Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Yazqabağı emansipasiya dartışmaları

8 mart - dünyanın harmoniyasını pozmayan bayramı kişilər niyə sevmir?
İş belə gətirib ki, hər il mart girən kimi qadından və gözlənilər bahardan yazırıq. Kişilər bu mövzunun heç birini bəyənmir. Çünki dağ boyda iki, müflisedici ailə tədbiri martın sonuna kimi kabus kimi gözlərinin qarşısından getmir. Əvvəl qadınları 8 mart münasibətilə təbrik etmək lazımdı. Sonra isə çərşəmbədən çərşəmbəyə salamat çıxıb, süfrəni xuruşla doldura bilib sonra bayram süfrəsini rahlamaq lazımdı ki, kişinin evdəki statusu aşağı düşməsin. Əslində bu iki mövzu bir aya nədi, heç bir yazıya da sığmır. Ona görə də iki qlobal mövzudan birincisini seçək.
Qadın dünya malıdı!
Əvvəllər kişilər qadın qarşısında geri çəkilməzdi. Hədiyyə verimmi, ya yox deyib başını sındırmazdı. Həyatını da verən vardı, sağlamlığını da. Necə deyərlər kasıbın olanından. Tanışlardan birinin dilindən sitat gətirim: «Qardaş, qadın dünya malıdı». Qadının olması da problemdi, olmaması da. Bir növ pul kimi. Çox olsa yaxşıdı, amma paralel olaraq problemlərin də çox olur. Qəribəsi odur ki, bayramlarda yanında qadını olmayan kişilər kişisi olmayan qadınlardan daha artıq fikir çəkirlər. Təklik qorxusu kişini həyat relslərindən daha tez çıxarır. Ona görə də evlənib başlarını işə salırlar. Bunun müqabilində ildə cəmi bir dəfə hegemon cins kimi xərcə düşürlər. Öz aramzdı, bu o qədər də pis sövdələşmə deyil. Sərfəlidir.
Minilliklər boyu dəyişməyən model
8 martın tarixini matriarxat zamanından başlasaq kişilər yazının bu yerində etiraz əlaməti kimi ya monitoru tərk edəcək, ya da qəzetin səhifəsini çevirəcək. Matriarxatdan danışmağı heç sevməzlər, artıq bilinir. Amma o vaxtlar qadının yanında, ocağın ətrafında, isti mağarada yer dünyanın ən yaxşı yeri idi. Ətraf qorxulu, vahiməli idi, insana düşmən kisilmişdi, məhv etməklə hədələyirdi. Bircə burda rahatlanmaq olardı, silahı əlindən qoyub arxayınlaşmaq imkanı vardı. Əvəzində bu günku ovdan bir parçasını qadına vermək lazım idi, vəssalam. Əslində həmin bu model indiyədək dəyişmədən qalıb. Qadın yaşamaq üçün ən maksimal uğurlu bir şərait yaradır, əvəzində kişi qənimətini onunla bölüşür. Kişilərsə qadına yüksək status verib yuxarı başdakı yerini cəmi bir günlük qadına icarəyə vermək istəmir. Kiminsə böyüklüyünü vurğulamağa bacarmaq özü böyüklük əlamətidi.
Neolit dövrünün hakimi
Daş dövrü insana qarşı çox qəddar idi. Doğulmuş uşaq ya anasının südü ilə böyüməli idi, ya da məhv olmalıydı. Qəbilənin kişiləri öz qadınlarını yedizdirə bilməsəydi məhv olmağa məhkum idi. Köçəri, heyvan sürülərinin ardınca çaparaq həyat da uşaqların həyatını, bununla da insan nəslinin davamını risk altına qoyurdu. Ona görə də insan əkinçilik və heyvandarlıq icad etməklə problemini həll etmiş oldu. Alimlər deyir ki, bir çox qəbilələrdə qadınların xüsusi bağçaları olurdu. Burda onlar dadlı meyvələri, dərman xassəli, ya da narkotik bitkilər yetişdirridilər. Qız ərə gedəndə anasının, nənəsini bağçalarından götürdüyü bitkiləri ərinin həyətində əkərək demək olar ki, ilk seliksioner rolunu oynayıb. Bəzən alimlər inqilabi fikirlər də deir. Guya kişilər dağda-daşda ovlayarkən torpağı belləyən, əkib becərən də qadınlar olub. Suyu saxlamağa gil qabları da onlar düzəldib ki əri evə gələndə içməyə sərin suyu olsun.
İmkanım olmadı!..
Arxeoloqlar torpaqda eşələnən zaman yerdən kök qadın fiquru tapası olanda o saat bu sivilizasiyaya «matriarxat» diaqnozu qoyurlar. Amma bu qadın fiqurunun ya başı olmazdı, ya da olardısa sifətində cizgiləri bilinməzdi. Sinəsini, ombalarını zərgər dəqiqliyilə oymuş «heykəltaraşın» sifət gizcilərinə gələndə naşılığına inanmaq olmur. Yəqin bu yerində kişilər hazırda 8 mart qabağı kişilərimizin keçirdiyi duyğulardan birini, .ya da hamısını birdən keçirərək «alınmadı», «bacarammadım», «imkanım olmadı» deyərək canını qurtarıb. Minilliklərdi, heç nə dəyişmir.
