Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Qudurmuşlar

Heysiyyatsız və şərərfsiz səhiyyəmizə ithaf edilir
Hadisədən bir az əvvəl
Bakıxanov qəsəbəsinin «Milyonerlər məhəlləsi»nin özü qədər qudurmuş sahibindən qaçmış doberman küçələrdə kef eləyir. Ola bilər sahibinin pul saymaqdan başı ayılmır ki, itinə yiyə dursun. İt ora-bura qaçır, qapqara dərisi parlaq sübh günəşinin şüaları altında bərq vurur. Dobermanlar əla ov itləridir, sahibindən başqa kimsəni tanımaz. Qovmaq, yerə sərmək, dişləmək onunçün hələ ki, oyun oyuncaqdı. Çünki istəsə bir diştəmə adamın qolunu sümüyəcən xıncım-xıncım edər. Bu gün o məktəb həyətinin iri futbol meydançasını gözaltı edib. Xalxın budundan, ya da yumşaq yerindən dişdəm götürüb əylənmək fikrindədi. Amma tərs kimi içəri zəng çalınıb və həyətdə gəmirməyə adam yoxdu.
Hadisə özü
Səhər tezdən bağçaya yollanan ana və uşaq dobermanın şikarıdır. Doberman 20-30 metrlik məsafəni 3- 4 addıma qət edib birinci qadına hücum çəkir. Bir diştəmə sürüyüb yerə yıxır və dalbadal dişləməyə üz verir. Paltarları didik-didik olmuş qadın yerdə itlə süpürləşərək müqavimət göstərir. Yaxşı ki, it şikarının üz-gözünü dağıtmağı düşünmür, yoxsa salamat yer qoymazdı. Qadının çığırtısı bom-boş həyətdə əks səda verir. Hər şey itin istədiyi kimi deyil, çünki arabir ağzına təpik də dəyir. Çığıran və əl-qol atan qadın itin ürəyini vuran kimi onu yerdə uzanmaqda qoyub 10 metr aralıda çığıran uşağın üstünə cumur. Ana yerdən qalxanacan onu da ağzı üstə yıxıb sürüyür. Ana özünü yetirənəcən iki yerdən diştəm almağa imkan tapır. Qadının hər həmləsindən geri çəkilsə də pozisiyasını dəyişib təzədən hücum edir. Səs-küyə məktəbin camaatı qaçıb gəlir. Qadın uşağını gəmirən itin boyunduruğundn tutandan sonra it uşağı buraxır. İlk dəfəydi ki, itə əli dəyirdi. İtin parlaq tükləri arasından isti buğ çıxırdı. Yəqin hər dəfə cızığından çıxanda onu boyunduruğundan tutub saxlayırmışlar ki, itin də başında belə qalıb. İt təzə gələnlərə bir hücum çəkmək istəyir. Kişilər «Ay xanım, bir az bərk saxla da» deyib qorxub diksinirlər.
- Kişi deyilsiz? Əlimdən iti alın da…
- Mütləq həkimə getmək lazımdı, yoxsa sizdə quduzluq olar. Bir az o yanda poliklinika var, isti-isti gedin ora. Amma mütləq gedin ha…
Qadın uşaqla poliklinikaya tərəf gedəndə arxaya dönüb baxsaydı bös-böyük bir cüssəli cavanın həmən itlə çarpışmasını görərdi. Bu gəncin də paltarları didik-didik olmuşdu. İt onun ayağından dişdəm götürərək can hayına qalmış oğlanın əlindən qurtulub güllə kimi qaçıb məktəbin həyətindən çıxır. Bilənlər deyir ki, bu it buralarda tez-tez olur, amma ilk dəfəydi ki, dişləyirdi. Yəqin xəstədi. Quduzdursa artıq dişləməyə başlamış heyvanın ömrünə 2-3 gün qalır.
Qudurmağa hələ 5 gün var
Kimsə bilmir ki, səhər evdən çıxanda başına nə gələcək. İt də qapa bilər, maşın da vura bilər, kanalizisiaya lyukuna da düşmək olar. İtdən inciməyə də dəyməz, Allahın heyvanıdır. O da öz instinktlərindən başqa heç nə tanımır. Amma sahibinə nə gəlib? Başqasının həyatıyla oynamaq bu qədərmi maraqlıdır? Bunu həm də gündə onlarla xəstəni qəbul edən həkimlərdən soruşmaq lazımdı. Üst-başı itin tüpürcəyindən parıldayan zərərçəkmişləri ilk əvvəl qeydiyyat şöbəsi qarşılayır:
- Şəxsiyyət vəsiqənizi verin.
