Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

«Həzrət» Sabir nağılı

və ya eşq afəti-can olduğunu nənəm də bilir

«Pənah aparıram sübhün Rəbbinə... cadu eləyib
düyünlərə üfürən qadınların şərindən...»
Qurani-Kərim, Fələq surəsi

Sizə bir nağıl danışmaq istəyirik, əziz oxucu. Özü də sehrli nağıllardan. Biri vardı, biri yoxdu. Özünü Həzrət Sabir adlandıran biri vardı. Deyəsən, tanıdız?

Şəhərdə az qala bütün mikro və makro avtobuslarda reklamını görməmiş olmazsınız. Gözdən zəif adamlar şəklinə baxanda çalmasının arxasındakı auranı (və ya yuvarlaq göy cismi təsvirini) papağının bir hissəsi sayıb: «A dərdin alım, bu boyda da papaq olar?» və ya «Sambrerosuna bax, alə...» deyə təəccüb eləyir. Əcəba, kimdir bu zat? Özü də gör reklamında nələr yazdırıb: «Cadudan, bədnəzərdən qoruyuram, taleyi açıram, bədən bağlılığını aradan qaldırıram...» Bəyəm jurnalistlərin problemi olmur? Noolar, biz də gedək...

Ssenari və ya yüngülvari rejissura

Nağıllardakı kimi altdan geyinib üstdən və əksinə qıfıllanırıq. Beyninmizin üst qatına mümkün qədər dezinformasiya yığıb xeyli məşq edirik. Ssenari sadədi. Guya ər-arvadıq, ailə problemlərinin çözülməsi təmənnasıyla gəlmişik. Demə, beş-altı aydı tale çərximizin çənbəri dönüb o tərəfə. Aradakı «getmə gözümdən, gedərəm özümdən» mehribançılığı inamsızlıq müstəvisinin «vot-vot»undadı. Xeyir-bərəkət cüzamlı xəstədən qaçan kimi qapımızdan perik düşüb. Uğursuzluqlar lianalardan tutub belədən belə yellənən meymunlar tək gözümüzün qabağında oynayıb bizə acıq verir. Amma artistizm qıtlığından birevliyə o qədər də bənzəmirik. Aramızda karmik əlaqənin olmadığını görmək üçün ekstrasens olmağa ehtiyac yoxdu.

Gör gəlib çıxmışıq hara,
Həzrəti axtara-axtara...

Əlimizdəki ünvanın artıq boyat informasiya olduğunu 8-ci mikrorayondakı mənzilin qapısında bilirik. Deyəsən, gəlib gedənə cavab verməkdən yorulmuş yaşlı qadın «burdan köçüblər» deyib qapını çırpır. Həyət qonşusu olan qızsa: «Anam dünən ora getmişdi. Ona bir vacib məsələdə kömək lazım idi. Amma açdığı fal heç düz olmadı. Dediyi beş sözdən biri düz çıxır,» - deyir. Demək, təxminən iyirmi faiz dəqiq proqnoz....
Axtarıb təzə ünvanı tapırıq. Hələ tam suvanmamış ikimərtəbəli evin yerləşdiyi küçə ilə irəlilədikcə, nədənsə, tək nömrəli qapılar azalır, cütlərinsə nömrəsi artır. Bu da bizim psixoloji hazırlığımıza lap mistik ovqat verir. Mavi rənglənmiş darvazanın qarşısında bir az duruxuruq. Birdən tanış-biliş görüb eləyər, lap utanarıq. Eybi yox. Deyərik ki, iş başındayıq. Qapıdan girən kimi bizi qarşılayıb adımızı soruşurlar. Siyahıda 12-ciyik. Dəmirkəsən kəlbətinlə kəsilmiş metal bir nömrə verirlər.

Qədəm qoyub falçı yanına gələndə...

