Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Öldürmək ləzzəti

Linç məhkəməsinin vətəni bütün dünyaya insanpərvərlik dərsi keçir

1900-c ildə boğazından asılmış zəncilərin yanında təbəssüm nümayiş edən insanların fotolarını açıqca şəklində bir-birinə göndərmək dəbdə idi. Fotoda arxada asılmış, ya da yandırılmış insan cəsədi olmasına baxmayaraq şən insan kütləsi şəklə yaxşı düşmək üçün kameraya poza verirdi. Çox vaxt bu açıqcanı qohumlara, tanışlara «Soldan birinci mənəm» kommentrisi ilə göndərirdilər. Bu açıqcalar 1908-ci ildə qadağan edilsə də 1930-cu ilə qədər qeyri-qanuni yolla çap edilirdi. Çünki ona tələbat var idi.
Qurtulmuş qulların qisası
Mühakiməsiz, sübut və dəlilləri dərindən öyrənmədən kütlənin qəfil törəmiş emosiyaları altında qətllər törətməsi bütün zamanlarda və bütün millətlərdə olub. Amma linç məhkəməsi termini Amerikada 19-cu əsr və 20-ci əsrin əvvəllərində ictimai proses kimi yayılmış hadisələrə deyilir. Linç məhkəmələrinin 85 faizi cənub ştatlarında baş verib. Sistematik şəkildə linç məhkəməsi 1860-cı illərdən tətbiq edilib. Vətəndaş müharibsində uduzmuş Cənubi Amerikanın torpaqları şimaldan gəlmiş işgüzar adamlara satılır, hərbi əməliyyatlar meydanına çevrilirdi. Azad elan edilmiş zənci əhalisi isə öz sahiblərindən qisas almağa girişmişdi. Hər hansı qanun pozuntusu: qətl, oğurluq, zorakılıq hadisəsində zəncini günahkar bilsəydilər zənci bunun cəzasını yerindəcə çəkirdi. Cim Krou qanunlarına görə zənci davranış qaydalarına görə də cəza ala bilərdi. Amma bəzən bu qanunlar lazımsız adamdan qurtulmaq üçün işlədilirdi. Məsələn, əksəriyyətinin maraqlarına mane olan insanlar, tətil iştirakçıları, torpağını əlindən almaq məqsədilə zənci fermerlər linç məhkəməsinin qurbanı olurdu. 1892-ci ildə 151 nəfər qurban vermiş linç məhkəmələri seriyasının pik nöqtəsi sayılır. Zəncilərlə bərabər bəzən ağdərili adamlar da linç məhkəməsinə verilirdi. İngilisdilli amerikalılar içində azlıqda olan italyanlar (mafiya ilə əlaqədə ittiham edilərək), yəhudilər, ingilisdilli katoliklər və s.
Kollektiv qətl
Tarixə Linç məhkəməsi kimi düşmüş bu müthiş ölüm hadisələri böyük şou, sanki bir sirk kimi düzənlənir və ətrafına bəzən minlərlə adamı yığırdı. Bura fotoqraflar gəlir, şəhərin hakimləri, qubernatoru, hörmətli adamları ön sıralarda yer alırdı. Linç məhkəməsi həmişə kollektiv rəydən asılıdır və kollektiv şəkildə də icra edilir. Linç məhkəməsi federal hakimiyyət tərəfindən pislənsə də bu aksiyaların qarşısına almaq üçün kimsə barmağını da tərpətmirdi. Çünki hakimiyyətdə olanlar linç məhkəməsini zəncilərin özbaşnalığının qarşısını alan bəlkə də yeganə vasitə bilirdi. Bəzən məhkəmə zalından çıxan kimi zənci məhkumu kütlə alıb aparır və qərarı həmən dəqiqə yerindəcə xüsusi qəddarlıqla icra edirdi.