- Axı səhər tezdən kim vəsiqəsini üstündə gəzdirir?
- Onsuz olmaz, axı dişlənmişlərin qeydiyyatını aparırıq. Quduzluğa qarşı vaksin baş həkimin şəxsi imzasıyla buraxılır.
Dişlənmiş ayağını çəkə-çəkə pəncərədən uzaqlaşan qadın nəsə düşünüb geri qayıdır:
- İndi vəsiqəmi evdən gətirərəm. Üstümdə pul da gətirimmi? Yəni iynənin qiymətini bilmək istərdim.
- Quduzluğa qarşı iynələr pulsuzdur, dövlət tərəfindən verilir.
Kor-peşman yola düzəlmiş qadın evə necə gedəcəyini, necə qayıdacağını götür-qoy eləyərək bir xeyli yol getmişdi ki, onu arxadan haraylayırlar:
- Siz gəlin, heç olmasa cərrah sizə baxsın. İynələrə o təyinat yazmalıdı.
… Cərrah çirk içində olan qadın və uşağa ikrah hissiylə baxıb dedi:
-Vay, vay. Qolunuzdakı tüpürcək heç bilirsiz necə də yoluxdurucudu? Evə gedən kimi hamısını soyunub maşina atın yuyulsun. Sonra paltar sabunu ilə çimin və yaralara bolluca yod vurun.
Tələsik qoruyucu maskasını taxıb – Sizin burda qeydiyyat kitabçanız yoxdu?
- Xeyr, hələ ki, bu yaşacan həkimə ehtiyacım olmayıb.
- Necə yəni? Sizə heç «spravka» da lazım olmayıb? Deyəsən, yaxında yaşayırsız.
-Bəli, qeydiyyatımız başqa rayondadır, amma burda yaşayırıq.
- Gəlin, heç olmasa yaralarınıza baxaq. Ay qız, tez ol yod gətir, bunun ayağını yodda!
Şəfqət bacısı otaqdan çıxıb deyəsən yod və pambıq axtarmağa gedir. Nədənsə bunlar sarğı otağında yoxdu. Pambığı əllə tutmamaq üçün adi qayçı gətirib. Zərərçəkmiş qadın öz evində həmin qayçının əkiz tayından dırnaq qayçısı kimi istifadə edir. Yaraları yodlayırlar və uzaqdan-uzağa baxırlar. Yaxşı ki, o biri otaqda qorxudan sarısını udmuş uşaq ağlamır və sakit oturub anasını gözləyir, onun yaralarına isə baxan olmur.
- Uşağı aparın uşaq poliklinikasına, heç olmasa onun qeydiyyat kitabı varmı?
Həyəcanlanmağa dəyməzdi, çünki hadisədən 5 gün keçənədək vaxt vardı. Bu müddətdə vaksini vuran quduzluğa tutulmur. Ayaqlarını çəkə-çəkə evə getsələr də onların hələ bir neçə gün vaxtı vardı. Bu müddətdə bu yolu yüz dəfə keçmək olardı.
Quduzluğa 4 gün qalmış
-Deyəsən, özünüzə bir az gəlmisiz? Sizin başqa rayonda qeydiyyatda olmanız bir az problemlidir.
- Mən axı burda yaşayıram, bu yolu hər gün keçirik.
- Onda mənzil kommunal idrəsindən kağız gətirin ki, siz həqiqətən də burda yaşayırsız.
- Bəs gec olmaz?
- Bax mən indi öz cibimdən sizə ilk yardım göstərəcəm və ilkin toksikasiyaya qarşı iynə vuracam. Ola bilərdi ki, siz itlə süpürləşəndə yaralara torpaq girib və da tetanus (yəni stolbnyak) xəstəliyi yarada bilər. Si z arxayınca arayışı gətirin və sizi qeydiyyata alaq və kitabça açaq. Bunsuz sizə quduzluğa qarşı iynə vura bilmərik.