Qəbul otağı birinci mərtəbədədi. Evin tikilişində sözü keçən kimdisə, yaman lepkapərəstdi: mümkün olan hər yerə yapışdırıb. Gözləmə zalında hər şey adam qəbulu üçün uyğunlaşdırılıb. Ayaqyolu, su kranı, stullar, başı açıq gəlmiş xanımlarçün yaylıqlar, mətbəx mebeli, telefon və s. Qapının sol tərəfində dağdağan budağı asılıb – gözdəyməni dəf etməkçün. Divar əski əlifbada yazıları olan şəkillərlə bəzədilib. Yaxınlaşıb nə yazıldığını oxumuruq, şübhələnərlər. İş adi ritmdə davam edir. Hər dəfə növbəti müştərinin işini yola verən kimi Sabir görücü də onlarla çıxıb salonun o başındakı əlüzyuyana zəhmət verir. Hə, şəkil deyirdik, axı. Bu, Həzrət Əlinin şəklidi. Bu biri şəkildə Həzrət Əli ilə yanaşı Hacı Vəli Bəktaşidi.
Bundan o yandakı şəkildə guya Həzrət İbrahim təsvir olunub. Həzrət İsmayılı qurban kəsmək ərəfəsidi. İsmayıl divana bənzər mebelin üstünə uzadılıb. Göydən qoç endirilir. Qoçu əlində tutan, guya, mələkdi. Saçları orta uzunluqda, biqudifason bir priçoska. Xeyli pırpızlanıb. Rəssam: «Yol gəlib, bə nə təhər,» fikirləşərək belə çəkib. Yəqin ki, sürətlə gəldiyindən qeyri-mini donu bir qədər dolub – hava şarı təhər. Sinəsində qabaran qadın bədəninin zəruri çıxıntısı vətənpərəst şairlərimizin təbih etdikləri Göyçay narına bir qırtım da bənzəmir. Məzkur orqana girdə forma verən qadın tualeti aksessuarının fəaliyyətinin nəticəsi şəkildə hiss olunmur – yəqin rəssamımız «o vaxt belə şey olmayıb» və ya «dəbdə olmayıb» zənn edib. Eyíi zamanda, mələklərin qadın olduğunu düşünür (dinimizə görə, mələklərin cinsi olmur). Kasıb təfəkkür, qısır təxəyyül və bişməmiş fırçanın ortaq tozanağından mələk əvəzinə yeddi doğub üç ər dəyişmiş pinti bir tərəkəmə arvadı rəsmi ortalığa çıxıb. Üstəlik, mələk deyə çəkilən varlığın bədəninin üst hissəsindən fərqli olaraq, qurşaqdan aşağı hissəsi şəffafdır – onun arxasında dağabənzər relyef və üfüq xətti aydın seçilir.
Bu da guya İbrahim peyğəmbərdi. Sifətində heç bir hiss yoxdu. Oğlunun qurban verilməsi ərəfəsində Allahdan əvəz almış olan peyğəmbərdən daha çox «vosmoy» bazarından pulla aldırdığı qoyunu qəbul edən əcnəbi «patron»a oxşayır. İnsafən, qoyun kökdü. Sosialist əmlakı uralananda əmlak payı kimi camaata sırınan qızdırmalı, çıxdaş heyvandan daha çox revizor baqajına qoyulan əmlik toğluya oxşayır... Geneoloji baxımdan Bakı qoyunu, bir qədər dəqiqləşdirsək, Qala cinsidi. Ömrümüzdə ilk dəfə şəkil çəkməyi yasaq eləyən ortodoksal dindarların atasına rəhmət oxuyuruq.
Giriş qapısının ağzında qoyulan və yəqin ki, üstünə çıxan ustanın maşallah çəkisindən ayaqları içəriyə doğru əyilmiş stol «Tatra»ya da bənzəyir, baldırı bərkiməmiş buzova da. Üstünə, çox güman ki, satış üçün nəzərdə tutulan iynələr, rəngbərəng saplar, pərvanə görməmiş şamlar, açar səsi eşitməmiş kiçik qıfıllar düzülüb. Belə yerlərə getməyi sevən qadınların söhbətindən az-çox xəbəri olanlar bu predmetlərin təyinatını yaxşı anlayar. Çox güman ki, sap işi düyünə salmaq, şamlar niyyət edib yandırmaq, qıfıllar kiminsə dilini bağlamaq, iynələrsə... görünür kiminsə yumşaq yerinə batırmaq üçündü. Təbii ki, bu bizim fikrimizdi. Otağın bir küncündə məcməyidə kiminsə hələ çin olmamış arzularının simvolu – şamlar yanır. Arabir içəridən zəng səsi gəlir. Xidmət personalından bir zat onun nə istədiyini telepatik vasitə ilə – «qa» və «qu»suz duyaraq içəri gah bankada su, gah da meyvə şirəsi aparır. Xidməti təşkil edənlər son dərəcə nəzakətli olmağa çalışırlar. Hərdən yuxarı mərtəbədən həyat əlaməti sızmağa başlayır: bic baxışlı balaca uşaqlar yuxarıda şuluq salıb aşağı düşməyə çalışır. Burada o qədər maraqlı adam var ki...

