Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Qızlar qalıb, qızıla dönüb/h2>

Elə bil həyatında hər şey yaxşıdı. Yaxşı işin, səni tanıyan dostların, hətta pərəstişkarın da var. Bəs niyə hərdən balışın yeganə dostuna çevrilir? Buna qadın narzılığı, məhz şəxsi həyatından narazılıq deyirlər. Yadındamı, bir zamanlar bizdə seks yozuydu. Bunu sənə nənən, anan yaxşıca başa salmışdılar. Böyüyüb məktəbi hətta institutu bitirəndə sən tam əminiydin ki, əvvəl oxumaq, karyera, sonra şəxsi həyat olmalıdı. Sən hesab edirdin ki, sevgi sirk, teatr və kitabxanaya birlikdə getməyə deyilir. Rəfiqələrin də çoxdan ayılmışdı. Onların əksəriyyəti çoxdan ərdədi və yaxşı ailələri var. Vaxt gedir, ağ atlı oğlan hardasa azıb, gəlmir. Ətrafındakı olan qalan kişilərin heç ağlına gəlmir ki, sənə də qayğı və nəvaziş lazımdı. Bəs niyə tanışların səni görəndə «İşlərin necədi?» soruşurlar? Çünki onlar bilir ki, bu illər ərzində sən yalnız işi düşünmüsən. Hər gecə soyuq yatağına girəndə inanırsan ki, səni sevib anlayan birisinə rast gələcəksən. Amma bir bax gör, sənin həyatında kişiyə yer varmı? Problemlərini o qədər tək həll eləmisən ki, heç kimə yer qoymamısan. İndi başa düşürsən ki, kişilər hər şeydən çox azadlıq və müstəqilliyi və sənin sərt həyat qrafikinə yaraşmayan seksi sevir. Ən dəhşətlisi odur ki, problemini səni tanımayanlar da duyur. Hərəkətlərindən, səsindən, danışıq tərzindən... Bir gün özün-özünə bu murdar «qarımış qız» sözünü deyəcəksən. Eşidirsizmi, qızlar, başqalarının səhvini təkrarlamayın. Sevib sevimli olmağı öyrənin!

 

