaralanan zamanı ağrıçəsici kiim işlədilsin. Çox nadir hallarda həkimlər hipnotik yuxuya salmaqla təlqin etməni anesteziya kimi işlədirdilər. Skandallarla ad çıxarmış Anatoli Kaşperovski 1988-ci ildə telekörpü vasitəsilə okeanın o tayında döşündə şişlərin kəsilməsi əməliyyatında qadının hipnotik yuxuya salıb ağrılardan xilas etməsilə anesteziya tarixinə daxil olub. Amma bu işin davamçıları tapılmadı.

«Şənləndirən qaz»

Bizim tanıdığımız üsullar 19-cu əsrin ortalarında kəşf edilib. İngilis cərrahı Henri Hikman karbon qazı istifadə edərək heyvanların ətraflarının amputasiya edirdi. Amma bu işə oksidləşmiş azot qazı daha çox yarayırdı. 1799-cu ildə kəşf edilmiş bu qazı «şənləndirən qaz» adlandırırdılar. Amma onun ağrıçəsici keyfiyyətini amerikalı fokusçu Hardner Kolton aşkarlayıb. O, tamaşalarında «şənləndirən qaz»ı istifadə edirdi. Bir dəfə qeyri-adi qazı nümayiş edərkən o, səhnəyə gülməkdən ürəyi gedən tamaşaçını dəvət edir. Tamaşaçı arenaya çıxanda yıxılıb ayağını sındırır, amma ağrını hiss etmədən gülməkdə davam edirdi. Bunu zaldan müşahidə edən dantist Xoras Uells bu effekti praktikasında işlətmək qərarına gəlir və tamaşadan sonra qazı almağa sövdələşir. Diş kabinetində bu qazı işlətməyə başlasa da tapıntısına patent almadı. Çünki o, bu qazın hava kimi hamıya məxsus olduğunu düşünürdü. Cəmi bir dəfə hamının qarşısında qazın uyuşdurucu keyfiyyətini nümayiş etdirmək qararına gəlir. İri, gövdəli bir kişinin dişi çıxarılmalı idi. Amma əməliyyat başlayan kimi o, çığırmağa başladı. Hamı həkimi «şarlatan» adlandırıb otaqdan çıxdı. Sən demə kişi ağrıdan yox, qorxudan çığırırmış. Bununla belə həkimin reputasiyasına xələl gəlmişdi. O, həkimliyin daşını atıb anestiziya sahəsində təcrübələrini davam etdirir. Özü xloroform iynəyir, hətta bir dəfə intoksikasiya zamanı küçədən keçənlərin üstünə turşu sıçratmışdı. Türmədə özünə gələndən sonra həkim nə etdiyini anlayaraq intihar edir. Amma venalarını kəsməzdən əvvəl anesteziya kimi yenə də xloroform iyləyir.
Dantistin uğursuz nümayişində iştirak etmiş dostu və kolleqası Uilyam Morton isə tarixə anesteziyanın banisi kimi daxil olub. Müəlliminin uğursuzluğundan sonra o tibbi efiri anesteziya kimi işlətməyə başlayıb. O, 1846-cı ildə efiri diş çıxarma zamanı atrıkəsici kimi işlədib. Müəlliminin təcrübəsi gülüşlə qarşılanan xəstəxanada 1846-cı ilin 16 oktyabrı tarixində keçirdiyi təcrübə isə tarixə daxil oldu. O, hamının qarşısında efir iyləmiş xəstənin şişinin kəsib götürdü. Xəstə ağrı hiss eləmədi. Uilyam Morton alturist deyildi, şöhrət və pul da istəyirdi. Ona görə də əməliyyat zamanı idi efir qazı işlətməsini boynuna almamışdı. Qazın adını «leteon» qoyaraq öz kəşfi kimi qələmə vermişdi. Kəşfinə görə patent alsa da qazın tərkibi məlum olan kimi okeanın hər iki tayında həkimlər efiri aneteziya kimi işlətməyə başladı. Morton məhkəmələrlə özünü yorsa da heç kimdən pul ala bilmədi. Amma tarixə anesteziyanın atası kimi daxil oldu. Ondan 4 il əvvəl Krouford Lonq adlı amerikalı həkim artıq efiri atrıkəsici kiim işlədirdi və əməliyyatlara müşahidəçilər dəvət eləmirdi. Bu barədə etmi məqaləsini yazanda isə dünya 6 il idi ki, anesteziyanın banisini tanıyırdı. Ona nə pul, nə də şöhrət düşdü. Əvəzində uzun və xoşbəxt bir ömür sürdü.