Linç məhkəməsiylə mübarizə Amerikada Demokratik Partiyanın hakimimyyətə gəlişi ilə əlaqədardı. Amma hələ 1936-cı ildə Ruzveld cənub seçicilərini itirmək qorxusu altında linçlənməyə qarşı kəskin qanunlar tətbiq etməyə ürək etməmişdi. Eləcə də Q. Trumen. Cim Krounun qanunlarının ləğv edilməsi və zəncilərin hüquqlarının ağlarla bərabərləşməsi Kennedi və L. Consonun apardığı islahatlar kütləvi şəkildə linçlənmə marisimini heçə etdirdi.
Linç döymək deməkdir
Linç məhkəməsi termini Amerikanın iki tarixi şəxsiyyətinin adıyla bağlıdır. Çarlz Linç müstəqillik uğrunda müharibə zamanı Bedfordda öz məhkəməsini quraşdıraraq hər şeyi kəndir vasitəsilə həll edirdi. İngilis kralının adamları çox vaxt onun qurbanı olurdu. Amma Linç əlinə düşən adamları bir başa dar ağacına sürükləmirdi. Onları dinləyir və sonra qərar qəbul edirdi. O vaxtkı xaos şəraitində müəyyən qədər stabillik də əldə edə bilmişdi. Çarlz Linçin hərəkətlərində irqi ayrı-seçkilik əlamətləri yox idi. Uilyams Linç isə Pensilvaniyada «Linç qanunu» kimi tanınan qanunun müəllifidir. Terminin yaranmasında müstəsna rolu olmuş mülkədar Çarlz Linç qanunu pozanların cəzasını hələ 1790-cı illərdən bəri özbaşnalıq yoluylu verməyə başlayıb. Onun işi zəncilərlə idi. Mülkədarların öz qullarını cəzalandırmaq adəti həmişə olub, amma linçlənmə fərqli anlayışdır. Uilyam Linçi rasizmdə ittiham etmək yersizdi, çünki zamanə başqa idi. Mülkədar Linç inanırdı ki, «canlı əşyalarını» (o vaxtlar zəncilərə belə deyirdilər) səliqədə saxlayır. Bəzi mənbələr linç məhkəməsi terminini İrlandiyada Qalveye şəhərinin meri Cems Fistefan Linçin adıyla bağlayır. Deyilənə görə o, 1493-cü ildə öz oğlunu yalan, səyahətçilərin qətli üstündə öldürüb ki, başqalarına da görk olsun. Qədim ingilis-sakson ləhcəsində linç döymək deməkdir. Bu söz Britaniyada işlədilməsə də Amerikaya köçmüş sakinlərin leksikonunda hələ də qalırdı.
Məhkəmə quranlar və qurbanları
19-cu əsrin sonunda «sayıqlıq komitələri» adı altında dəstələr yaranırdı. Çünki onlar Amerika qanunlarının cinayətkarlığa qarşı mübarizədə zəif olduğunu düşünürdü. 1921-ci ilin zənci əhalinin inkişafına yönəldilmiş Milli Assosiasiyanın verdiyi rəqəmlərə görə 1889-1918-ci illər arası 3224 adam linçlənib. Onlardan 2522-si qaradərili idi. Başqa bir mənbə, amerikalı müəllif Frenk Şey «Hakim Linç» adlı kitabında linçlənmiş 4730 hadisənin adını çəkir. Onlarda 3657-si zənci idi. Bəzi ştatlarda, məsələn Viskonsida ölüm cəzası ləğv edilən kimi orda linç məhkəmələrinni sayı kəskin artdı. Özlərinin «nəzarətçi», «haqq ədalət tərəfdarı», «sayıq dəstələr» kimi adlandıran qruplar vaxaşırı tarixi bir az da qəddar şəkildə təkrarlayır və cibgirləri qatil kimi cəzalandırırlar.
Linç məhkəməsi quranların və qurbanların adları yalnız tarixdə qalıb, amma heç vaxt da gizlədilməyib. Ona görə də hazırda bütün dünyaya «insan hüquqları»ndan dərs keçən bir ölkənin tarixində kütlənin qanunvericilik yapması faktı norma sayılıb və demokratik qanunlarla yanaşı yaşayıb.
