Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Sevgisiz ölürlər…

Sevgi divanəlikdi, amma məhz o,
həyatımıza məna verir.
A. Marua

Sabah müqəddəs Valentin günüdür. Bu günə çox vaxt sevgililər günü deyilir. Azərbaycanda bu günü qeyd eləməyi sevmirlər, çünki gəlmə bayram sayılır və cibə ziyandır. Amma nəzərə alaq ki, qriqorian təqvimi ilə yaşayan bizlər başqa xristian bayramlarını qeyd eləmirik, nə müqəddəs Tereza, nə də Müqəddəs Məryəmin doğulduğu günü təqvimimizdə nişanlamırıq ki, yaddan çıxmasın. Deməli sevgililər gününün təqvimimizdə olmasına bir növ ehtiyacımız var. Ona görə də bayramın hansı mədəni qatdan süzülüb bu günümüzə çatmasının bir o qədər də önəmi yoxdur.
Bir az üzügülər, bir az qılıqlı, bir az da işıqlı…
Rus dilində bu bayram sevgililər günü yox, həm də vurulmuşlar günü kimi də səslənir. Yəni sevgi qığılcımı ürəklərə lap təzəcə düşüb, hələ qartıyıb, qalınlaşıb, yoğunlaşmayıb. İnsanın belə «qanadlı» ruhi durumunda sevgisini izhar etməkçün ona nə xüsusi günlər, nə də bayramlar lazım deyil. Bəyəm Romeo Gulyettanın pəncərəsi qarşısında sevgidən boğulanda təqvimdə 14 fevral vərəqini cırıb sonra gəlmişdi? Gəlin sevənləri hələlik bir qırağa qoyaq. Bir qədər tənha adamlara heç olmasa bir abzas yer ayıraq. Bütün dünya ürəkciklər, öpücüklər və sevgi etirafları ilə lərzəyə cələn vaxt yəqin tənha insanlar özünü bir az da tənha hiss edər. Hamının sevgililər gününü təntənəli şəkildə qeyd etməsi yəqin ki, kiməsə onun çox tənha olduğunu bir daha xatırlada bilər. Heç kim sənə şokolad konfeti bağışlamayacaq, cibinə gizlincə «valentinka» qoymayacaq, ürək şəkilli açıqca yazıb sürpriz etməyəcək. Bu çox kədərli hadisədir və əslində belə olmamalıdır! Bəlkə də çoxları bu günü həmin səbəbdən xoşlamır. Axı çox vaxt pasportunda evlilik qrafasında möhür olanların da əksəriyyəti tənha adamlar seriyasına aiddir. Onlar bəzən sevgilisi olmayan insanlardan daha artıq tənha olurlar.
Bizim sevgidən danışacaq günə ehtiyacımız var. Danışmaq olmazsa heç olmasa kiçicik eyham, balaca sürpriz, mənasız, amma çox gözlənilən bir cümləni deməyə, sadə amma əhəmiyyətli bir jesti etməyə çox böyük ehtiyacımız var. Bu günün adını Valentin günü, yoxsa lap Fatmanisə günü də qoymaq olar. Qərbdə həmin gün təkcə sevgililər yox, bir-birinə qarşı yaxşı münasibət bəsləyən insanlar da bayrama qoşulur. Uşaqlar sevimli müəllimlərinə ürəkciklər hazırlayır, nənələr, babalar sevimli nəvələrindən məktublar alır, qonşular bir-birinə ürək şəkilli piroq, ya da pay-puş göndərir. Təqvimində belə günü qeyd edən xalq yəqin ki, bir az üzügülər, bir az qılıqlı, bir az da işıqlı olmalıdır. Əslində bu gündə sevənlərin yox, sevgiyə ehtiyacı olanların hədiyyə alması lazımdı. Qoy bilsinlər ki, kimsə onları sevir, qoy bir balaca gülümsəyib qırışığını açsınlar, qoy onlar da sevgiyə yoluxub sevdiklərini xatırlasınlar. Bəlkə evliliklərinin 15-ci ilini yaşayan cütlüyün sevgidən danışmağı daha lazımlıdır, nəinki ağzında süd iyi gələn qız və oğlanın?