Həsiri basma, dolan gəl

Tədbirli olub ayaqqabıların bağını açmışıq. Hamı kimi biz də ayaqqabını qıraqda çıxarıb kiçik palaza onunla çıxmağa cəsarət etmirik. Sabir görücü 30 yaşını təzəcə keçər, ya keçməz. Saçını öndən balqarka tipli saç düzümü ilə qırxıb, uzun buruq saçlarını arxaya töküb. Yalan nə deyək, üzündən tökülən nuru-zadı hiss eləmədik. Amma səsi məlahətlidi. Özünü çox ciddi göstərməyə çalışır, amma gülən kimi (gülüşü lokaldı, təkcə gözləri gülür) belə olmadığı anlaşılır. Stolunun üstündə Quran da var, Bibliya da. Ona da, buna da inandığını deyir. Təhsilini harada aldığını soruşuruq. Moskvanın adını çəkir. Din təhsil barədə təkrar soruşsaq da, cavabdan qaçır. Şəhərdə gəzən şayiələrə görə, zəngin toyxana təcrübəsi var. Toylarda gitara çalırmış. İçib-çəkən, hətta narmokan da olub deyirlər. Sonradan «vergi veriləndə» tövbə edib. Allah adamı olub, guya. Dediyinə görə, pula-filana tamarzı deyil. Amerikadan çox böyük məbləğlik təklif alsa da, xalqına xidmət eləməyi daha üstün sayıb.
Əvvəl ayrı-ayrılıqda admızı, anamızın adını və doğum ilimizi soruşur. Sonra professionallar kimi hər şeyi özü duymağa və oxumağa çalışır.