Yanmış barmaqdan suvenir
Bu qanlı və əyləncəvi mərasimə minlərlə adam yığılırdı. Sonra sanki ürəkləri soyumayıb burdan çəkilmiş fotoları qohumlara Milad bayramına, ya da Pasxaya hədiyyə kimi göndərirdilər.
Linç məhkəmələri tarixində 1916-cı ildə baş vermiş hadisə hələ də dəhşət hissiylə xatırlanır. 17 yaşlı Cess Vaşinqtonu ağdərili qadını öldürməkdə ittiham edirdilər. Məhkəmədə o, günahını etiraf edir və ölümə məhkum edilir. Bundan sonra məhkəmədə iştirak edənlər onu sürükləyib çıxarır, təpikləməyə, bel və kərpiclərlə döyməyə başlayırlar. Onu Ueyko şəhərinin hakimiyyət binasının qarşısında soyundururlar. Sonra artıq hazırlanmış tonqala qədər sürüyüb 15 min şahidin gözü qarşısında yandırırlar. Bəzi tamaşaçılar onun barmaqlarını suvenir şəklində kəsib aparırdı. Bədənindən yanandan sonra qalmış hissələri kisəyə yığıb camaatın başı üzərindən asdılar.
Ölkənin şimal və qərbində edamlar ip və ya güllə vasitəsilə olurdusa cənubdakı edamlar xüsusi sadizmi ilə seçilirdi. 1893-cü ildə Texas ştatının Paris adlı şəhərciyində ağıldankəm zəncinin edamına 10 min adam yığışmışdı. Onu uşaq öldürməkdə ittiham edirdilər. Əvvəl onu odda qızdırılmış dəmirlə deşib sonra gözlərin çıxardılar və ağzına yanar kösöv soxdular. Bütün bu işgəncələr azmış kimi sonra onu ocaqda yandırdılar.
1893-cü ildə Memfes şəhərində baş vermiş linç məhkəməsi də qəddarlığına görə fərqlənir. Burada Li Uolker adlı zəncini 2 ağ dərili qadına yaxınlaşdığına görə ittiham etdilər. O, ac imiş və yemək xahiş edirdi, qadınlarsa çığırışıb onlara hücum etdiyini dedilər. Şəhərə səs yayıldı ki, nəhəng bir zənci qadınları zorlamaq istəyirmiş. Şəhər sakinləri türməyə hücum çəkib zorla olsa da məhbusu axşamnan ordan çıxarmaq qərarına gəlmişdi. Qəzəbli kütlə məişət əşyaları vasitəsilə turməyə həmlə edib polisin müqavimətinə baxmayaraq gecə 12-də polis bölməsini ələ keçirdi. Məhkumu müqavimət göstərdyinə görə döyə-döyə və bıçaqlanmış şəkildə meydana sürüklədilər. Çığıran və söyüşən kütlə onu yumruqlamaq və üzünə tüpürmək şansını da əldən vermirdi. Onun başnı teleqraf dirəyindən asılmış ipə salanacaq o biriləri ayağının altın bərkidirdilər. Asılanda ağırlıq az olduğundan birisi onun ayaqlarından yapışıb elə sallandı ki, fəqərələri xırçıldadı. Sonra camaat onu soyundurub artıq ölmüş bədənə o qədər bıçaq vurdular ki, qabırğaları görünməyə başladı. Ürəyi soyumayanlar cəsədin güllənməsilə məşğul oldu. Güllə səsini eşidəndən sonra deyəsən kütlənin hirsi bir az soyudu. Amma kimsə ipi kəsdi və meyit yerə sərildi. Adamlar meyiti təpikləməyə başladı. Bu zaman kimsə artıq ocaq qalayırdı ki, meyiti yandırsın. Göz qırpımında kerosin də, odun da tapıldı. 5-6 nəfə qan içində olan meyiti ocağa tulladı. Yanan meyitə baxmaq istəməyənlər oraları tərk etsə də kütlə arasında bu mənzərəni daha da yaxından görməkçün irəlı çıxan bir neçə ağdərili qadın gözlərini yanan mənzərədən çəkmirdilər. Uolkerin asıldığı ip süvenirə sevrildi. Həvəskarlar onu xırda-xırda doğrayıb ciblərində gizlətdilər. Suvenir sevərlərin ən zirəkləri tonqalın sönməyini gözləyib oradan hələ də közərən sümük qırıqları, dırnaq və dişləri çıxarmağa başladı. Bu da azmış kimi yanandan sonra qalmış bədənə məftil keçirib şəhərin küçələrində sürüklədilər. Sonra həmin teleqraf dirəyinə asdılar.