Siz özünüzə tənha deyirsizsə, bəlkə bu günü sevdiyiniz insanlara bəxş edəsiniz? Ata-ananın, qohumların, tələbə yoldaşlarının, dostların da sevgi etiraflarını dinləməyə, ya da sevgini vurğulayan kiçik ürəkciklər almağı ehtiyacı var? Gül almaq, tort bişirmək, valentinka düzəltmək çətin iş deyil ki? Əslində, bu yazı özü sevənlər üçün yox, sevgidə ehtiyacı olanlar üçün yazıldı. Görürsüz, bir abzas demişdim, amma bir səhifə ithaf elədim…
«Sənin Valentinin…»
Deyirlər ki, müqəddəs Valentin günü artıq 16 əsrdir ki, qeyd edilir. Amma sevgi bayramları lap qədimdən, bütpərəstlik dövründən bəri qeyd olunur. Məsələn, romalılar fevralın ortalarında Lupercalia adlanan erotizm bayramı qeyd edirdilər. Bu bayram «Juno Februata» ilahəsinin şəhəfinə düzənlənirdi. Bizim bayramın isə konkret səbəbkarı var – xristian müqəddəslərindən biri Valentin. Bu hadisə hardasa 268-cu ildə baş vermişdi. O vaxtlar Roma İmperiyasının başında 2-ci Klavdiy dayanırdı. Daim müharibələrdə olan Roma ordusunda əsgərlər çatışmırdı. Ona görə də hərbçilər düşünürdü ki, yürüşlərin vüsətini artırmaqda onlara mane olan səbəb legionçuların evlənməsi idi. Evlənəndən sonra əsgər imperayanın məqsədlərini yox, öz ailəsini necə dolandırmaq barədə düşünəcəkdi. Ona görə də əsgərlərin döyüş ruhunu sındırmamaqçün imperator legionçuların evlənməsini qadağan edən fərman imzaladı. Amma bu fərmandan sonra da əsgərlər vurulmaqda davam edir və demək olmazdı ki, təbii instinkləri fərmanla tənzimləmək mümkün olmuşdu. Bir də ki, fərman vurulmağı qadağan etmirdi. Xoşbəxtlikdən elə bir adam tapıldı ki, imperatorun fərmanına zidd çıxaraq sevgililəri gizlincə evləndirməyə qorxmadı. O, Tyorn şəhərindən olan Valentin adlı keşiş idi. Ola bilər ki, təbiətcə çox romantik olduğundan boş vaxtlarında küsənləri barışdırır, sevgi məktubları yazmağa kömək edir, legionçuların xahişi ilə sevgililərinə gül bağışlayırdı. Məlum məsələdi, imperator bundan xəbər tutanda keşiş Valentinin «cinayətlərinin» qarşısı alınmalı idi. Keşiş Valentini edam etmək qərarı verilir. Dəhşətlisi odur ki, Valentin özü türmə sahibinin qızına vurulmuşdu. Edamdan bir gün əvvəl o, həmin bu qıza məktub yazır və sevgisini danışır. Məktub «Sənin Valentinin» imzası ilə bitirdi. Bu məktubu edamdan sonra oxuyurlar…
Nəticədə xristian inamına görə zülmə qatılmış keşiş 496-cı ildə Roma Papası Gelasius tərəfindən kanonlaşdırıldı və müqəddəsdər sırasına yazıldı. Bundan sonra fevralın 14-ü müqəddəs Valentin günü sayılır. Amma demək olmazdı ki, bu günü qeyd eləməyə kilsə də sevirdi. 1969-cu ildə isə müqəddəs Valentin bir çox müqəddəslərlə birgə katolik kilsənin təqvimində çıxarıldı. Amma valentinkalar adlanan sevgi məktubları yazmaq adəti qaldı.
Əla biznes!