Kokain iyləyən Freyd

Xloroformun narkoz əvəzi işlədilməsi də çoxdandı ki, məlum idi. İngilis həkimi Con Snou xloroformu kraliçə Viktoriyanın doğuşu zamanı işlətmişdi. Amma maddənin zəhərli olmasına görə onu işlətmək məsləhət bilinmirdi. Həm efir, həm də xloroform ümumi narkoz kimi işləndiyi vaxt həkimlər yerli anesteziya vasitəsi axtarırdı. Çoxdan gözlənilən sehirli dərman kokain oldu. Kokaini koka bitksindən almaq alman alimi Albert Himana qismət olub. Bu maddəni yerli anesteziya kimi rus həkimi Vasili Anrep öz üzərində təcrübələrdə işlədərək sinirlərə təsiri barədə elmi məqalələr yazsa da o vaxt bu məqalələr diqqətdən yayınıb. Amma Ziqmund Freyd adlı hələ o qədər də tanınmamış psixiatrın kokain barədə yazdıqları tez zamanda məşhurlaşdı. Freyd ilk dəfə kokainin dadına baxaraq heyrətə gəlmişdi. Kokain depressidan qurtarır, özündə əminliyi artırır, astmadan, mədə pozuntusundan, nevrozlardan xilas edirdi. Psixoanalizin atası bu mövzuda 8 məqalə çap etdirmişdi. Bu yazılar böyük gəlirlərə gözünü dikmiş farmoseptik firmalar tərəfindən dəstəklənirdi. Amma sonuncu məqaləsində Freyd əvvəlki kimi ruh yükskliyilə yazmırdı. Axı yaxın dostu Ernst fon Flyayşl kokaindən vəfat eləmişdi. Freyd kokainin həm də cinsi potensiyaya təsiri barədə bir çıra müşahidələrini qələmə almışdı. Yəqin ki, qoca alimin kokain tozunu iyləyəndən sonra öz palıd ağacından mebellə bəzədilmiş kabinetində apardığı müşahidələri daha maraqlı olardı.

Kokainin təsiri barədə Anrep və Freyd yazsalar da yerli anesteziyada onu göz həkimi Karl Koller işlədib. O, Freydlə bir mərtəbədə yaşayırdı və Freydin bu barədə söhbətlərindən baş-qulağı getmişdi. O, göz əməliyyatlarında kokainin ağrıkəsici kimi işlədərək sonra Vyana Həkimlər Cəmiyyətinə əməliyyatın nəticələri barədə məruzə verdi.

Kokain insanların həyatına daxil oldu. Onu nəinki əməliyyatlarda, məişətdə də işlədirdilər. Çünki o, apteklərdə satılır və bizim aspirini işlətdiyimiz qədər tez-tez alınırdı. Mağazalar kokainli şərab və qazlaşdırılılmış «Koka kola» satırdı. Adından göründüyü kimi bu içkinin 1903-cü ilə qədər tərkibində kokain vardı. Kokain bumu 1880-1890-cı illərdə çox insanların həyatını zəhərləyə bildi. 20-ci əsrin əvvəlindən kokain qadağan olundu və yalnız tibbi əməliyyatlarda işlədilməyə başlandı. Kokanin kəşfiylə məşhurlaşmır Karl Koller öz təpıntısından utanmağa başladı və bu faktı heç öz abtobioqrafiyasına da yazmadı. Onu ömrünnü sonuna kimi Koka Koller adlandırırdılar.
20-ci əsrdə anesteziologiyada kokaini nisbətən təhlükəsiz preparatlar: prokain, novakain, lidokain əvəz edəli. Bununla da anestezologiya effektiv olduğu qədər təhlükəsiz oldu.

