Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Azadlığı qoruma instinkti

Yaxud evlənməmək üçün yetərli bəhanələr
Günlərin bir günü ətrafıma baxıb gördüm ki, rəfiqələrimin əksəriyyti ərə getməyib. Nəinki rəfiqələrimin, hətta dostlarımın da əksəriyyti subaydır. İçəridə özümə bir irad tutdum: Yəqin subay insanlara həsəb aparmağım məni ətrafıma evlilik buxovlarından azad insanları yığmağa təhrik edir. Evli adamların əksəryyti bu məsələyə tamam başqa bucaq altından baxır və həmişə «Subaylıq sultanlıqdır» deyib köksünü ötürür. Amma bəzən evlənmək, ərə getmək istəyən adam bütün bu arzularına baxmayaraq tərəddüd keçirir, evlilik reallaşmağa yaxınlaşanda isə ciddi müqavimət göstərir. Evli, ya subay olmasından asılı olmayaraq hər kəsin içində öz azadlığını qorumaq kimi bir instink yaşayır. Ona görə də subay qadınlar arasında aparılan kiçicik sorğu çoxlarına maraqlı ola bilər.
Gimeney buxovu
Danışdırsan qızların çoxu həmən dəqiqə utanıb qızarmadan «Ərə getmək istəyirəm» deyir. Amma real bir namizədi təqdim edən kimi sözün altından çıxır və onda nəsə bir qüsur tapırlar ki, əldə bayraq edib ərə getməsinlər. Əlbəttə, heç kim kamil deyil, hamının maşını, topdağıtmaz evi, super görkəmi olmur. Axtarsan Alen Delonda da qüsur tapmağa nə var? Məncə bütün bunlar ərə getməmək üçün bəhanədir. Qızlar da özünü Gimeney buxovlarıyla kilidləyib subayçılıqdan əl çəkmək istəmirlər. Adətən paytaxtda yaşayan qadınların bu mövzuda maraqlı baxışları olur.
Öz əlim, öz başım
«Niyə ərdə deyiləm? Çünki vaxtımı özümə sərf etmək istəyirəm. Nə edəcəyimi özüm bölüşdürmək istəyirəm. Subay olanda kimsə başımın üstündə durub nə edəcəyimi, hara gedəcəyimi diqtə eləmir. İşdən sonra dostlarımla kafeyə gedə bilərəm. Onda heç kim baş-qulağımı aparmaz ki, necə də arsız, məsuliyyətsiz adamam. Ev-eşik, uşaqları, hirsli ərimi qoyub əylənməyə getmişəm. Axı mən işdən sonra evə qaçıb it kimi hisrli və ac gəlmiş ərimi yedizdirməliyəm ki, deyinməsin. Hətta kafeyə gedəsi olsam hər 2 dəqiqədən bir təxminən «Bağışla əzizim, tez gələcəm. Dostlarımlayam, inan mənə» məntdə SMS yazıb özümü alçaltmalı olacam. Mən isə təbiətcə azad quşam. Hara istəsəm ora da uçmaq istəyirəm. Çox hayıf ki, pasportda möhür olmayan qadının uşaq doğmağını qəbul etmirlər. Əslində məni ictimai qınaq yox, uşağın özünü yaşıdlarından əskik hiss edəcəyi narahat edir. Ona görə də yalnız uşağın xətrinə ərə getmək olar». (Ş. 32 yaş)
Məşuqə olmaq daha yaxşıdı
