Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Pul pulu çəkər

Pulşünaslıq elminə görə «pul əzələsini» xüsusi təlimlə şişirtmək olar
Biz hələ də düşünürük ki, pul və mənəviyyət bir araya sığmaz

-Pulun var?! - Var, var
-Pulun var?! – Bir anbar
Telli və Vəlinin duetindən


Xoşbəxt olmaq istəyirsiz? Bəs zəngin olmaq necə? Əlbəttə, bunu hamı istəyir, özü də hər ikisini komplektdə. Tərs kimi pulun bir xasiyyəti də var, onu nə qədər qazansan da daha artıq lazım olur. Xoşbəxtlik də eləcə, heç vaxt adama kifayət qədər verilmir. Xoşbəxtlik daxildədi, pul çöldə. Amma onlar birlikdə çox yaxşı yola gedirlər. Bədbinlik məqamında insana pul çox lazım olur. Bəzən xoşbəxtlik anlarında pulun yaradacaq sehri heç nə edə bilmir. Bir sözlə pul insana həmişə lazımdı.
Bədxərc şərqli və simic qərbli
Hamı bilir ki, Şərqin pula öz münasibəti var. Şərqdə uşaqlıqdan insanlara pulla rəftar etməyi öyrədirlər. Şərqdə adətən yaxınlarına, dostlarına, qohumlara böyük güzəştlər edilir, amma pulu yadlardan qazanırlar. Bəzən bu səbəbdən çoxlu dost–tanış qazanmaq nüfuz və pul qazanmağa bərabər olur. Çünki nə vaxtsa bu münasibətlər xeyir gətirə bilər. Şərqlinin evindən qonağı ac getsə gecəni rahat yata bilməz. Amma hamı bilir ki, Avropada hətta nahara dəvət almış qonaq ziyafətdən yarıac- yarıtox getməli olur. Restorana dəvət edilibsə öz hesabını özü verir. Bu şərqli təfəkkürlü insanlarda simiclilik obrazını yaradır. Avropada hər şey ailəyə, evə yönəldilib və şəxsiyyətin öz inkişafına xərclənir. Onlar individualistdirlər, maraqlarını güdürlər. Amma nədənsə Avropada xeyriyyəçilik çox inkişaf edib. Yaponlar ömrü boyu qənaətcillik edib özlrinə təqaüd toplayırlar ki, qocalıqlarında gəzib dünyanı görsünlər. Bəlkə də bu səbəbdən turistlərin içində yaponları çox görmək olar. Beloruslarda pulu gizlətmək adəti var, onlar həsəd aparanlardan çox qorxurlar. Ruslar pulu ən axmaq, mənasız şeylərə xərcləyə bilərlər. Bəlkə genetik yaddaş xəbərdarlıq edir: tez xərcləməsən tutub əlindən alarlar.
Kasıblıq regional məsələdi
Bizim davranışımıza, xüsusilə də pula münasibətimizə ölkənin, xalqın düşüncə tərzi də əlavə olunur. Xarici ölkələrin bir qrup psixoloqu müxtəlif millətlərin pula münasibətini araşdırarkən maraqlı məqamları aşkar ediblər. Sən demə ölkə nə qədər kasıb olarsa kağız pulunun ölçüsü o qədər böyük olurmuş.
