Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

İnsan qəddarlığı

Təkamül adamı insan etdikcə qəddarlıqlar azalmır, yalnız formasını dəyişir

İnsan təbiəti çox qəddardı. İnsanın bıçaq kimi dişləri, caynaqları, yırtıcı heyvanlar kimi iti instinkləri olmasa da bəzən heyvandan da qəddardır. Heyvanat aləmində hər şey aydındı. Orda özün kimisinə hücum edirsənsə deməli təbiətinə uyğun davranırsan və rəqibinin də özünü müdafiə etmək imkanı olur. Heyvanlar özündən zəifinə elə-belə hücum etməz. Əgər onu yeməyəcəksə, şikarı deyilsə kef xətrinə, məzələnmək xətrinə bu addımı atmaz. İnsan nifrətini içinə salanda da qəddarlıq yaranır. Qəddarlıq qorxudan və gunahkarlıq hissindən də əmələ gələ bilir. İnsan içindəki qorxularını gizlətdikcə qəddarlıq toplanır və nə vaxtsa, nəzarət zəiflənən bir gün birisinin üstünə yağdırıla bilər. Deyirlər ki, qəddarlıq realizə olunmamış ambisiyalardan, arzulardan, paxıllıqdan, simiclikdən yaranır. Başqa canlı üzərində absolyut hakimiyyət duyğusu maneəsizlik, sərhədsizlik illüziyası yaradır. Qəddarlıq bir növ mənəvi şikəstlikdir. Bəşəriyyət tarixində insan qəddarlığına nümunələr sonsuzluq qədər çoxdur. Qəribəsi odur ki, təkamül adamı insan etdikcə qəddarlıqlar azalmır, yalnız formasını dəyişir. Bü mənada elm və texnikanın sürətli inkişafıyla tarixdə iz qoyan 20-ci əsrdə baş verən insan qəddarlıqlarına nümunələr maraqlı ola bilər:
Yazıq pəltəklər
1939-cu ildə ABŞ-ın Ayova universitetindən olan Uendel Conson və onun aspirantı Meri Tüdor 22 uşağın iştirakıyla eksperiment keçirdi. Uşaqları 2 hissəyə ayırdılar. Birinci qrupun üzvlərinin nitqini təriflədilər. İkinci qrupun üzvləri isə əsil insan qəddarlığı ilə üzləşdi. Meri Tüdor hər kəlmədə, hər cümlədə uşaqların sözünü kəsə-kəsə onların ən kiçik nöqsanlarını da üzlərinə çırparaq xüsusilə acı ifadələr seçib deyirdi. Sonda onları yazıq pəltəklər adlandırdı. Nəticədə ömründə nitqində qüsur olmayan və təsadüfən 2-ci qrupa düşmüş uşaqlarda kəkələmələr başladı. Dəhşətlisi olur ki, pəltəklik onlarda ömrünün sonuna kimi keçmədi. Bu eksperimenti uzun müddət cəmiyyətdən gizləyirdilər ki «mütəxəssislərin» adına xələl gəlməsin. Sonralar buna bənzər təcrübələr alman konslagerlərində də keçirilirdi. Yalnız 2001-ci ildə Ayova universiteti təcrübələr nəticəsində zərər çəkmişlərdən rəsmi şəkildə üzr istəyib.
Elektroşok homoseksuallıqdan xilas edir?
1970-1989-cu illərdə Cənubi Afrika Respublikasının ordusunda hərbi sıraları homoseksallardan təmizləmə əməliyyatı keçirirdi. Elektroşokdan tutmuş kimyavi axtalanmaya qədər hər vasitə işə salınmışdı. Qurbanların dəqiq sayı bilinmir, amma hərbi həkimlərin dediyinə görə 1000 nəfərə qədər hərbçi bu əməliyyata məruz qalıb. Hərbi psixiatrlar əmr almışdı ki, mümkün vasitələrlə əsgər sıralarını təmizləsinlər. «Müalicəyə» yatmayanları şok terapiyasına göndərir, harmonal dərmanlar içməyə məcbur edir, bəzən cinsini dəyişmək əməliyyatlarına göndərirdilər. «Pasientlər» 16-dan 24 yaşa qədər cavanlar idi. Həmin əməliyyatın rəhbəri Obri Levin indi Kanadada Kalqari universitetinin psixatriya professorudur və şəxsi təcrübə ilə məşğuldur.