«Qulluqçu, qabyuyan və aşbaz olmaq istəmirəm. Bilmirəm niyə bütün kişilər fikirləşir ki, ərə gedəndən sonra qadın hər şeyi çatdırmalı, bacarmalıdır. Elə bil ərə gedən gün adama sehirli çubuq dəyir? Evdə də, işdə də, yataqda da hər şeyi yerli-yerində etməli, uşaqlara göy qoymalı, hətta bazarlığa da imkan tapmalıdır. Bəyəm onlar özləri hər şeyi yüksək səviyyədə edirlər? Kişilər özlərinə qarşı belə tələbkar deyillər. Elə bil biz robotuq. Belə həyat tərzindən qadın vaxtından qabaq qocalarsa onlar təzəsini bir göz qırpımında tapırlar. İllər uzunu ərindən diqqətə tamarzı qalmış qadının elə bil acığına məşuqəsini hədiyyələrə, güllərə, diqqətə qərq edirlər. Arvadının həsrətində olduğu komplimenti məşuqəsinə yağış kimi yağdırırlar. Belə ailələri görəndə ərə getmək istəmirəm. Bəlkə elə məşuqə olmaq daha yaxşıdı? Onda səni əlləri üstündə gəzdirərlər, qiymətini bilərlər». (D. 29 yaş)
Həyatdan doymamışam axı
«İstəmirəm, vəssalam. Hələ həyatdan doymamışam. Kişilərin diqqətinə biganə deyiləm. Həmişə diqqət nəzərdə olmağı sevirəm. Hətta deyərdim ki, bu diqqət nə qədər çox olsa o qədər yaxşıdı. Amma onların hansısa birini daim yanımda görəcəyimi düşünəndə ərə getmək istəmirəm. Həm də ki, o zaman diqqətdən düşəcəyəm, ya da düşməli olacam. Çünki ərli qadın başqa kişilərlə dirqət edərsə bu kənardan çox pis görünür. Onun ünvanına nalayiq sözlər deyə bilərlər. Amma subay olanda uzaqbaşı deyəcəklər ki, «Ərə getmək istəyir, onunçün oğlanların başına dolanmasına imkan yaradır ki, seçə bilsin». Bəlkə də ürəkləndim, bir 5 ildən sonra baxarıq…» (A. 25 yaş)
Tək olmaq yaxşıdı
«Başım daşdan daşa dəyib, yəqin ona görə də ərə getmirəm. Başına gələn başmaqçı olar deyiblər. Yaxşı olsaydı elə birinci dəfə ərdə qalardım. Mən bir daha bunu yaşamaq istəmirəm. Tək olmaq bundan yaxşıdır». (Q. 30 yaş)
Qorxuram…
«Düzün desəm qorxuram. Azadlığı itirməkdən qorxuram. Bir də qorxuram ki, məndə də valideynlərimdəki kimi, ya da bacımın ailəsindəki kimi olar. Mən elə yaşamaq istəmirəm. Hamı özünü elə aparır ki, guya heç nəyi dəyişmək mümkün deyil və qismətinə hamı baş əyməlidir. Ailədə gözəl münasibətləri yalnız filmlərdə görmüşəm. Orda insanlar bir-birini anlayır, problemi olanda oturub müzakirə edərək birlikdə həll edirlər.Ona görə də ailə və nikah barədə hələ ki, ciddi fikirləşə bilmirəm. Bəlkə qarşıma elə adam çıxacaq ki, onu sevəcəm və içimdəki qorxunu onun köməkliyilə aradan götürəcəm» (Ü. 22 yaş).
Kişilər xudbindir
«Ərə geiməkdən hələ ki, söhbət gedə bilməz. Siz nə danışırsız, o mənə öz həyatımı yaşamağa, öz maraqlarmı, fikirlərimi reallaşdırmağa imkan verəcək? Kişilər çox xudbin olur. Mən indi idmanla məşğul oluram, bu mənə gözəl görünməyə imkan verir. Bir neçə aydır ki, rəqsə də gedirəm. Orda çox maraqlıdır, yeni adamlarla tanış olmuşam. Emosiyalarımı artıq içimdə basdırmıram, rəqslə ifadə edirəm. Bu rahatlıq gətirir. İngilis dilini öyrənirəm. Həftədə 3 dəfə dərslərə gedirəm. Dillərə marağım böyükdür, sonra fransız, ola bilər ispan dili ilə də məşğul oldum. Odur ki, irəlidəki 3 ilim günbəgün yazılıb və tamamilə doludur. Orda ərə getmək qrafası yoxdur. Axı o, gəlib mənim bütün dünyamı alt-üst edəcək». (M. 24 yaş).