Qərbin dəyərlər sistemi zənginliyə köklənib. Ölkədə zəngin və xoşbəxt olmaq istəyənlərin sayı nə qədər çox olarsa ölkə bütünlükdə bir o qədər zəngin olar. Amma bizdə nədənsə bu tezis işləmir. Çünki zəngin və xoşbəxt olmaq istəyənlər çoxdu, amma ölkə də, insanları da kasıbdı. Bunun da səbəbləri aydındır. «Zəngin olmaq istəyirsənmi?» sualına hər kəs «Əlbəttə» desə də davranışına baxanda elə bil ki, hər kəs lazım olanın əksinəsini edir. Çünki ana südü ilə qanımıza işləmiş maneələr var. Bizdə pulla bağlı təyinatlar hamısı neqativ çalarlıdır. Bizdə pula, xoşbəxtliyə adətkarlıq yoxdur. Tarixi hadisələr elə gətirib ki, biz çox vaxt öz sərvətlərimizin əsil sahibi olmamışıq. Yerə damcılayıb buranı çirkləndirən , amma vaqonlara doldurulub başqa ölkələrə aparılan nefti, darvazanın ağzınacan əkilən və xaricə satılan pambığı, rusiyalılar üçün əkilən hektarlarla kələmi görüb işləməkdə davam edən fəhlə, ya kəndlinin pul barədə düşüncələri ən azı gülünc olardı. Biz müstəqil dövlətin vətəndaşları olsaq da hələ də düşünürük ki, pul və əsil qiymətli meyarlar bir araya sığmaz. Məsələn, rəssam, ya yazıçı dahidirsə, deməli acından ölməlidir. İmkanlıdırsa, yəqin kimlərəsə baş əyib, yaltaqlanıb, ya da əsərləri xalturadır. Biz adətən düşünürük ki, kimsə zəngindirsə deməli pis adamdı. Yaxşı və vicdanlı adam varlana bilməz. Yaxud çoxumuz əminik ki, zənginlik xoşbəxtliklə yola getməz. Varlı adamların bədbəxtliklərini, uğursuzluqlarını hərisliklə izləyirik ki, özümüzə bəraət qazandıraq. Burda istər kasıb, istər varlı əmmindir ki, kütlədən fərqlənmək, yaxud çox fərqlənmək lazım deyil. Sovet zamanı ən parlaq şəxsiyyətləri güllələyirdilər, amma ortabablarn işi birtəhər keçirdi. Bəlkə də bu, o vaxtlardan qalan konspirasiya üsullarından biridir. Əlimizi pula çatmağa qoymayan bəlkə də ən böyük maneə nəyisə başlamaq, risk etmək qorxusudur. Əksəriyyəti deyir, qoy o birisi başlasın, görüm nə olur? Bura özündə əminsizliyi, üstünə məsuliyyət götürməmək istəyini də əlavə edək. Ona görə də bütün problemlərdə başqaları - qonşu, hökümət, hava şəraiti, inflayasiya və s. günahkardır. Bizdə olduğun kimi görünmək adəti də yoxdu. Biz iki aylıq məvacibimizi super telefona verib 2 ayı yarıac, yarı tox dolana bilərik. Bu jest özü real nailiyyətlərə çata bilməməyimizi ört-basdır edir. Bu boyda səbəbləri sadalayandan sonra həsəd hissindən danışmamaq düzgün olmazdı. Çoxları pulu xoşbəxt olmuq üçün yox, ona həsəb aparsınlar deyə qazanmaq istəyir. Hətta bu mövzuda maraqlı lətifə də var. Allah bir kişiyə deyir ki, «Sənə nə istəsən verəcəm, amma bil ki, qonşuna sən istəyinin ikimislini verəcəm». Kişi bunun cavabında «Allah, mənim bir gözümü çıxart» deyir.
Xeyirxahlıq da zənginlikdir
Azərbaycanda heç kim inanmır ki, vicdanlı, yaxşı adam olub uğurlu və zəngin həyat yaşamaq olar. Bəlkə pullular pulunu çox ciddi-cəhdlə gizləyir, mənbəsini göstərmirlər, bəlkə də hamı bilir ki, burda halal yolla yaxşı yaşamaq mümkün deyil ona görə heç kim tərəzinin bir gözünə zənginlik, xoşbəxtlik qoyanda o biri gözünə qoyulan mənəvi keyfiyyətlərin tarazlıqda olacağına inanmır. Qərbdə hamı inanır ki, mənəvi normalara riayət etmə özü yaxşı həyata, uğura və zənginliyə aparır. Orda ruhu təkcə teatr tamaşaları, musiqi və sərgilərlə qidalandırmaqla «diyeta»da saxlamırlar. Rus dilində «dobro» sözü həm xeyirxahlıq, həm də var-dövlət kimi tərcümə edilir. Kişilər nə vaxtsa bilirdi ki, xeyirxahlıq olan yerdə zənginlik də olacaq. İndi ortabab yerə işə düzəlib gününü keçirmək istəyi cavanların arzularının bəlkə də ən yüksək zirvəsinə dörüb. İşi necə deyərlər yola verirsən, maaşını da vaxı-vaxtında karta köçürürlər. Belə şəraitdə vəziyyətdən çıxmaq, yaltaqlanmaq, şəraitə uyğunlaşmaq kimi keyfiyyətlər qabarır. Az keçmiş bir buket xəstəliklər, ürək problemləri, təzyiq və sair simptomlar şəklində adamın özünə qayıdır.