Öz xoşuna məhkumlar və nəzarətçilər
Stenfordda 1971-ci ildə keçirilmiş türmə eksperimenti planlaşdırılanda iştirakçıların psixikasını pozacaq bir şey nəzərdə tutmurdu. Amma bu təcrübənin nəticələri cəmiyyəti şoka saldı. Məşhur psixoloq Filipp Zimbardo məhkum olunmuş və nəzarətçi rolunu ifa etməyə məcbur olmuş insanların türmə şəritində davranışını öyrənmək istədi. Bununçün psixologiya fakultəsinin zirzəmisini türmə kimi quraşdırdılar. Öz xoşuna iştirak edən 24 tələbəni məhkumlar və nəzarətçilər qrupuna ayırdılar. Nəzərdə tutulmuşdu ki, «məhkumlar» elə şəraitə salınacaq ki, şəxsiyyətin deqrodasiyası və tənəzzülü, düşkünlüyünə gətirsin. Nəzarətçilərə isə bu barədə heç bir göstəriş verilməmişdi. Əvvəl tələbələr nə edəcəyini bilmirdi. Amma təcrübənin 2-ci günü hər şey yerinə düşdü. «Məhkumlar»ın qiyamı amansızcasına yatırıldı. Həmin andan hər iki qrupun davranışı tam dəyişdi. Nəzarətçilər xüsusi münasibətlər sistemi yaratdılar ki, burda hər kəs yanındakı adama etibar etməməli idi. Məhkumların birliyini sındarandan sonra onları idarə etmək asandı. Nəzarətçilərə elə gəldi ki, yeni qiyamlar gözlənilir və qaydalar bir az da qəddarlaşdı. Məhkumları hətta tualetdə də tək qoymurdular. Nəticədə «məhkumlar» emosional pozuntular keçirməyə başladı, köməkçizlik barədə fikirlər, depressiya yarandı. Az sonra türməyə «məhkumları» görməyə «türmə keşişi» gəldi. Onlardan adını soruşanda ad əvəzinə nömrələrini deyirdilər. «Türmədən necə çıxmağı düşünürsən?» sualı isə onları çaş-baş qoyurdu. Eksperiment sübut etdi ki, «məhkumlar» öz rollarına elə giriblər ki, əsil kimliklərini unudublar. Nəzarətçilərsə əksinə, bir neçə gün əvvəl dostluq etdikləri adamlara qarşı sadistlik göstərməkdən ləzzət alır və özlərini əsil türmə nəzarətçiləri kimi hiss edirdilər. Təcrübə 2 həftəlik nəzərdə tütülsa da onu 6 gündən sonra bitirmək məcburiyyətində oldular.
Narkoman heyvanlar
Bəzən insanların heyvanlar üzərində keçirdiyi təcrübələr sonra milyonlarla insanın həyatını xilas edir deyən bunu qəddarlıq nümunəsi kimi sadalamaq olmur. Amma bəzən bu təcrübələr bütün sərhədləri aşaraq əsil qəddarlıq nümunəsinə çevrilir. 1969-cu ildə aparılmış eksperiment insanın narkotik maddəyə alışması sürəti və dərəcəsini anlamaqda alimlərə çox kömək etdi. Təcrübə siçovul və meymumlar üzərində aparılırdı. Heyvanlara narkotikin dozasını bədənə yeritməyi öyrətdilər. Təcrübədə morfin, kokain, kodein amfetamin kimi narkotiklər işlədilirdi. Heyvanlar müstəqil şəkildə narkotik qəbul etməyi öyrənən kimi alimlər onlara bir qədər narkotik qoyub kənara çəkildilər və təcrübəni müşahidə etməyə başladılar. Əvvəl heyvanlar o qədər çaşdılar ki, özlərini ora-bura vurub qaçmaq cəhdləri də etdilər. Onlar narkotik təsiri altında olduqlarından ağrı hiss etmir deyən özlərini şikəst edirdilər. Kokain qəbul etmiş meymunlar qıc olur və hallusinasiyalar görürdülər. Bədbəxt heyvanlar öz barmaqlarını qoparırdılar. Amfetaminə oturmuş meymunlarsa tüklərini yolurdu. Kokain, morfindən ibarət «kokteyl»i seçmiş meymunlar 2 həftə keçmiş ölürdülər. Bu təcrübə narkotikin insana təsirini öyrənməkdə böyük irəliləyiş olsa da onu etik normaları pozduğuna görə humanist adlandırmaq olmur.
