Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Yaşamağa macal tapmamışlar

Axmaqlar uşaqlıqda ata-anasını düşünər, gəncliyində sevgilisini, qocalığında yalnış uşaqlarını. Onlar özü haqqında düşünməyə macal tapmadan dünyadan köçər.
Qədim hind fəlsəfəsi kitablarından

Yaydı. İstidi. Yayda və istidə hamı dincəlməyi düşünər. İl boyu hambal kimi daş daşıyanlar da, əli qoynunda oturanlar da yayın dincəlmək üçün olduğunu zənn edər. Bir də ki, Allahın işidi, bilmək olmaz. Göydən ruzi də yağdıra bilər, od da, daş da. Yəni ki, məqamdı. Yaşamaq şansını buraxmaq olmaz. Deyirlər cəhənnəmdə bundan da istidi…
Altıncı Günəş nə vaxt doğar?
Axirət zamanının gəlməyindən danışırlar. Yer adlı planetdə 5 dəfə həyat alt-üst olub və yenidən dirçəlib. İndi hamı 6-cı apokalipsisi gözləyir. İnanmırsızsa Cənubi Amerika aborigen xalqlarının miflərini oxuyun. Orda günəşin və ayın necə qırılıb göydən düşməsinin gözəl bədii təsvirləri var. Alimlər deyir ki, yer üzündəki canlı aləm silinəndən sonra yenidən həyat dirçələsi olsa yer üzünün əsas sakinləri bu dəfə monstrlar olacaq. Dini kitablar deyir ki, Allah insanı ən axırda yaratdı. Əvvəl yeri, göyü, canlıları, bitkiləri və heyvanları yaradıb axırıncı yaratdığını hamısından yüksək bildi. Amma nahaq. Çünki insanlar elə bil ki, yer üzünün canlılarına müharibə elan edib. Onların kökünü kəsənəcən əl çəkməyəcəklər. Son 500 il ərzində 900 növ canlı məhv olub. Keçmişdə hər milyon ilə 2 növ məhv olurdu. 2004-cü ildən bəri canlılar insanın hələ təbiətin padşahı olmamışdən əvvəlki zamanla müqayisədə min dəfə tez ölməyə başlayıblar. Sonrakı 20 ildə məhv olmanın sürəti 10 dəfə artacaq. Ətrafımızdakı 5 milyon bioloji növün dörddə üçünün irəlidəki 300 il ərzində öləcəyi gözlənilir. Əgər bu, güclülərin zəiflər üzərində qələbəsidirsə insanın qaliblər siyahısında olacağına heç kim təminat vermir.
Alimlərin qorxuları qədim xalqların inanclarıyla üst-üstə düşür. Maya qəbiləsinin sələfləri atsteklər həyatın iri dövrlərlə növbələşdiyinə inanırdı. Sanki nəfəs alıb verirmiş kimi silsilələr bir-birini əvəz edir. Bizim zaman sel basması ilə də, meteor yağışı ilə də, ya da günəş partlaması ilə də bitə bilər. Yəqin ki, ölən üçün o qədər də fərq eləməz. Qədim tayfaların inancına görə belə şeylərin fikrini eləməyə dəyməz. Çünki gözlədiyimiz yeni dövr özü 300 ildən sonra bitmək üzərədir. 300 yaşamaq fikrimiz də yoxdu. Şərt nə qədər deyil, necə yaşamaqdadı. Biz yaşamaqçün başqalarını öldürürük.