Günahlı, ya günahsız – fərq etməz
Məhkəməsiz qətl mərasimləri Ku-Kluks-Klan adlı gizli cəmiyyətin adıyla bağlıdır. 1870-ci ildə bu cəmiyyət dağıdılsa da zəncilərə qarşı terrorın ardı kəsilmədi. Ku-Kluks-Klan cəmiyyətinin uzun illər boyu günahkar və günahsız zəncilərin saysız-hesabsız qətllərində əli olub. Bu cəmiyyət qətlləri, edamları xüsusi sirli və tükürpədici şəraitdə keçirirdi. Onlar zəncini lap küçədə tutub öldurə də bilərdi. Amma ağdərili adamın edamını orta əsr mərasimlərinə bənzədərdilər. Mərasim gecə vaxtı insan ayağı dəyməyən yerdə, ya da meşədə keçirilərdi. Klan məhkəməyə adətən gecə vaxtı dəvət göndərərdi. Bu mərasimə gəlməmək öz günahını boynuna almağa bərabər idi. Dəvətnamə alan adamın şəhərdən, ölkədən qaçmaq imkanı da olurdu. Klanın dəvətini saya salmayan adamın edamı elə ustalıqla quraşdırılırdı ki, hüquq mühafizə orqanları əsil canini tapa bilmirdi. Həm də Klanın cənub ştatlarda o qədər tərəfdaşı vardı ki, onları tutmaq mümkün olmurdu. Əgər mərasimə dəvət almış ora gələrdisə onu qorxulu mistik mərasimlə qarşılardılar. Zülmət içində uzun plaşlar geymiş üzvləri yalnız məşəllərin işığı işıqlandırardı. Deyilənə görə təbiətcə mövhümatçı olan zəncilərə elə gəlirdi ki, onlar müharibədə ölmüş əsgərlərin ruhlarıdır ki, qisas almağa gəliblər. Günahsız olduğunu sübuta yetirmək cəhdləri işi daha da qəlizləşdirirdi. Burda yalnız günahı boynuna alıb diz çöküb yalvarmaq ölümdən qurtara bilər. Ku-Kluks-Klan cəmiyyəti zəncilərlə seksual əlaqəsi olmuş qadınlarla çox qəddar davranırdı. Amma kişilərə zənci qadınla münsibəti bağışlayırdı. Günahını etiraf etmişləri buraxır, nadir hallarda döyürdülər. Tərslik edənlərin halı çox pis olurdu. Qadının başını qırxıb soyundura, qamçıyla döyə və zorlaya da bilərdilər. Bəzən günahkar bilinmiş qadının bədəninə dağ basırdılar ki, ömrünün sonunacan utansın. Klanın sirrini ağzından qaçırmış adamın taleyi çox acınacaqlı olurdu. 1918-ci ildə bu cəmiyyətin Corciya ştatında quraşdırdığı 5 günlük kütləvi zorakılıq orqiyasından sonra 8 zənci və bir hamilə qadın öldürüldü. Bu qadını ocaqda qızarmamışdan əvvəl qarnındakı uşağı çıxarıb ayaq altına salıb tapdalamışdılar. Ölənlərdən ikisinin günahı ağdərili adamlara cavab qaytarmaq idi.