Vicdan əzabı çəkmədən edilən hərəkətlər
1924-cü ildə Karini Lendis Minnesot uniersitetində insan mimikasını öyrənməyə başladı. Təcrübənin məqsədi sifətdə olan əzələ qruplarının işini öyrənmək və emosiyalar üçün tipik olan mimikanı ortaya çıxarmaq idi. Təcrübədə onun öz tələbələri iştirak edirdi. Təcrübə keçənlər güclü emosiya doğuran hərəkətlər etməli, ammiyak iynəməli, caz dinləməli, pornoqrafik şəkillərə baxmalı, əllərini qurbağa dolu vedrəyə salmalı olurdular. Həmin an onların şəkli çəkilirdi. Alim sonda tələbələrindən xahiş etdi ki, hərə bir siçanın başını kəssin. Əvvəl onlar siçanı öldürməkdən imtina edirdilər. Bəziləri ağlayır, qışqırırdı. Amma sonra əksəriyyəti siçanı öldürməyə razılaşdı. Dəhşətlisi o idi ki, ömründə bir qarışqa tapdalamamış tələbələr bunu necə edəcəyini bilmirdi deyə heyvanları çox incitdilər. Sonuncu eksperimentin nəticəsi əvvəlkilərindən qiymətli oldu. Təcrübə altında olanların mimikasında eynilik tapılmasa da bu təcrübə çübut etdi ki, insanlar avtoritet kimi qəbul etdiyi adımın əmrilə heç vaxt etmədikləri hərəkəti vicdan əzabı çəkmədən etməyə qadirdilər.
Bütün qorxuların beşiyidir uşaqlıq
Con Uotson psixologiyada qorxu və fobiyaları öyrənirdi. 1920-ci ildə körpələr üzərində apardığı təcrübədə o heç vaxt qorxu doğurmamış əşyaların qorxu mənbəyi kimi qavranılması məsələsini tədqiq edirdi. 9 aylıq Albert ağ siçandan qorxmur, hətta onunla oynayırdı. Bir ay ərzində yetimxanadan götürülmüş uşağa ağ siçan, ağ dovşan, pambıq, və Santa Klausun saqqalını göstərirdilər. 2 ay keçmiş Alberti xalçaya otuzdurub ona siçanla oynamaq imkanı verdilər. Uşaq məmnuniyyətlə onunla oynayırdı. Az sonra hər dəyə uşağın əli siçana toxunanda onun arxasında çəkiclə dəmir parçasına vurub bərk səs çıxarırdılar. Bir neçə zərbədən sonra Albert ağlamağa başladı. Bir həftə sonra təcrübə təkrarlananda Alber siçanı görən kimi ağlamağa başlayırdı. 5 gün sonra məlum oldu ki, Albert indi həm ağ dovşandan, pambıqdan və ağ saqqaldan da qorxub ağlayır. Uotson burdan belə nəticə çıxardı ki, bütün qorxularımız uşaqlıqda formalaşır. Təssüf ki, alim canına qorxu saldığı uşağın fobiyalarını da götürə bilmədi. Albert ömrünün sonuna kimi ağdan qorxaraq yaşamalı oldu.
Köməksiz və yazıq
1966-cı ildə Mark Seliqman və Stiv Mayer itlər üzərində seriya təcrübələr apardı. İtləri 3 qrupa ayıraraq qəfəslərə saldılar. Bir qrupu az sonra azad etdilər. İkinci qrupun itlərinə cərəyan buraxanda elə imkan yaratdılar ki, içəridəki dəstəyi basmaqda ağrıdan qaçmaq olardı. Üçüncü qrupa isə belə imkanı vermədilər. Ona görə də yazıq heyvanlara ağrıya dözmək qalırdı. Nəticədə itlərdə yazıqlıq, köməksizlik reasiyası yarandı və onlarda depressiya əlamətlər müşahidə edildi. Bir məddətdən sonra itləri bayıra çıxarıb təcrübəni açıq havada davam etdikdə onlar qaçmaq əvəzinə yenə də ağrıya dözməyi seçdilər. Alimlər düşünür ki, insanların da stressə reaksiyası belədir. Onlar bir neçə uğursuzluqdan sonra köməksiz və yazıq olurlar. Amma bu nəticəyə görə bu qədər iti ingitməyə dəyərdimi?