Yerə super yaşamaq istəyi olan monstrlar gələcək
65 milyon il əvvəl həyat formalarının 76 növü məhv oldu. Dinozavrlara da rəhmi gəlmədi. Sürünənlər, kərtənkələlər, timsahlar, yəni ən bic və şəraitə uyğunlaşanlar salamat qaldı. 200 milyon il əvvəl Atlantik okeanda lava partlayışından sonra iqlimin istiləşməsi başladı. Torpaqda yaşamaq çətinləşdiyindən quşlar əmələ gəldi. 250 milyon il əvvəl Yerə asteroid düşəndən sonra 95 faiz canlıları məhv elədi. Amma əvəzində malyuskalar və dəniz xərçəngləri yarandı. 360 milyon il əvvəlki istiləşmədə su o qədər buxarlandı ki, balıqlar yoxa çıxdı, amma əvəzində suda-quruda yaşayanlar əmələ gəldi. 440 milyon əvvəlki kataklizmdə isə materiklər yerindən tərpəndiyinə görə dəniz sakinlərinin 86 yaizi yoxa çıxdı. Amma əvəzində həşəratlar arandı. Sözümün canı odur ki, nəsə yoxa çıxırsa nəsə yaranır. Hər dəfə həyat bir dombalaq vurub üstündəkiləri aşırdırdısa bu təbiətin kaprizi ucbatından olurdu. Bu dəfə insan gunahkardı. Keçmişdə şəraitə uyğunlaşa bilməyənlər ölürdüsə indi insanın yaratdığı texnogen sivilizasiyaya uyğunlaşmayanlar məhv olur. Bir sözlə mutantların gəlişi gözlənilir. Bir vaxtlar dinozavrlar öləndən sonra planetdə əsas yerləri insan tutduğu kimi indi marşrut taksi şoferlərinin diliylə desək «Bir balaca mehriban olub sıxlaşmalııq». Yerə super yaşamaq istəyi olan monstrlar gələcək.
Hevanlar arasında mutantlar artıq yaranmaqdadır. Britaniyada ev siçanlar həmişəki ölsülərində 2-3 dəfə böyük doğulmağa başlayıb. Gizlənib orda-burda qalmış buğda və çörək qırıntısı gəmirmək əvəzinə quş balaları yeyirlər və 10 kq çəkili heyvanları yeyə bilən yırtıcıya çevriliblər. 2 başlı, 4 ayaqlı quşlar, heyvanlar doğulur. Donuz sifətli buzovlarla, 3 gözlü heyvanlarla kimsəni heyrətləndirə bilməzsən.
Qırmızı kitaba düşəcək bitkilər və heyvanlar o qədər sürətlə yoxa çıxır ki, bəzən onları sifahıya almaq və kitaba salmaba macal tapmaq olmur. Növbə nadir bitki və heyvanlarındı. Məsələn, amazon nülufərləri bu ilki hoqqasıyla botanikləri yaman məyus edib. Su üzərində açdığı yrpaqları o qədər böyük olurdu ki, körpə uzağı orda rahat qoyub getmək olardı. Bu il həmin bu nadir bitki çiçək açmadı. Dünyanın məşhur nəbatət bağlarının mütəxəssiləri bir birindən soraqlaşdılar və əmin oldular ki, həqiqətən də nadir bitkinin kaprizi deyil, nəsə təbii prosesdi. Nilufər toxumları nəinki təbii su hövzələrində, həm də akvariumlarda tumurcuq vermədi.
Bəs tarakanlara nə oldu?
Bir burda canımızın dərdini çəkən vaxt alimlər yeni, ev həşəratlarıla bioloji müharibəyə hazırlıq görürlər. Rusların milli həşəratı olan tarakanlar yoxa çıxmağa başlayıb. Qara tarakanlar Rusiyaya tatar-monqol basqını zamanı gəlib. Kürən tarakanları isə Rusiya-Prussiya mühribəsindən geri qayıdan rus əsgəri yol çantasında gətirib. Deyək ki, sovet dağılandan sonra ruslar şəhərimizi tərk etməyə başlayan kimi burda tarakanlar azərbaycanlı qadınının səliqə- sahmanı qarşısında geri çəkilməli oldu. Amma gözünü açıb tarakan görmüş rus indi təəccübündən bilmir nə etsin, mətbəxlərdən tarakanlar yoxa çıxıb. Necə olur ki, dinozavrlarla bərabər yaşayıb kataklizmlərdə sağ qalmış tarakan 21-əsrin komfort və toxluq zamanında yoxa çıxsın? Səbəblər çoxdu, mobil telefonlardan tutmuş şəhərlərin sonsuz çirklənməsinə qədər. Bəlkə tarakanlar geni dəyişdirilmiş ərzaqları yeyib zəhərləniblər? Propellerli Karlson demiş «Tarakanlar gedib, amma geri qayıtmağa söz veriblər».