Kokain kolu Boliviya və Perunun dövlət herbini bəzəyir

Nakotik tarixini izləsək çox qədim dövrlərə gedib çıxarıq. Arxeoloji qazıntılar deyir ki, Boliviya və Peruda kokain kolunu hələ 3000 il əvvəl yetişdirirdilər. Yerli camaat – inklər əsrlər boyu koka yarpaqları çeynəyiblər. Milli ənənəyə görə «chuspa» adlanan kisəcikdə hərənin gündəlik koka payı olurdu. Onun yanında birlikdə çeynənmək üçün bir çimdik sönməmiş əhəng olmalı idi. Bu onun ağız büzücü xassəsini öldürmək üçün idi. Boliviyada cirə və şəkər qamışından hazırlanmış, biyan kökü ilə qarışdırılaraq şirinə çalan konfetlər hazırlanırdı ki, koka yarpağının çeynənməsi mərasimini daha dadlı etsin. Kokain kolu Boliviya və Perunun dövlət herbini bəzəyir. Bu ölkələr üçün kokain çeynəmək sağ qalmaq kimi vacib məsələlərlə bir sırada dururdu. Koka bitkisində çoxlu insana lazımlı maddələr vardı. Bu kollar yeməyin əlçatmaz olduğu yerlərdə çılpaq qayalıqlarda, səhralıqlarda bitə bilirdi. Koka dağ rayonlarında təzyiqin aşağı düşməsindən yaranan başağrıları, yuxululuğu aradan qaldırırdı. Koka bu ölkələrin insanları üçün o qədər adi bitki idi ki, məsafəni kokada adlı ölçü vahidi ilə ölçürdülər. Bir kokada koka yarpağının ağza doldurub çeynəyə-çeynəyə gedilə biləcək məsafəni bildirir. Kokada həm də zaman vahidi kimi də sayılır. Yarpaqlar tamını, iyini itirənədək çeynənilən zaman bir kokada təşkil edir. Dini mərasimlərdə inklər kokanın tüstüsünü Günəşə təklif edirdilər ki, allahlar sakit olsun. Koka Peru, Boliviya, Ekvador, Kolumbiya, Arqentinanı şimalı və Çilidə dini mərasimlərin də ayrılmaz şissəsidir. Qadınlara koka işlətmək qadağandır. Yalnız oğlu evlənmək yaşına çatandan sonra qadına kokanın dadına baxmağa icazə verirlər. Bu ölkələrdə koka yarpaqlarından çay dəmləmək ceniş yayılıb. Koka çayı dükanlarda açıq şəkildə satılır. İnklərin izləriylə gedən turistlər koka çayı içib dağlıq yerlərdə hündürlük xəstəliyindən qurtulurlar. Las-Pas şəhərinə gələn rəsmi dövlət qonaqlarını da koka çayına qonaq edirlər. İngilis şahzadəsi Anna və rəhmətlik Roma Papası ikinci İohann Pavel Boliviyada bu çaya qonaq edilmişdi.
Keçən əsrin 90-cı illərində qədim Misir mumiyalarını tədqiq edərkən onların saçlarında və sümüklərində kokainin izləri aşkar edilmişdi. Onlar tütün çəkir, kokain və həşişi də tanıyırmışlar. Amma 2-3 metr hündürlükdə olan kokain kolları hələ kəşf edilməmiş Amerikada bitirdi. Misirlilər üçün bu tamam başqa, əlçatmaz bir dünya idi. Alimlər Nubiyada tapılmış mumiyaları tədqiq edərkən aşkar ediblər ki, 1400-3100 il əvvəl yaşamış bu insanlardan 80 faizi sağlığında kokain işlədirmiş. 3000 il əvvəl yaşamış çarın sarayını tədqiq edən alimlər orda nikotin, kokain və həşiş kimi bitki zəhərlərindən ibarət çələngin izlərini tapıblar. Elm burdan çıxan suallara hələ ki, cavab verə bilmir.

16 –cı əsrin əvvəllərində koka plantasiyaları ispan müstəmləkəçiləri tərəfindən zəbt edildi. Kokanı işlətməyə dair reseptləri Avropaya Ameriqo Vespuçi gətirib. 1539-cu ildə Yepiskop Kuzko vergini koka yarpaqları ilə kəsmişdi. İnklərin imperiyası dağılandan sonra Peruda koka istehsalı yığışdırılaraq qiymətdən düşür. İspanların gümüş çıxardan şaxtalarında məcburi işçilərə koka yarpağı verirdilər.
19-cu əsrin ikinci yarısından Yava, Madaqasqar, və Afrikada iri kokain plantasiyaları salındı. 1863-cü ildə Angelo Mariani Bordo şərabının reseptinə patent aldı. Vin Mriani adlı şərabın tərkibində bir unsiya (30 qrama yaxın) şərabda 6 mq kokain olmalıdır. 1878-ci ildə amerikalı həkim Bentli morfinizmlə mübarizədə kokaini əvəzedici kimi rəsmi təkliflə çıxış edir. 1883-cü ilddə alman həkimi Teodor Aşenbrant kokainn orduda əsgərlərin dözümünü artırmaq üçün işlətməyi təklif verir. 1886-cı ildə isə Con Pemterton Koka-kola adlı içkini yaradır. Onun tərkibi kokain şirəsi və kofeindən ibarətdir. Köhnə reklamlarda deyilir ki, bu içki «koka bitkisindən alınmış maddələrin şövqləndirmə tonikindən ibarətdi».