Əmrləri yerinə yetirməyə meylli insanlar
1974-cü ildə Yel uqiversitetindən Stenli Milqremin apardığı əcrübədə iki nəfər iştirak edir: guya müəllim və şagird. «Müəllimə» əvvəlcədən deyilir ki, məqsəd informasianı yadda saxlamaq dərəcəsinin ölçülməsidir. Əslində isə əmr almış insanın öz daxili normalarıyla necə rəftar edəcəyi araşdırılır. «Şagirdi» kresloya bağlayırlar. Onlar hər ikisi 45 voltluq elektrik zərbəsi alır. Sonra müəllim başqa otağa keçib suallar verir. Ona deyilib ki, hər səhv cavabda düyməni basmalıdı və şagirdi elektrik cərəyanı vurmalıdı. Əslində şagird rolunu oynayan aktyor onu cərəyan vururmuş kimi aparır. Hər səhv cavabdan sonra müəllim cərəyanı 15 solt artırmalıdı. Cərəyan artdıqca aktyorun oyunu daha da dramatik olur. Təcrübə 450 voltacan davam edir. Müəllim cərəyanı buraxmaqdan imtina edən zaman ekstperiment aparanların səsəini eşidir və onlar bütün məsuliyyti öz üzərinə götürdüklərini deyir. Nəticələr şoka salırdı. Müəllimlərin 65 faizi «şagirdin» əziyyət çəkdiyini görə-görə 450 voltluq cərəyanı verdi. Təcrübə keçən 40 nəfərdən biri də 300 volta qədər həddə dayanmadı. Onlardan 26-sı cərəyanın son həddinə qədər təcrübəni davam etdi. Bu tip təcrübələr sübut edir ki, insanlar ona edilən əmrləri yerinə yetirməyə meyllidir. Ona əmr olunubsa üzərindən hər bir məsuliyyəti ata bilir və başqasının əziyyətinə baxmayaraq əmri yerinə yetirir. Onlar düşünür ki, səhv cavab verən «şagird» öz cəzasını layiqincə alıb.
Kimliyini bilməyəndə
1965-ci ildə Kanadanın Kannipeq şəhərində doğulmuş 9 aylıq körpə Bryus Reymeri həkimlərin məsləhətilə sünnət etdilər. Amma cərrahın səhvi ucbatından oğlanın penisi zədələndi və uşaq şikəst oldu. Baltimor universitetinin psixoloqu Con Mani valideynlərə məsləhət gördü ki, uşağın cinsini dəyişdirsinlər. Nə qədər ki, böyüyüb görkəminə görə utanmağa başlamayıb onu qız kimi böyütsünlər. Tezliklə Bryum Brendaya çevrildi və yumurtaları kəsildi. Bədbəxt validenlər bilmirdi ki, onların uşağı qəddar eksperimentin qurbanıdır. Con Mani çoxdan idi ki, sübut etməyə çalışırdı ki, cinsi mənsubiyyət təbiətlə deyil, tərbiyə ilə formalaşır. Vaxt keçdikcə valideynlər və müllimlər uşaqda ikili davranız və ətraf mühiti qavramada haçalanma müşahidə edirdilər. Valideynlər bunu uşaqdan gizlətdikləri üçün stress keçirirdi. Ona görə ata alkoqolik oldu, ana isə özünü öldürməyə meylli psixi xəstəyə çevrildi. Yeniyetməlik zamanı uşağa qadın harmonları verməyə başlayırlar ki, döşü çıxsın. Psixoloq təkid edirdi ki, Brendaya qadın cinsi orqanları formalaşdıran əməliyyat da edilməlidir. Bu sözü eşidən Bryus-Brenda hiddətlənir. O əməliyatdan və psixiatrın yanına gəlməkdən də imtina edir. Özünü öldürmə cəhdləri bir-birinin ardınca düzülür. Sonuncuda komaya düşəndən sonra o, yenidən kişi görkəminə qayıtmaq uğrunda çalışmağa başlayır. O, adını dəyişərək Devid olur, saçını qırxdırır və kişi paltarı geyir. Bədənini qaytarmaq üçün bir neçə əməliyyat da olunur. Hətta evlənir və 3 uşağı oğlluğu götürür. Amma bu əhvalatın sonunda heppi end olmur. Çünki ilk evliliyi alınmayanda aradıyla boşanan devid 38 yaşında həyatına son qoyur.
***
İnsanlar təkamül nəticəsində sözlə öldürməyi də öyrəniblər. Xəncər kimi deşən sözü rəqibinə yeridəndə fiziki və emosional cəhətdə az enetji sərf edirsən, amma nəticəsi daha parlaq olur. Nədənsə insan başqasını alçaldanda ləzzət hissi keçirir. Keçmişdə İNSAN gözü iftixarla səslənirdi, indi isə həqarətlə.

Yuxariya doğru