Kişi yalnız fiziki sağlamlıq üçün lazımdı
«Bir dəfə ərdə oldum, bəs elədi. Ərim divanda uzananda mən 2 yerdə işdəyirdim. Özümü at, bəzən də yük daşıyan eşşək kimi hiss edirdim. İndi də mən tək deyiləm. Görüşdüyüm kişi mənə fiziki sağlamlıq üçün lazımdı. İndi mən özümü xoşbəxt adam adlandıra bilərəm. Niyə də olmasın? Öz pulumu özümə xərcləyirəm. Ola bilər ki, deyəsiz, nə yaşın var belə böyük-böyük danışırsan? Düzdü, mən həyatı hələ dadmamışam, təkcə iynəmişəm. Amma bununla belə özümü həyat bilicisi, mütəxəssisi sayıram. Ona görə də bir daha imkan vermərəm ki, kimsə mənə əmr eləsin, məsələn belə bir irad tutsun: «Əzizim, sən bilirsən ki, bizim imkanımız məhduddur. Özünçün ayaqqabı alanda niyə məsləhətləşmədin?». Bu hələ yaxşıdı, elə kişi var ki, qadının maaşını alıb öz bildiyi kimi xərcləyir. Bəyəm əhd eləmişəm ki, ömrümü layiq olmayan adamın birinə həsr edəcəm?». (G. 36 yaş)
Toysuz və gəlikliksiz…
«Ərə gedərəm, amma qohumlarımızın hamısına demişəm: nə toyumuz olacaq, nə də gəlinlik paltarı geyəcəm. Razı olmasa qoy özü bilsin, «məni al» deyib yalvarmamışam ki. Adımı, bakirəliyimi onunçün qorumuşam, bəsidi. Evi, məni saxlayacaq qədər imkanı olmasa heç ərə getməyi düşünmərəm. Anama demişəm, 1 otaqlı evim olsa, yanımda kimsənin ərə getməkdən danışmasına da dözməyəcəm. Özümə ev almaq qüdrətində deyiləm. Gedən kimi uşaq doğmayacam, görüm necə adamdı, uyğun gəlirikmi? Sonra uşağa tək baxmağa məndə imkan hardandı?» (F. 32 yaş)
Dərman əvəzi kişi
«Bu yaşacan oturmuşam, indi kimə gəldi gedə bilmərəm. Sağlamlığıma ciddi zərər vurmuşam və bilirəm ki, problemlərimin əksəriyyəti vaxtında ərə getməməkdədir. Amma bu yaşda ərə getməyə də utanıram. Yaşıdlarımın uşaqları artıq evlənir. Deyəcəklər filankəs xala indi ərə gedir və pıqqıldayıb güləcəklər. Qohumlarımız məsləhət bilir ki, kişini dərman kimi, daha doğrusu dərman əvəzi qəbul edim. Amma mənə hər axşam dərmanımı atıb yatmaq kişiylə yatmaqdan daha rahatdı. Öz əlim, öz başım. Başıma kimsənin çığıracağını, ora qapaz vuracağını təsəvvür etmirəm». (Q. 40 yaş)
Fərsiz ərdənsə tək olmaq yaxşıdı
«Mən öz həyatımı qurmuşam. Evim də, maşınım da, işim də var. Elənmək istəyənlər də az deyil. Amma hər dəfə növbti namizəd çıxanda onda elə bir şey axtarıram ki, məni həyatımı dəyişməyə məcbur edə bilsin. Söhbət təkcə tələbkarlıqdan getmir ki, evi və maşını mütləq olsun. Amma mən qız uşağı bunu müstəqil əldə edə bilmişəmsə niyə o, kişi xeylağı bu yaşacan özünə gün ağlamayıb? Deməli bacarqsızdı, ya da sabahısı gününü düşünə bilmir. Mən həyatını havaya sovuran birisinə ərə gedə bilmərəm. O, mütləq məndən bir çömçə artıq olmalıdır ki, hörmət edim ona» (E. 34 yaş)
Məni də düşün