Qadın gecədən bəri şişib dama dönmüş və göm-göy olmuş ayağına baxdı və MKİS-ə qədər yolu necə gedəcəyini götür-qoy etdi. Neynəməli, qanun belə tələb edirdi. Arayışı almaq çətin olmadı, amma MKİS-nin müdiri nahara getmişdi, azı 2 satdan sonra qayıdacaqdı. O vaxtacan gözləsəydi cərrahın iş vaxtı bitəcəkdi. Üstündə möhürü olmayan arayışı götürüb qeydiyyat şöbəsinin mərhəmətinə arxayın olaraq yenidən xəstəxanaya qayıtdı. Onlar qadının dünənki görkəmini və halını xatırlayıb ürəyi genişlik edərək onu qeydiyyata maneəsiz aldılar və hətta möhürsüz arayışa göz yumdular. Amma qadını «Möhürsüz olduğunu həkimə deyin ha» məsləhətilə bu xidmətlərinə görə 1 manat istədilər. Dəyəri 1 manat olan «kitabça» 2 qoşa vərəqdən ibarət idi.
Arasında arayış olan qeydiyyat kitabçasını xəstənin əlində görcək şəfqət bacısı dedi:
- İndi tələbnamə yazaram, amma baş həkimin yanına birlikdə gedək. O, yəqin ki, sizi şəxsən görmək istəyəcək.
Şəfqət bacısı tələbnamə yazan müddətdə dünən həmən it tərəfindən dişlənmiş oğlan içəri girib iynəsini aldı. Yəqin bəxtəvərin burada qeydiyyat kitabı, ya da vəsiqəsində uyğun ünvanı vardı. Qadın ona bir az həsədlə baxdı və bu binadan çıxıb gedəcəyi anı ürəkdən arzuladı. Ara qarışan kimi növbədəkilər cərrahın yanına gözləmədən soxulmağa başladı deyən balaca otaq tezliklə adamla doldu. Amma qapıda barmağını sıxıb qanını saxlamış qadına yol verən olmadı. Çünki onun işi uzun idi, tikiş qoyulmalıydı.
Baş həkim dişlənmiş qadının kağızlarını görcək elə çığırdı ki, dəhlizdəkilər diksindilər:
- Axı nə vaxtacan sizin işinizi mən görməliyəm? Korsuz, görmürsüz ki, onun qeydiyyatı başqa rayonadır!
- Axı o, arayış gətirib… - deyə şəfqət bacısı zarıdı.
- Bu qaydaları mən qoymuram, nazirlik qoyur. Onda elə hər kəs istədiyini yazardı, göndərərdi. Mənim təsdiqim nəyə lazımdı ki?
Axır qadın dözməyib: – Axı mən Azərbaycan vətəndaşıyam və istədiyim yerdə qeydiyyatd da ola bilərəm. Bəlkə birisinin 2 mənzili var, birində qeydiyyatdadır, o birində yaşayır.
- Kimin nə qədər mənizili var, bunun mənə dəxli yoxdu. Gedin harda qediyyatdasız, orda da mülicə olunun.
- Nəzərə almırsız ki,Yasamal rayonuna ən azı 1 saat yolumdur və mən şişmiş ayaqla ora sürünməliyəm ki, sizin nazirliklə aranız dəyməsin.
- Onda tələbnaməyə imza qoyuram, gedin nazirlikdən razılıq kağızı gətirin.
- Mən heç yerə gedən deyiləm. İmtina kağızı verin, gedim başqa yerdə mülicə alım.
- Biz heç kimə imtina kağızı vermirik!
Qapıdan çıxa-çıxda olanlardan pərt olmuş həkim qadını bir qırağa çəkib çox nəzakətli, hətta mərhəmətli tonla dedi:
- Bəlkə mən dərmanın adını yazım, gedib aptekdən alasız. Gətirin biz vurarıq sizə, qurtarsın getsin…
Qudurmağa 3 gün qalmış
Taleyə baş əyməkdən savayı nə qalırdı ki. Bir də xoşbəxtlikdən qeydiyyat uzaq bölgələrdən birinə yox, cəmi-cümlətani Yasamal rayonuna idi. Uzaqbaşı 1 saat, axsaq ayaqla saat yarımlıq yoldu, dünyanın axırı deyil ki. Orda da qeydiyyat prosedurunu bir də kesmək lazım gəldi. Həkim 2 cür kağızı xəstəyə uzatdı ki, üzünü çıxartdırsın. Kağız üzü çıxaran oğaq bağlı idi. İçəridən səs gəlsə də heç kim qapını açmırdı. Xəstənin səbrinin tükəndiyini görüb narahat olan həkim «Gözləyin, indi harda olsa gələcək» dedi.