1662-cı ildə Abraham Kouley «Koka haqqında əfsanə» yazaraq onu ədəbiyyata gətirdi. Şekspirin yaşadığı yeri tədqiq edərkən burdu du kokainin zləri tapılıb. Kokainin ingilis karliçəsi Viktoriya da işlədirdi.
Kokain öz yerini musiqidə də,ədəbiyyatda da tutmuşdu. O, Şerlok Holmsa gumrahlıq verirdi ki, deduktiv üsulunu yaxşı tətbiq etsin. Stivenson vərəmdən kokain vasitəsilə müalicə alanda doktor Cekele və mister Hayde haqqında hekayəsini yazır. Kokainə ən yaxşı tövsiyyələri Tomas Edison, Gül Vern, Emil Zolya, Henrix İbsen verib. Bulqakov hələ həkim ikən difteriyalı uşağın boğazından boru ilə bəlğəmi sovurarkən bir qırığı da öz ağzına düşmüşdü. Sonra xəstəliyin ağrılarını aradan qaldırmaq üçün o, narkotik işlədir və 8 il bu asılılıqdan qurtula bilmir. Onun fantastik qəhrəmanlarının, uçan əcinnələrin, İblisin özünün obrazının belə real təsvirini verməkdə yəqin ki, narkotikə minnətdar olmalıdır. Fransız müğənnisi Edit Piaf də sevimli insanının avtomobil qəzasında itirndən sonra qəlbinin, eləcə də vücudunun ağrılarının narkotiklə götürə bilirdi. Ağ ciyərin xərçəngindən qan boğazacan çıxanda o, içindəki vulkanı narkotiklə yatırıb səhnəyə çıxırdı.
Kokain Avropanı əlinə alndan sonra müğənnilər, aktyorlar tezliklə hiss elədi ki, kokaindən sonra səs telləri yaxşı durumda olur. İdmançılar kokanı işlədərək yorğunluğı aradan qaldırdılar. Qocalar isə cavanlığın dadına bir də baxa bildilər. Belə reklama ilə kokain populyar olmaya bilməzdi. Amma nəticələr də göz qabağında idi. Dozadan artıq işlənmələrdən ölənlər, kokain psixozları, asılılıq əmələ gələndə artıq hamı kokainin əsil simasını gördü. 1914-cü ildən etibarən kokain, eləcə də xloroqidrat, ilk sintetik analqetik heroin da qanunsuz elan edildi.

1930-60-cı illirdə kokain ictimaiyyətin diqqətini cəlb etmirdi. 70-ci illərdən şou biznes sahəsində az miqdarda kokain iyləmək dəbdə idi. Bu da çox nadir hallarda dozanı aşmağa gətirirdi deyən bəziləri kokaini leqallaşdırmağa çağırırdı. Bu səhv təsəvvürlərin nəticəsində kokain müxtəlif sosial qrupların daxilinə giri bildi. Kokainin dünya ağalığı 1980-ci ildən başlayır. 1981-ci ildə bir kq kokain 55 min dollar idisə, 1984-cü ildə artıq 25 minə enmişdi.

Britaniya elmi jurnallı «Physorg»un apardığı sorğulara inansaq alimlərin 20 faizi etiraf edir ki, beyin fəaliyyətinin stimullaşdırmaq üçün narkotik maddələrdən istifadə edirlər. Bu diqqəti lazımi istiqamətə yönəltməyə kömək edir. Onlardan 60 faizi narkotiki həftəlik, ya da gündəlik işlətdiklərini etiraf ediblər. Yazıyla əlaqədar «Google»-nin pəncərəsində «anesteziologiya, narkotiklər» yazıb axtarış verəndə saysız məqalələrin içində anestiziya kimi təsir edən audio narkotiklərin satışı ortaya çıxır. Guya ki, təklif edilən musiqilər diş ağrısı, baş ağrısı kimi adi ağrıları arada qaldırmaqla yanaşı dəlilik dərəcəsində ləzzət, hətta orqazm da yarada bilir. Bəşəriyyət deyəsən yenə də azıb güclə çıxdığı dalana bir daha girmək fikrindədi. İnsanlarsa ləzzəti zəhmətlə yox, narkotik vasitəsilə almağa üstünlük verməyində davam edir.

Yuxariya doğru