İda Uells adlı jurnalist qəzet məqalələri və fotolar əsasında linçlənmə mövzusunda araşdırma aparıb. Nəticələr belə idi: kütlənn qətlə yetirdiyi 728 zəncidən 70 faizi çox xırda qanun pozuntusuna görə vəhşicəsinə öldürülmüşdü. 1889-cu ildə jurnalist xanım U. Makkinliyə məktub yazaraq federal hakimiyyəti bu məsələnin həllinə cəlb etməyə çalışdı. Yalnız 10 ildən sonra yaradılmış assosiasiya linçlənməyə qarşı mübarizyə çıxaraq ona son qoydu. Linçlənmə azalaraq əsrin ortalarında demək olar ki, aradan çıxdı.
«Birləşmiş linçləyən ştatlar»
Mark Tven ölkəsinin tarixində linç məhkəmələrinin olduğundan çox utanırdı. Onun «Birləşmiş linçləyən ştatlar» əsərindən: «Mən insanları cinayət etməyə təhrik edən səbəblər üzərində dayanmaq istəmirəm. Bu adamlar bilirdi ki, günahı varsa həmin adamı onsuz da öldürəcəklər. Amma onlar özləri hakimlik etmək istədilər. Çünki bu dəhşətli, eybəcər cəza kiçik turmə həyətində şahidsiz baş verəcək ölümdən daha təsirli və dərs vericidir. Amma balaca uşaq da bilir ki, sös-söhbətə səbəb olan qeyri-adi əməlin mütləq davamçıları peyda olur. Kimsə Bruklin körpüsündən özünü aşağı atsa hətta onun da həmən dəqiqə davamçısı və təlqidçisi tapılacaq. Ona görə də qaranlıq dalanlarda qadınların bağırsağını bayıra tökən Cekin barəsində söhbətlər gəzən zaman kimsə özünü onun yerinə qoyub hərəkətlərini təkrarlamağı düşünür. Ona görə də bir zənci sensasiyalı cinəyət və qətl törədibsə onun linçlənməsi daha artıq qətllər törədəcək və cinayətlər azalmaq əvəzinə gündən-günə, ildən ilə artacaq. Həmin prinsiplə linçləmə artıq bütün ştatları ağzına alıb və ildən ilə artır.
Linç məhkəmələrini insanın təlqin etmə instikti ilə və ən zəif yeri - qorxusu ilə izıh etmək olar. Heç kim istəmir ki, ona barmaq uzadıb hamı kimi olmadığını desinlər. Deyirlər ki, linçləmək insanlara ləzzət gətirir və hamı bu mənzərəni öz gözüylə görməyə gəlir. Əgər edamı görəndə insan əzablarından ləzzət almaq mümkün olsaydı onda «Vindzor» otelinin yanğınında adamlar dəhşət əvəzinə heyranlıq hissi keçirərdi. Bəs həmin bu adamlar linçlənmə prosesinə necə sakit baxa bilirlər? Məncə onlar azlıqda olduğu üçün öz qonşusunun narazılığına səbəb olacağına əmindir, ona görə. Sıravi adam üçün bu, ölümdən betərdi. Belə çıxır ki, hər cəmiyyətdə linçlənməyi tənqit etməyə qadir, casarətli adamın olmağı kifayətdir. Onda icma daxilində insanların bənzəməyə çalışacağı yaxşı insan əmələ gələcək. Belə adamları hardan götürməli, məsələ də bundadır».
***
Dəhşətlisi odur ki, linç məhkəməsi hiddətlənmiş insanların etirazı, qanun bərqərar etmək istəyi, nə də amerika həyatınnı bir parçasıdır. Linç məhkəmələri bütün dünyada, bütün millətlərdə olub və hələ də olmaqdadır.

Yuxariya doğru