Elliklə gəzəndə
Bəlkə həyatımızın keyfiyyəti ətrafımızdakıların sayından asılıdır? Tarakanlardan sonra insanlara keçid eləmək bir az çətindi. Amma bizim həşəratlarla ümumi cəhətimiz var. Bir bir yerdə toplaşmağı sevirik. Toplaşan kimi ətrafımızdı çoxlu çirkab yaradırıq. Bu çirkab başqa haşəratların yaranmasına imkan yaradır. Məsələn dünyada onlarla yer var ki, burada insanlar toplaşdığından və istirahət imitasiya etdiyindən çox çirklidir. Dünyanın 5 ən gigiyenadan uzaq yeri turizm mərkəzlərindəndir. İrlandiyada Blarni qalasında bir daş var. Əfsanəyə görə bu daşı öpən gözəl natiqlik qabliyyəti qazanır. Bu qabliyyəti qazanmaq istəyənlər qalaya darmaşmalı, kürəyi üstə uzanıb başıaşağ sallanaraq daşı öpməlidir. Hər il 400 min adam bu daşı öpür. Vaşinqtondakı Saqqız divar bəlkə daha da çirklidir. Hər şey Sietl kassasına növbəyə dayanan yerli teatrallar əllərinin dinc durmamasından başlamışdı. Kassada növbədə dayananlar bekarçılıqdan ağızlarındakı çaqqızı divara yapışdırırdılar. 10 il ərzində divarda rəngarəng amma iyrənc mozaika əmələ gəldi. Oskar Uayldın Parisdəki qəbri də sterillikdən uzaq bir yerdi. Əgər gəzmək istəyi və tarakanlar kimi çoxsaylı insan məskənlərinə getmək istəyi rahat buraxmasa yazıçının Parisdəki qəbrinə getmək olar. İngilis yazıçının Per-Laşez qəbristanlığındakı məzarı qadın pomadası izləriylə örtülüb. Onun pərəstişkarları hər yerdən axışıb gələrək daş plitənin üstündə boş yer olmadığının fərqində olmadan qəbir daşını parlaq pomada ilə rənglənmiş öpüşlərə qərq edirlər. Məhəbbət şəhəri adını almış Venesiyanın Müqəddəs Mark meydanında sülh simvolu sayılan göyərçinlər də ətrafda salamat yer qoymurlar. 110 mindən artıq quş meydanı batırsa da, ətrafa çoxlu infeksiya yaysa da insanlar bura axışmağı sevirlər. Hollivudda Çin teatrının qarşısında dünya kinosu ulduzlarının əl və ayaq izlərinin ləpirlərini görmək olar. Milyonlarla fanat bəzən min kilometrlərlə uzaqdan gəlir ki, həmin ləpirlərə toxuna bilsin. Bu da kiminsə həyatıdır.
Burda həmişə saat on birə on dəqiqə işləyir
Nə tünlük, nə də çirkab insanlara səyahət etməyə maneə deyil. Lap tarakanlar kimi. Amma nə vaxtsa səyahətin də, nəsil artırmanın da sonu olur. Əlbəttə, bunun zamanını biz bilmərik. Ona görə də istidən qurtulmaq və səyahətə çıxmaq lazımdı. Sıravi, ortabab azərbaycanlı istirahətini uzaqbaşı dəniz qırağında qarpız kəsməklə məhdudlaşdırır. O, nə Blarni qalasından natiqlik istedadı umur, nə də saqqızdan mozaika quraşdırır. Oskar Ualdın məzarını öpmək üçünsə onun heç olmasa bir hekayəsini oxumaq lazımdı. Burda həyat saatın reklamı kimi həmişə eyni rəqəmi göstərir. Bütün dünyada qəbul edilmiş faktdır, hansı saatın reklamı olursa-olsun, fərq etməz onun rəqəmləri 10.10 radələrini göstərəcək. Saatsazların dilbirliyi 15 ilə yaxındı İnternet forumlarında mübahisələr doğursa da azərbaycanlıların istirahət edə bilməməsi kimsəni narahat etmir. Burda kimsə narahat deyil ki, cavanlar qızıl qiymətinə bərabər vaxtını «Facebook» və «Twitter»də keçirir.