Kişi və qadınlar bərabərhüquqlu olanda
Ola bilər bayram keçirmək, həliyyə vermək şəhərlərin dəbidir. Kənddə-kəsəkdə buna vaxt nə gəzir? Tarixcəsini yaxşı bildiyimiz şəhərlərdən bir İerexenun yaşını eramızdan 8 min əvvələ aid edirlər. Şəhər camaatı 3 metrlik hasar altında 3 min nəfərlik əhali ilə yaşayırdı. Şəhər tikilib qurtarandan və burada həyat bulaq kimi çağlayandan sonra şəhərli kişilər öz qızlarını, qadınlarını çöldə, torpaqda görülən ağır fiziki zəhmətdən azad edə bildi. Ağır zəhmətdən canı qurtarmış qadınlar ocaq başına qayıtdı. Sivilizasiyanın bütün bəhrələrini dadan qadınlar bunun altını bir neçə min ildən sonra çəkəcəklərini ağıllarına belə gətirmirdilər.
Qədim şəhərlərdən biri sayılan Çatal Höyük (Türkiyə ərazisində, Konyada yerləşir) eramızdan 6500-5400 il əvvəl çiçəkləyən bir şəhər idi. Onu bu yaxınlarda, 1961-ci ildə kəşf ediblər. Bu şəhərdə orta yaş həddi kişilərçün 30, qadınlara 35 il idi. Qocamanlar 60 yaşa qədər yaşayırdı. Arxeoloqlar deyir ki, buranın qadınları Aralıq dənizindən olan balıqqulaqlarından boyunbağı gəzdirərdi. Ərtafından seçilmək istəyənlərin boyunbağısına mis, qalay parçaları açılardı. Yəqin onlar , yəni boyunbağısında metal parçası olanlar öz kişiləriylə fəxr edərdi ki, ona başqasından fərqlərməyə imkan yaradıb. Yəqin ki, qadınların yerdə qalanı, yəni ki, sinəsini adi balıqqulağı ilə bəzəyənlər həmin qadınların kişilərinin fərasətinə həsəd aparardı. Ən seçilmişlərin boynunda leopard pəncəsi sallanardı. Yəqin ki, kişisi bu trafeyi döyüşdə qazanıb xanımına hədiyyə verib. Deməli, hələ bineyi qədimdən qadının statusunu bilmək istəsən onun boyun-qulağına baxmaq lazımdı. Bayaq adını çəkdiyimiz kök qadının gil fiqurları burda pis çıxmasın zibil kimi tökülüb qalmışdı. Bəyəm Çatal Höyükdə matriarxat idi? Burda işləyən arxeoloqlar nəticədə bir fikirlə razılaşdılar: bu qədim şəhərdə cinsinə görə əmək bölgüsü olmayıb. Bu nəticə hamını dəhşətə gətirdi. Çünki heç kim inanmaq istəmirdi ki, minilliklər əvvəl hansısa bir şəhərdə kişi və qadınlar bərabərhüquqlu idi. Basdırılmış meyitlərdə qadın və kişi arasında fərq qoyulmamışdı. Amma biz indi, demokratiyanın şeypur çaldığı vaxtlarda torpağa basdrılanda da kişi və qadın arasında böyük fərq qoyuruq.
Yazqabağı kişi hədiyyəsi
Çatal Hüyükdə daha bir tapıntı adamı heyrətləndirir. Burda üç uşaqla birgə basdırılmış 30 yaşlı qadının qəbri araşdırılıb. Sümüklərin analizi təsdiq edir ki, bu qadın evdar olmayıb. 30 yaşınacaq Britaniya tərəfləri gəzib sonra buralara qayıdıb. Yanındakı uşaqlardan isə cəmi biri onun öz uşağıdır. O biri ikisini ya oğlluğa götürüb, ya da himayədarlıq edib. Bu o deməkdir ki, eramızdan 6-5 min il əvvəl qadın dünyaları gəzib gəldiyi bir yana, o qədər özündə əmin imiş ki, qan qohumluğu olmayan uşaqlara himayədarlıq etməyi boynuna götürə bilirmiş. Yəqin ki, onları dolandıra biləcəyinə arxayın idi. Belə qadının kişinin ona verəcəyi nə boyunbağıya, nə də leopard pəncəsinə ehtiyacı var. Kim bilir, bəlkə ona yazqabağı bir dəstə çiçək verən olsaydı qaxılıb yerində oturardı, çöllərə düşməzdi? Arxeoloqlar deyir ki, ola bilər ki, bu qadın və uşaqları yaz gün bərabərliyi şərəfinə qurban veriblər. Bir növ kişilərin yazqabağı özünə hədiyəsi kimi.