- Bəlkə başqa yerdə çıxartdırım?
- Yox, yox! Ancaq burda çıxartmalısız.
Xeyli keçmiş qapı açıldı. İçəridəki xanım qapını sındıran kolleqaların işini gördü, amma ayaq üstə güclə duran xəstədən «Bir az da gözləyərmisiz?» xahiş etdi. Kağızların eybəcər kseroksunun da haqqı yerinə çatdı. Bu tələbnamə blankları idi, yəqin ki, hər bir cərrahda olmalıydı. Uzun-uzadı blank doldurma mərasimi bitdi:
- İti tanıyırsız?
- Adını soruşmağı unutdum.
- Sizin üçün deyirəm, tanısaydız sahibindən sorqlaşardız, onda 3 iynə vurardıq. Amma indi 3 ay ərzində 6 iynə vurmalıyıq. İynələr də ki, bilirsiz də od qiymətinə. Sizi göndərsək aptekə birini 15 manatdan alacaqsız. Amma mənə verin, mən sizə ucuz edərəm. Bütün kurs üçün mənə 60 manat, şəfqət bacısına 5 manat verərsiz, düzələr.
Bu yerində şəfqət bacısı otaqdan boylanıb «Gələn dəfə gələndə özünüzlə şprits də gətirin. Özü də sarı rəngli olsun, onlar daha yaxşıdır. Bu günlük özümüzdə olandan vuraram».
Qudurmazdan 2 gün əvvəl
Əlqərəz, dişdənmiş qadın quduzluğa qarşı vaksin vurdurdu, amma dövlətin hesabına yox. Çünki bu dərmanı aptekdən qutusunu 50 manata almaq olar. Yəni ki, bu məmləkətdə dövlət hesabına müalicə şəxsi hesaba müalicədən baha başa gəlir. Qadın qohumu olan həkimlərdən birinə iynəsini vurdurdu. Maneəsiz onların vurulma qaydasını öyrəndi. Hətta bu sirri də xəstəxana həkimləri gizli saxlayırlar. Birinci iynədən 3 cün sonra birisi, 7 gün sonra o birisi, 14 gün sonra daha birisi vurulmalıdı. Növbəti iynə bir aydan və sonuncu 3 aylığında vurulur ki, insan qudurub dişlərini qıcatmasın, küçələrə düşüb özükimilərini dişləməsin.
Qudurğanlığın sərhəddində
Axı insanların qudurmaması, quduzlaşıb canavar kimi camaatın canına düşməməsi ən əvvəl dövlətin marağındadı. İlk yardım üçün dərmanlar, quduzluq əleyhinə dava dərman narkotik deyil ki, bu ciddiyyətlə qeydiyyatı aparılsın. Ayağında diş yarası görünən kimi həkimlər xəstəni zorla, ya xoşuna içəri çəkməlidirlər ki, xəstəliklər yayılmsın. Prosesdən qazandı, ya qznmdı, bu, həkimin işidir! Xəstəyə dərhal yardım etmək əvəzinə uzadan həkimlər bu dərmanın tələbnamə əsasında pulsuz verilməsinə çalışır ki, sonra pulunu xəstədən çıxıb qazansınlar. Bütün bunları şəxsən yaşamış adam üçün həkimin qəzaya düşmüş xəstəyə «10 manat ver, iynəni vuraq», ya da ilk dəqiqədən «Get başına çarə qıl» deməsi çox humanist addım kimi görünür. İndi deyin, bu məmləkətdə quduzlaşmayasan, neyləyəsən?!
Təbb ensiklopediyaları yazır ki, qudurmuş canlı, insan ya da heyvan olmasından asılı olmayaraq ilk yardım almasa 100 faiz ölməlidir. Amma qudurmuşların sağlam adamları dişləyib ömrünü zəhərləmək adəti də var.

Yuxariya doğru