«Oturub gözümü dikmişəm ona. Görüm nə vaxt evlənmək təklifi verəcək. O, deyəsən bu barədə düşünmür. Onu sevməsəydim rahat olandı, kimsəni seçib gedərdim. Amma gözüm ondadır və gözləyirəm. Onun ağlına da gəlmir ki, mənim yaşım keçir. Bir azdan uşaq doğmaq artıq gec olacaq. Sağlamlıq və cavanlıq geri qayıdan şey deyil. Ağlıma gətirmirəm ki, ona nəsə bir eyham vurum, «məni də düşün» deyib xatırlatma verim. Münasibətlərimizi gizləməkdən bezmişəm…» (S. 41 yaş)
İkinci arvad olmağı arzulaıram
«Seçdiyim kişi xaricidir, daha doğrusu ərəbdir. Bir neçə ildir ki, birlikdəyik, amma ona ərə gedə bilmirəm. Onun ölkəsinin qanunlarına görə kişi ilk arvadını xarici millətdən ala bilməz. O, əvvəl ərəb qadınına evlənməlidir. Yalnız bundan sonra məni ikinci arvadı edə bilər. Gözləyirəm…» (M. 39 yaş)
***
Yuxarıda sadalanan fikirlər fərqlidir deyən yazıda yer aldı. Qadını ərə getməyə məcbur edən səbəbləri sadalasaq getmək istəməyənləri anlamaq daha rahat olar. Ərə getməyə vadar edən səbəblər arasında hamıya bəlli olanlarla yanaşı elə məqamlar var ki, bu barədə ucadan danışmırlar. Qadınlar həmişə ərə gedib və yəqin həmişə də gedəcək. Dünya kataklizmlərdən titrəyəndə də belə idi, müharibələrdən, qırğınlardan lərzəyə gələndə də. Deyəsən yerin altı üstünə çevriləndə də belə olacaq. İnsan iki daşın arasında sevişməyə, ərə getməyə, uşaq barədə düşünməyə imkan tapır. Evliliyə sövq eləyən ilk səbəb, əlbəttə ki, sevgidir. Sevənlər bərabər olmalıdır, bu da bir qanundur. İkinci səbəb isə sadəcə tək olmamaq üçün, ürəyinə yatan birisinin nəfəsini yanında duymaq üçün. Cavanlqda «Üstümü basdır», qocalıqda «Gəl məni dikəlt» deməyə adam olmalıd, ya yox? Bunu sadəlövhlük də adlandırırlar, amma evlənənlərin əksəriyyəti bu səbəbdən evlənir. Üçüncü məqam, valideynlərin sözünün qarşısına söz qoymamaqdır. Ata, ana daha yaxşı bilər, uşağına nə lazımdı. Bir qism adam var-dövlət xətrinə evlənir. Zəngin olmaq, istədiyin kimi yaşamaq, arzularını reallaşdırmaq üçün kompromis variant seçirlər. Bəzən lapdan hamiləlik olarsa tələsik evlənirlər. Belə olanda hətta ən qəddar valideynlər də səsini çıxarmır. Bəziləri ata evini tezliklə tərk etməkdən ötəri kimə gəldi getməyə razılaşırlır. Kiməsə şəhərdə qeydiyyat, kiməsə ev lazım olur. Bəziləri isə «Belə lazımdı» deyib gözlərini yumur və təsəvvür edir ki, sanki şəlaləyə tullanır. Orda sərin su, qanqaynadan duyğular və eləcə də başının dəyəcəyi sərt qayalar da var. Amma sonuncu səbəb, sadaladıqlarımızdan ən qəddarıdır. Bu kütlənin təkidi, təzyiqi altında ərə getməkdir. «Niyə təksən?», «Niyə getmirsən?», «Bəyəm alan yoxdur?» sualının illər uzunu cavablandırmamaqdan ötrü ərə gedənlər var. Amma bu evlilik tənhalıqdan xilas etmir…

Yuxariya doğru