Nəyə layiqsən, o qədər pulun olacaq
Deyəsən bədbin çalarlar hər şeyi üstələdi. Soruşarsız ki, bəs nə edək? Mən bu sualı qabaqcadan gözləyirdim deyən mütəxəssislərin rəylərini topladım. Onlar hesab edir ki, hər şeydə yaxşı, müsbət axtarmaqdan başlamaq lazımdı. Çünki özü ayağa qalxan adamlara həmişə hörmət edirlər. Onların özünə hörməti layiqli səviyyədə olur. Donald Tramp uğur qazanmağın sirrlərini kitabında bölüşür. Boris Berezovskinin bu mövzuda kitabı da çox maraqlıdır. Ona görə də necə varlanmağın real yollarını göstərən belə kitablar həmişə bestseller olaraq qalacaq. Həyat təcrübəsi deyir ki, varlı və xoşbəxt insanlar həmişə oxuyan, öyrənən və maraqlı həmsöhbət olurlar. Onlar danışmağı və dinləməyi bacarırlar. Ən əsası varlı və xoşbəxt olmaq üçün standartdan fərqli düşüncə tərzin olmalıdır. Belə bir statistika da var ki, lotoreyada pul udmuş adamların 75 faizi bir ildən sonra milyonlarla pulu havaya sovurandan sonra əvvəlki maddi durumda olurlar. Yəni sən hansı məbləğə layiqsənsə, o qədər də pulun olacaq. Nə az, nə çox.
Zər qədrini zərgər bilər
Hamı bilir ki, dünyanın ən varlı adamlarının əksəriyyəti yəhudilərdir. Hətta ortabab yəhudinin də (ağlayıb-sızlamasına baxmayaraq) başının altında ələ gələcək məbləğdə pulu həmişə olur. Onlar vaxtaşırı Yerusəlimdə «Pul» adı altında beynəlxalq seminarlar təşkil etməkdən utanmırlar. Yəqin təcrübələrini bütün dünyaya öyrətmək istəiyrlər. Bu seminarlarda danışılanlara ciddi yanaşsaq gərək biz də pula adi kağız kimi yox, az qala canlı substansiya kimi baxmalıyıq ki, zənginləşə bilək. Məsələn, deyilənə görə pulu hansı şəraitdə saxlayarsan, özünü ona uyğun aparacaq. Soyuducuya qoyulan pul yemək gətirəcək, dəhlizdə ayaqaltının altına qoyulan pul evə pulu cəlb edəcək, evin cənub-şərqinda saxlanan pul sahibini həmişə sevindirəcək. Guya pul çirkli yerdə saxlanmağı sevmir, cırıq olmağını sahibinə bağışlamır, köhnə pul kisəsində olmağı bəyənmir. Bunu biz də bilirik ki, pul pulu çəkər. Ya da pulun gəldiyi kimi getmək xasiyyəti var. Məbləbindən asılı olmayaraq asan qazanılan pul bir göz qırpımında xərclənir.
Bizdə dar günə pul yığmaq adəti var. Deyirlər ki, bu pis məqama köklənmək kimidir. Ona görə də pul yığarkən deyin ki, ən yaxşı günüm üçün yığıram. Zəngin insanlar yalnız xoş günü düşünürlər.
Əlamətlərə inansaq həftənin 1, 2-ci günləri borc almazlar, 5-ci günü isə qaytarmazlar. Borc alanda iri pulla , qaytaranda nisbətən xırda pulla vermək lazımdı. Pulu sol əllə verib sağ əllə götürərlər. Yerə düşmüş pulları götürməyin isə düşər-düşməzi ola bilər. Bəlkə kimsə pulu başna çevirib atıb? Deyirlər ki, borc verməyin özü yaxşı əlamətdi, yəni pullar nə vaxtsa qayıtmağa köklənib. Sonra özündən borc almaq prinsipinin də yaxşı işlədiyini deyirlər. Öz ehtiyatlarından bir qədər pul götürəndə ona nə vaxt və nə qədər əlavə ilə qaytaracağını özünə söz verirsən. Özünə borcu vaxtında qaytaranda pullar azalmır.