Qərbi Avropa müqəddəs Valentin gününü 13-cü əsrdən, ABŞ isə 1777-ci ildən bəri qeyd edir. Bu günü hədiyyə vermək adəti il-ildən artır və bəziləri üçün gəlirli biznesə çevrilib. Məsələn, keçən əsrdə amerikalılar arasında sevgililərinə marsipan göndərmək dəbə minmişdi. Marsipan badam və şəkərdən hazırlanmış bahalı şirniyyat növüdür. Bununla da marsipan biznesinin çiçəklənməsinə səbəb olmuşdu. Yaponiyada bu günü şirni hədiyyə vermək dəbini şokolad biznesiylə məşğul olan iri firma ortaya atıb. 30-cu illərin ortalarında fevralın 14-ü həmən firma öz işçilərinə şokolad hədiyyə etməklə bunu dəbə mindirdi. İndi fevralın 14-ü Yaprniyada qadınlar kişilərin martın 8-i keçirdiyi hissləri yaşayır. Çünki bu gün kişilər daha çox hədiyyə alır. Ehtiraslı fransızlar bu gündə qiymətli daş-qaş bağışlamağa üstünlük verir. Daniyada isə bir-birinə qurudulmuş ağ güllər hədiyyə etməklə sevgilərini çatdırırlar. İngiltərədə fevralın 14-də ərə getməmiş qızlar gün doğmamışdan ayağa qalxır və pəncərənin yanında dayanırlar ki, gedib-gələn kişilərə baxsın. İnama görə ilk dəfə başını qaldırıb pəncərədə bu qızı görən kişi onun adaxlısı olacaq. Səudiyyə Ərəbistanında isə bu bayram rəsmi şəkildə qadağan olunub və qaydanı pozan böyük məbləğdə cərimələnə bilər. Başqa xalqların sevgiylə bağlı bayramları var. Məsələn, Rusiyada Pyotr və Fevroniyanın əfsanəvi sevgi günü qışda yox, yazın əvəlində qeyd olunur. Bizim də öz sevgi günümüz var. Azərbaycanda 20 yanvar faciəsində həlak olmuş İlham və Fərizənin evləndikləri gün - 30 iyun sevgililər günü kimi elan edilib.
364 gün sevgi, bir gün isə nifrət günü olar!
Müqəddəs Valentin günündə romantik görüş, hədiyyələr və sair incəlikləri heç də hamı sevmir. «Reuters» və «Ipsos»ın birgə apardığı sorğudan məlum olur ki, dünyanın beşdə bir hissəsi bu günü sevimli ev heyvanı ilə birlikdə keçirməyi daha üstün sayır. Sorğuda 23 ölkədən 24 min adam iştirak edib. Onların 21 faizi evində oturub sevimli itini, ya da pişiyini sığallamağı planlaşdırır. Amma Fransa yenə də ən romantik ölkə kimi bu sıradan fərqlənir. Fransızların cəmi 10 faizi ev heyvanını sevgilisindən üstün sayır. Valentin gününü ən çox sevən ölkə isə nə qədər qəribə olsa da Türkiyədir, 49 faiz bu bayramı qeyd edəcəyini vurğulayıb. Rəqəmlər onu da deyir ki, bayrama mənfi münasibət bəsləyənlərin ya yaşı keçir, ya da maddi durumu o qədər də yaxşı deyil. Tələbələr və imkansızlar bu bayramın gəlişinə sevinmirlər.
Bəziləri deyir ki, bu bayramın romantikliyini sevmir: «Ümummiyyətlə insanın hər günü romantika ilə zəngin olmalıdı. Amma məhz müqəddəs Valentin günündə hər kəs ürəyindəki sözləri deməyə özünə icazə verməlidi. Zəhlən getdiyi adamların gözünün içinə həqiqəti demək böyük ləzzətdir. Onda 364 gün sevgi, bir gün isə nifrət günü olar!
«Müqəddəs Valentin günü» filminə həsr edilmiş mətbuat konfransında məşhur aktrisa Culiya Robert isə bütün qadınlara bu gündə təşəbbüsü əllərinə almağı məsləhət görüb. O, hesab edir ki, əgər bu günü yaxşı keçirmək istəyirsizsə başqa əlac qalmır. Ona görə nahar, tərtibat və hədiyyə məsələlərini öz əlinizə alın. Ancelina Coli isə 14 fevralda bütün qadınların tüklü oyuncaq, konfet və sair hədiyyələri həvəslə gözlədiyi zaman bu bayramdan zəhləsi getdiyini deyir və həyat yoldaşına hədiyyə verməyi qadağan edib. Həmən gün axşam evə gələndən sonra «Yemək hazırdırmı?», «Uşaqlar nə edir?», «Niyə filan işi görməmisən?» kimi suallar verməklə Bred Pitin hədiyyə vermək istəyinin lap axırına çıxır və onu romantik olmağa qoymur.