İnternet beynimizi yeyir
Hamıya məlumdu ki, sosial şəbəkələrə qurşanan kimi insan cəmiyyətdə yerini itirmək riski ilə qarı-qarşıya dayanır. «Facebook» və «Twitter» sakinləri sanki yenidən uşaqlığına qayıdır və yenidən özünə dəyər verməli olur. O, dostlar qazanmalı, reytinqini tarazlamalı, ünsiyyətcil olmalıdı. Nəticədə primitiv ünsiyyətlə məhdudlaşan yeni nəsil əmələ gəlir ki, körpələr kimi daim diqqəti özlərinə çəkib mərkəzdə olmağa çalışır. İnternet bizim beynimizi yeyir. Bunu apteklərdə aparıdan sorğular da təsdiqləyir. Yaddaşı yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş dərmanlara gün-gündən ehtiyac artır. Son 10 ildə həkimlər pasientlərə diqqəti cəmləməyə kömək edən preparatları 3 dəfə artıq tövsiyə edirlər. Kompüter qarşısında keçirilər saatların haqqını belə ödəyirik. Alimlər deyir ki, informasiyanı ekrandan almağa vərdiş etmiş insan ola bilər ki, bəzi vərdişləri, məsələn danışanda həmsöhbətin gözünün içinə baxmaq bacarığını itirə bilər. Kompüter oyunları və İnternet cavanların beynini artıq dəyişdirib. Belə dəyişdirilmiş beyinlə azı 750 milyon adam («Facebook» istifadiçiləri təxminən bu qədərdir) yaşayır. Sosial şəbəkələrin sakinləri hər addımı, hər nəfəsi, hər başlarına gələn ideyanı burda bölüşür. Axı onlar özlərini «mini məşhur» hiss etmək, müşahidə altında olmaq və heyranlıq istəyir. Hər kəs öz realiti şousunun qəhrəmanı olmaq arzusundadı. Savad üzrə ekspert sayılan Syu Palmer internetdəki yazıları tədqiq edərkən qəribə nəticələrə gəlib: sən demə yumurtadan təzəcə çıxmış balaca qızlar düşününr ki, onlar satıla biləcək maldır və özlərini başqa insanlara, daha doğrusu «Facebook» istifadəçilərinə təklif edə bilərlər. Bu özü bir növ həyatın imitasiyasıdır. Amma burada başqalarının sənin haqqında düşündükləri daha önəmli sayılır. Bizim beynimiz yaddaş protezi kimi işləyən ümumdünya internet torunu öz parçası kimi qavrayır. Abstrakt qavrayış, başqasınını dərdinə qalmaq, yəqin ki, qəhrəmanlıq etmək, fikir çəkmək və sair insani duyğular bu çərçivəyə sığmadığından kənarda qalır. Biz belə həyatla yaşayırıq. Və bu həyatı itirmək qorxusu artıq realdır.
Plan cızanadək yaşanan həyat
Təsəvvür edək, havasız dar otaqda dəhşətli dərəcədə çoxlu adam toplaşıb. Onlar hamı oturmaq istəyir. (Hamı yaşamq istəyir). Kimsə eybəcər taburet tapıb özünü ora basır. Kimisi sınıq kətillərin birində özünə yer eləyir. Kimsə yerə oturur. Kimsə iki stulu altına çəkib yaxına gələni hədələyir. Kimsə başqasını yerindən eləməkçün çığırır. Bu bizim yaşadığımız həyatdır. Amma bununla belə hər kəs unudub ki, daha layiqli, bütün bu çapalamalardan yüksəkdə duran taxt-tacı var. Onun bu haqqını kimsə əlindən ala bilməz. Hamıya elə gəlir ki, ölüm səhvlərimizin nəticəsidir. Səhv eləməsək kataklizmlər olmaz, yer kürəsi oxundan çıxmaz, cənnət yer üzündə bərqərar olar. Musiqiçi Con Lennonun bir gözəl sözü var: «Biz yaşamaqçün planlar cızanadək nə baş verirsə bu bizim həyatımızdır».
P.S. Bu yazı yazılanadək 1 dəfə yemək yeyilib. 2 stəkan kompot içilib. 3 dəfə telefona cavab verilib. İnternetə girmək ehtirası beşiyindəcə öldürülüb. Həyat barədə düşüncələr çox seyrək olub. Azı 10-15 milçək qurban verilib.

Yuxariya doğru