Puldan danışmağa utanmayın
Kasıb və bədbəxt insanı xoşbəxt və varlı adamdan ilk baxışdan ayırmaq çətin iş olmasa da burada bəzi incə nüanslar var ki, diqqətlə araşdırılmağa layiqdir. Hətta psixologiyada kasıb və varlı insan psixologiyası anlayışları da var.
Böhran sunamisinə düşənləri, eləcə də həyatın dibinə düşməyərək üzdə qalmağı bacaranların hamısı maraqlanır: axı bu pullar niyə kiməsə rahatlıqla, kiməsə zülmlə qismət olur? Nağıllarımızda da şahzadənin dilənçiylə yerini dəyişməsi çox olub. Həyatda kimin şahzadə, kimin dilənçi psixologiyasında olmasını yoxlamaq çətin deyil. Potensial kasıb adam özünə ən axırda qulaq asır, o başqalarının fikrindən asılı olur. Ağbaxt adamlar öz nəhəng planlarından danışan zaman uğursuzlar qonşusunun fikrini önəmli sayır. Uğurlu insan məsələni müzakirə etməkdənsə həll etməyə üstünlük verir. Bu baxımdan dünya milyonçularından sayılan Abramoviçin nümunəsi maraqlıdı. Hələ əsgərlikdə olarkən dembelə az qalmış onu meşədə ağac kəsməyə göndərirlər. O, başını işlədərək belə çıxış yolu tapır ki, qorşu kəndə gedib kəndlilərə ağac kəsmək üçün ərazilər satır. Nəticədə onun cibinə pul da gəlir və meşənin ona tapşırılmış hissəsi vaxtında və zəhmətsiz təmizləndiyindən evə də vaxtında buraxılır. Əgər evinizdə kran damırsa deyinə-deyinə suyu silərək həyatınızdan şikayət edənəcən kranı təmir etməyiniz lazımdı. Varlı həmişə ən yaxşısını, uğurlu gələcəyi düşünür.
Zənginlər puldan danışmağa utanmırlar. O, müdüründən maaşını artırmağı istəməyi norma bilir. Çünki zəhmətinin dəyərini qiymətləndirir. Kasıb psixologiyalı adamın yanında puldan danışanda o, bildirməyə çalışır ki, bu mənviyyatsızlıqdır. Amma asan başa gələn pulları əldən buraxanda çox əsəbləşir. Bizdə bir neçə əsrlər boyu zəhmətsiz pul qazanmağı norma sayan nəsil yetişdirmək cəhdləri edilib. Yuxarıda sadalananlar bunun nəticələridir. Zəngin adam verməyi, bölüşməyi də bacarır. O, sanki Allahdan alıb sonra paylamaq mexanizmini başa düşüb. Onun beyni həmişə yeni informasiyaya köklənib deyən həmişə də maraqlı insanlar axtarmaqla məşğuldur.
Gələcəyi planlaşdırmaq asan deyil
Həyatımı istədiyim kimi biçib redaktə etmək istəyimi tanışlarımdan biriylə bölüşəndə o mənə maraqlı məsləhətlər verdi. Kifayət qədər uğurlu həyat yolu olduğundan, həyatının hər dövrü üçün cızdığı planları mənimlə bölüşdüyündən və bu planların sanki siyaşi üzrə həyata keçdiyini gördüyümdən ona inanmamağa əsasım yox idi. Dedi ki, uğur qazanmaq üçün ən əvvəl nə istədiyini dəqiq dilməlisən. Məsləhət verdi ki, 2 ildən sonra özünü hansı işdə, hansı məşğuliyyətdə və maddi durumda görmək istəyirsənsə bütün bunları kağıza yazıb divardan gözüm görən yerdən asım. İlk baxışdan sadə görünən bu tapşırığı artıq bir neçə aydır ki, reallaşdıra bilmirəm. Pulu istəməklə iş bitmir. Sən demə nə istədiyini dəqiq formalaşdırmaq və onu sistemləşdirmək məsələnin ən çətin hissəsi imiş. Məndə hələ ki, alınmır. Bəs sizdə?

P. S. Pul haqqında yazı hazırlayarkən pullar qulağıma pıçıldadı ki, bu addımım lazımi səviyyədə qiymətləndiriləcək və mənə təxminən bir aydan sonra qonorar şəklində qayıdıcaq. Gözləyək görək…

Yuxariya doğru