Hər şey öpüşdən başlayır
Evlənənlər üçün müqəddəs Valentin günü uğurlu sayılır deyən adətən şadlıq saraylarında bu gün əvəlcədən tutulur. Bayram günü Bakıda H. Əliyev adına sarayda «Qış gecəsi» adlı «ulduz yağışı» olacaq. Moskvanın Darvin muzeyi isə Valentin günü ərəfəsində maraqlı sərgi açıb. «Hər şey öpüşdən başlayır» adlı sərgidə öpüşlə bağlı maraqlı eksponatlar nümayiş edilir. Öpüşənlərin rəsmi olan açıqcalar, fotolar, jurnal kəsikləri və s. ekponatlarla yanaşı zalın ortasında omela ağacı yerləşdirilib. Sərgiyə baxmaq da olar, hətta bu günü muzeydə öpüşmək də qadağan deyil. Həmin bu omela ağacı altında öpüşənləri inama görə tezliklə evlilik gözləyir. Sevgililər günündə hər cütlük bu ağacdan öz valentinkasını asa bilər. Maraqlısı odur ki, təzə evlənənlər üçün sərgiyə giriş pulsuzdur. Sərgiyə sevgilisiylə gələnlər cəmi bir biletin pulunu verəcək. Yəqin insanlar bir-birinə sığınanda muzeydə az yer tuturlar.
Bayram ərəfəsində təşkil edilmiş sorğular yenə də qadınların 87 faizinin, kişilərin 62 faizinin sevgiyə inandığını bir daha aşkar elədi. Ciddi dərgi kimi tanınan «The Globe & Mail» adlı Kanada jurnalı bayram ərəfəsində avtomobildə sekslə məşğul olmaq istəyənlər üçün bir növ vəsait dərc edib . Burada cismani sevgi üçün daha rahat sayılan avtomobillərin siyahısı verilib (Volvo V70, 2009 ; BMW 3-cü seriya; Bentley Azure, 2010; Range Rover, 2007; Land Rover Range Rover, 2010). Burda qeyd olunub ki, həmən gün sevişməyə heç nə mane olmamalıdı. Axı bəzi dövlətlərin qanunu, məsələn, Kanadada, İsraildə ictimai yerdə sevişməyi qadağan edir. Amma maşın hərəkətə mane olmazsa və sizin hərəkətlər kimsənin həyatına maneə deyilsə maşının salonu ənənəvi yataq otağını əvəz edə bilər.
Xoşbəxt olsunlarmı?
Çox guman ki, hər il olduğu kimi sevgililər günündə çoxlu qadınlar məyus olacaq. Çünki müasir kişilər öz yarılarının romantik ümidlərinə uyğun olmaq istəmirlər. Sorğulardan məlum olur ki, bu günü qadınların 75 faizi romantik məktub, ya da şeir almaq istərdi. Kişilərin cəmi 6 faizi etiraf edir ki, keçən il belə hədiyyəni sevgilisindən əsirgəməyib (fərqi özünüz hesablayın). Ola bilər biz çoxdandır ki, parıldadılmış döyüş sürsatında olan cəngavərlər və pəncərədə oturub sevgilisini gözləyən xanımlar deyilik. Amma hamımızın romantikaya ehtiyacımız var. Bu bizim emosional DNT-mizin bir hissəsidir. Ola bilər bayram günü mənzilinizdə divar kağızlarını yapışdırmalı olacaqsız və sonralar bunu ləzzətlə xatırlayacaqsız. Bəlkə dünyanın bir hissəsi şaxtadan donarkən isti vannada yayılmaq da pis olmaz. Yaxşısı budur ki, toy paltarlarınızı bir də əyninizə çəkib (əgər alınsa) açıq üstü olan limuzində şəhəri gəzəsiniz. Qoy sizə baxıb «xoşbəxt olsunlar»ı bir də desinlər…

***
Məncə yazını başqasının sözləriylə bitirmək yaxşı sayılmaz, amma lap yerinə düşən fikirdi: «Sevgi hələ hər şey demək deyil, çörək deyil, su deyil, leysan zamanı başın üstə səni qoruyacaq tavan deyil. Dənizdə batanda ümid və quvvə verən şalban deyil ki, ondan tutub xilas olasan. Sevgi boğulanda ciyərlərdə çatışmayan havanı də əvəz eləmir. Nə sınan sümükləri birləşdirir, nə qanı təmizləyir. Amma sevgisiz ölürlər…» (Edna Sent-Vinsent Milley)

Yuxariya doğru