İlah və ilahələrin müharibəsi
Qadın emansipasiyası əleyhdarları həmişə deyir ki, emansipasiya qadın təbiətinin özünə ziddir. Qadın kişi kimi ağıllı, hətta güclü də ola bilər. Amma onun anotomik quruluşu uşaq doğub böyütməyə uyğunlaşdırılıb. Qadın bu yoldan bir addım kənara çıxan kimi dünyanın harmoniyası pozulur. Dünyanın harmoniyası isə, ağıllı kişilər, yəqin bilisiz ki, çox vacib məsələdi. Bu boyda dünyanı bir qırıq mənliyin ucbatına vermək günahdı.
Adəmlər yığışıb dünya yaratdı
Qadının uşaq yetişdirmək üçün yaranması, bioloji, anotomik quruluşunun buna uyğunlaşması başqa bir mif- matriarxatın yaradıcısı sayılan Böyük Ana haqqında mifə təkan verir. Deyirlər ki, qadınlar nə vaxtsa yer kürəsində böyüklük edirmiş. Müasir külturoloqlar, tarixçilər düşünür ki, sülhsevər əkinçilər qadınların hakimiyyəti altına könüllü olaraq keçərək bərabər hüquqlu bir cəmiyyət yaratdılar. Bu cəmiyyət çiçəklənərək bəşəriyyətə öz bəhrələrini verdi. Müdrik Həvva zəhmətkeş adəmlərini başına yığıb şamılıqla dünya yaratmağa girişdilər. Həmin bu adəmlər minnətdarlıq hissiylə kök qadın fiqurları yaratmağa başladı. Dəclə, Fərad çayların vadisindən tutmuş indiki Ukrayna ərazilərinə qədər böyük bir sahədə torpaqları bu gün də bir balaca yaxşıca qazısan bu fiqurlardan çıxacaq. Onlar bu fiqurları ola bilər ki, yaz bayramına ithaf edərdi. Həmin bayram indi 8 mart şəklində o qədər etiraz oyadır ki, nə vaxtsa bu prosesin könüllü olmasına inanmaq olmur.
Matriarxat dağılmasaydı…
20-ci əsrin 50-ci illərində arxeoloq Mariya Qimbutas fərz elədi ki, matriarxat quruluşlu şəhərlər şərqi Avropadan bura soxulan köçəri heyvandarlar tərəfindən dağıdıldı. Bu iki dünya görüşünün çarpışması idi. Bir tərəfdən torpağı və qadını müqəddəsləşdirmiş əkinçilər, o biri tərəfdən qadını ikinci dərəcəli sayan köçəri heyvandarlar. Bü savaşda kimin qalib çıxdığı artıq məlumdu. Köçəri heyvandarlar qalib çıxan kimi qadınlar minilliklər boyu uzanan əsarətə düşdülər və dünya öz harmoniyasını itirdi. Acıdil kişilr deyə bilər : «Matriarxatdan nə olacaqdı ki, ömrünün axırına kimi torpaq eşələyib gil yapacaqdın? Hakimiyyətə əlində bürünc silahlı əsil kişilər gələn kimi inkişaf başladı!». Amma Ana Torpaq anlayışı bizim qanımızda hələ ki, möhkəm durur və özümüzü köçəri vəhşilər kimi aparmadığımıza görə kimsədən üzr diləməyiimz də yersiz olardı.
Cinsi bərabərsizlik şəhərlərin törəməsidi
Qədim zamanları tədqiq etdikdə maraqlı fakt ortalığa çıxır. Əkinçilik və hevandarlıqla məşğul olan qədim insanlarda kişi və qadın arasında çox böyük fərq gözə sataşmır. Onlar hər ikisi məişət qayğısı çəkir, çöldə də evdə də işləyir. Uşaqların həyatında o qədər də iştirak edə bilmir. Çox vaxt uşaqları böyük bacı və qardaşı, ya da nənə və babaları böyüdür. Ona görə də valideynlər heç nağıllarımıza da düşə bilməyiblər. Orda nağılı həmişə nənə, ya da babalar deyir. Bir sözlə əl-ələ verib başlarını dolandırıblar. Sözün əsil mənasinda bərabərsizlik şəhərlərdə oytaya çıxır. Şəhərdə qadın hakim ola bilməz, şəhəri qoruya bilməz, məmur ola bilməz. Məhz şəhərlərdə qadınlar ataları, ərlərinin əsarətinə düşüb alqı-satqı vasitəsinə çevriliblər. Şəhərlər artdıqca qadının ocağın başındakı yerindən başqa gedəsi yeri qalmadı. Söhbət matriarxatdan patriarxata keçiddən deyil, nisbi bərabərlikdən absolyut patriarxata keçiddən gedir.
***
Kişilər tarix boyu hegemonluğu ələ alandan sonra qadına qarşı mövqelərini tam dəqiqləşdirə bilməyiblər. Onlar gah qadın cazibəsi qarşısında təzim edir, gah da onu ikinci dərəcəli canlı sayaraq etinasızlıq göstərirlər. A qardaş, ya bizim azadlığımızı əlimizə ver, öz başımızı dolandıraq. Onda 8 mart bayramı avtomatik olaraq aradan çıxacaq. Emansipasiya olunmuş qadın belə bayram şərəfinə kişidən hədiyyə almaz. Ya da kişiliyini elə də, necə bacarırsan! Minilliklərdi yola veririk, indi də verərik…

Yuxariya doğru