Gülnarənin gözüylə

Uşaqlıqdan mistika, fal, xiromantiya, hətta qara magiya haqqında çox oxusam da, canlı ekstrasenslə ilk kərə görüşürəm. Yığdığım biliklərə söykənib əllərimi və ayaqlarımı cütləmişəm: bir növ enerji çevrəsini qapadıram. Bu vəziyyətdə fitri istedadı olmasa, heç kəs nə başqasının taleyinə müdaxilə edə bilər, nə də onu oxuya bilər. Hətta qorxurdum ki, hiss edib məni otaqdan kənarlaşdırar. Amma o, sadəcə, məni sonraya saxladı. «Həyat yoldaşıma» mənsubluğumu duydurmalı oluram. Ona görə də «ərimə»: «Gözündə çəkicilik var, başqalarının ağrısını çəkə bilirsən. Gözün qadınları da yaman çəkir,» - deyəndə qısqanclıq səhnəsi oynamalı oldum. Bu da mənim haqqımda ilk informasiya kimi onun yaddaşına çökdü. Növbə mənə çatanda öncə: «Amma yaman qısqancsan a...» dedi. Mənim qısqanclığım və onun qara qüvvələrə aid olması barədə xeyli fikir yürütdü. Dedi ki, son dərəcədə dəqiq, səliqə sevən, materialistəm. Söhbət o yerə çatdı ki, totuq-motuq amurların atdığı oxlardan aşsüzənə dönmüş «daş» ürəyimə sevgi resepti də yazdı. Dünyanı iki yerə – ruh-məhəbbət və elm-maddiyyat nəsnələrinə böldü. Qəlbimi sıxan enerjidən qurtarmaq üçün hətta elmdən də aralanmağı məsləhət bildi. Kürəyimdəki ağrıların mənşəyini bilmək arzumun da qarşısında tədbirli deyildi. Sürüşən yaylığımı başımdan açmağa da izn vermədi. Ayaqüstə durub gözlərimi yummağı tapşırdı. Arabir gözümü açanda onu qarşımda hər iki ovcunun içini üstümə yönəltmiş, gözlərini bərəltmiş görəndə gülmək tuturdu. «Bir şey görürsənmi? Belə enerji axını qarşısında adamlar öz gələcəyini görməyə başlayır» sözlərinə «fantaziyam çatmır» cavabını tullasam da, fikrimdə qurduğum dekorlara avanqard rejissorlar belə həsəd apara bilərdi. İçimdə sözləri «bum-bum»dan ibarət olan mahnı oxunur, hələ bir özüm qurduğum rəsmləri baş-ayaq çevirir, bir sözlə, efiri «zibilləyirdim». Bir balaca istedad sahibi, özünə hörmət qoyan ekstrasens məni «tərbiyəsizliyimə» görə o saat otaqdan çıxarmalı idi. Cadu-pitidən azad olduğumdan, ürəyimi buz kimi saxlamağı, hələ bir belə şeyləri ürəyimə salmamağı məsləhət gördü. Qapı ağzında satılan saplar düyünçün, qıfıllar ağız bağlamaqçün deyildimi?

O’Kamilin gözüylə:

Axşamdan beynimdəki «məxfi» və «lap məxfi» qrifli informasiya baqajını alt-üst eləyib üst qata guya həzrət Sabirin görüşünə gələn ərəfədə «zövcəm»lə aramızda özəl bir anlaşma yaranması haqqında bol-bol saxta təfərrüatlar yığmışam – əski əyalət kommunistləri Bakıdan komissiya gəlir deyəndə içkini yığışdırıb stolun üstünə partiya sənədləri tökən kimi. Zirehli maşına dönmüşəm. Bütün lüklər bağlıdı. Ətrafa trimpleksdən baxıram. Siqaretinə qullab vurub «zövcəm»dən gizlinim olub-olmadığını soruşur. «Yumoru sevirsən. Gələcəyin pis deyil; uzun ömrün, yaxşı vəzifən olacaq,» - deyir. Sonra «dejurnı» sözlər gəlir – hamıya deyilməsi mümkündü. Ancaq inandırıcıları da var. Gülnarəylə aramızda olan münasibətin statusunu kəsdirə bilmir. Ona görə ortaqlı ola biləcək məsələlərdə balansı qoruyur. İkimizə də iki uşaq, ev problemi, çox da cah-cəlalı olmayan yaxşı həyat «verir». Kolleqası görücü Məlahətin proqnozlarına kinayəli şərh verib, siyasi həyatda sabitliyin minilliyin sonuna qədər davam edəcəyini deyir. Necə deyərlər, «Bağdadda hələ ki sakitlikdir».

Gəlin gedək evimizə

Otaqdan çıxırıq. Camaat üzümüzə baxır. Təəssüratımız haqda üzümüzdən nəsə oxumaq istəyirlər. «Həzrət» Sabir oxuduğundan siz də oxuyarsınız...

5 – 7 iyun 1999
«Ekspress»
O’Kamil & Gülnarə Rəfiq

Yuxariya doğru