Desəm ki, Azərbaycan qarımış qızlar ölkəsidir Amerika kəşf eləmərəm. Belə bir statistika da var: Azərbaycan evdə qalmış qızlarına görə keçmiş sovet respublikaları içərisində Moldovadan sonra ikinci yerdədir. Bizim cəmiyyətdə evdə qalmış qızlara münasibət deyərdim ki, qəddardır. Onları daim müzakirə obyektidir və daim tənbeh olunurlar. Çünki cəmiyətdə müəyyən kanonlar var: qadın ərdə olmalıdı, uşaq böyütməlidi. Ona görə də ailə qura bilməyən qızlarımız özü haqqında «Axı mən niyə hamı kimi deyiləm?» düşünür. Bir qədər sonra «Mənə belə də yaxşıdı» fikriylə rahatlansalar da ictimai fikir onlara şans vermir. Əgər yaşın keçibsə, deməli ümidin yoxdu.
Bizə öyrədirlər ki, seks pisdir və yad kişilərlə danışmaq olmaz
Ərə getməmiş qadın hələ də şübhə və çaşqınlıq, bəzən isə mərhəmət və yazıqlıq hissi doğurur. Gəlin baxaq, qarımış qızların yanında fərsiz ərlərimizdən deyinib danışan, yemək, yır-yığış, uşaq xəstəlikləri, yuxusuz gecələrdən gileylənən biz deyilmiyik? Hər birimiz o tənha qadına nəinki həsrətlə baxır, hətta onu görəndə bu fikirləri bölüşürük: «Filankəs necə də xoşbəxtdi? Heç kim onun boynunda oturmayıb. Çox gözəl görünür, hətta teatra getməyə də vaxtı var! » Amma həmin o filankəs bəlkə də teatra getməkdən bezib, oxumağa artıq kitab tapmır, qohum-qardaşın işinə yaramaqdan usanıb indiysə sevimli kişisinin köynəyini yuyub-ütüləmək arzusundadı.
İctimai fikir tənha qadının monumental və komik obrazını yaradıb. Çoxları düşünür ki, tənha qadın mütləq heyvanları sevməli, mikroblardan mütləq çimçəşməli, yay gələnədək qalın gorab geyməli və konvet kağızı toplamalıdı. Belə qarımış qızlara çətin ki, rast gələk. Bəs qadınlar niyə tənha qalır, qız qarıyırlar? Psixoloqlar bunun səbəbini uşaqlıqda axtarır. Nə qədər qəribə olsa da ilk intim kontakt atayla olur, ata qızını qucağına alır, başını sığallayır, öpür. Bizdə bu, əsil azəlbaycanlı kişisinin obrazına bir o qədər də uyğun deyil. Bu yaxınlaracan kişinin uşaqlarını əzizləməsi eyib sayılardı. Ata evdən gedibsə qızda bütün kişilərə qarşı qorxu və nifrət yaranır. Qızını həddən artıq nəzarət edən ana da onun beynində mənfi izlər buraxa bilər. Ananın nəzarəti tədricən qızın öz nəzarətinə keçir və o, yalnız nəyin yaxşı, nəyin pis olmasını düşünərək daim özünə nəzarət edir. Üçüncüsü səbəb isə hər qadının beynində ideal kişi obrazının olmasıdır. Ondan əl çəkmək çox çəitin olur. Valideynlərnin seçdiyi oğlan obraza uyğun gəlməyirsə zorla ərə getməkdənsə evdə qalmağa üstünlük verənlər də tapılır. Bütün bu psixoloji təzyiqlərdən sonra kişi elə bir personaja, lap Marsdan gəlmiş canlıya çevrilir ki, qız onunda necə danışacağını, necə davranacağını da bilmir. Axı bizə öyrədirlər ki, seks pisdir, yad kişilərlə danışmaq olmaz, kişiylə münasibət nəsə alçaq və çirkin bir şeydi.
Qızları qarımağa məhkum edən cəmiyyətimizçün həmin yaşda subay oğlan qorxulu deyil, amma vaxtında ərə getməyib hələ bir selülit toplamış qız cəmiyyətçün çox xətalıdır, xüsusilə idarə başçısıdırsa. 30-dan sonra evlənməmiş kişinin nə qədər qızı tora salmaq şansı var. Həmin yaşda qızın isə ərə getmək şansı bizim futbol komandamızın udmaq şansı qədər olur. Hesab olunur ki, 30-dan sonra oğlanlar kamillik axtarır, qızlarda isə psixoz başlayır. Etiraf eləməliyik ki, hazırda 30-u keçmiş qızlar 20-30 il əvvələ baxanda çox yaxşı görünürlər. Qəribəsi odur ki, bu yaşda məşuq tapmaq çox asandı, amma həyatının kişisini, arzuladığını gözlədiyini yox. Qızları qılınclayan cəmiyyətdə boşanmış qadına münasibət daha yaxşıdı. Ailə qurmaqdan savayı bütün sahələrdə uğur qazanmış qadın bilir ki, super yaşayıb yaxşı qazansa da hamının - qonşuluqdakı bir dəstə burnu fırtdıqlı uşaqların anası və sərxoş ərin arvadının da ona yazığı gələcək. Çüqki onlar cəmiyyətin qanunlarına baş əyərək yol verilən həddə qədər ərə gedə biliblər. Kimə gəldi ərə getməkdən imtina edənlərdən bəziləri hesab edir ki, valideynləri olmasaydı uşaq doğub ərə getməyə taləsməzdi. Valideynlər bir yana cəmiyyət buna sakit baxardımı? Ağzıgöyçəklərin qınağından qurtulmaq olardımı?
«Bəlkə boşanmış Rlmeoya rast gəldim?»
Bir neçə evdə qalmış sayılan qadınla söhbəti ixtiyarınıza vermək istərdim. Onların ad və familinin gizlətmək xahişini başa düşmək çətin deyil:
27 yaş: «Ərsizlik məni hələ ki incitmir. Sevdiyim adam da deyim ki, heç olmayıb. Məktəbdə yaxşı oxumuşam, intstitutda «qırmızı diplom»a gedirdim. İndiysə qabağıma çıxan kişilər məni qane eləmir. Ya evlilər, ya da axmaqlar mənə rast gəlir. Baxın nə qədər gözəl və ağıllı qadınlar var, bəyəm onların hamısı ərdədir? Məncə onların çoxu mənim həyatımla heç olmasa bir həftə yaşamaq arzusundadır. Evə gəlirəm, ayaqqabılarımı kandarda, çantamı otaqda tullayıram, yubkamı divana tərəf gedəndə «itirirəm». Bütün axşamı əlimdə telefon televizor qarşısında keçirə bilrəm. Evlilər evə çatan kimi mətbəxə qaçıb kartof təmizləməlidi, qaz qabatında marten peçi qarşısındakı kimi durmalıdı ki, ərinin mədəsinə isti yemək düşsün. Təkrar evliliklər 30-dan sonra başlayır. Bəlkə boşanmış Romeoya rast gələ bildim. Hələ ki, «Toya nə vaxt çağırırsan?», «Niyə ərə getməmisən?» soruşan var. Bir azdan məni incitməməkçün sualları da yığışdıracaqlar. Onda biləcəm ki, artıq qarımış qızam.»
38 yaş: «Arxanda sənə «qarımış qız» deyib gülüşəndə çox pərt oluram. Mən özümə qəribə qadın deyərdim. Sevmək istəyirəm, amma o nədənsə gəlib çıxmır. Görüşdüyüm oğlan da vardı. Mən «görəsən bu sevgidirmi?» düşünənə qədər o, artıq evləndi. Bakirəliyimdən də canımı qurtarmaq istərdim, amma kişilər şorcöz baxışlarla baxanda «bircə rədd olsaydı» düşünüb sinir yumağına dönürəm. Rəfiqələrim deyəndə ki, bir az kosmetika, bir neçə damcı ətir və qısa yubkadan istifadə eləyim mənim ürəyim bulanır. Bu ayıbdı! Ərimi belə ucuz vasitələrlə əldə eləsəydim onunla yaşaya da bilməzdim. Bilirəm axmaqlıqdı, mən hələ də sevgi gözləyirəm.»
52 yaş: «Mənə niyə təksən deyəndə «ağ atlı oğalanı gözləyirəm» deyirdim. Mənimçün deyirlər ki, belələri gözləmir, əksinə onları gözləyirlər. Özümü tərifləməzdim, vaxtilə çox yaxşı görünürdüm. Düzün desəm aristokrat təbiətimə uyğun oğlanı gözləyirdim. Bu səbəbdən ağzından nəsə səhv söz, rayon ləhcəsi qaçıran adama ikrahla baxırdım. Ən dəhşətlisi o idi ki, kişilər məndən qorxurdu. Mən onlarla postmodernizmdən və pis rejissuradan danışıb, yeri gəlsə siqaret də çəkə bilərdim. Savadsız kəlməyə görə, elementar şeyləri bilməməyə görə ələ də sala bilərdim. Qırxı keçəndən sonra anamla uşaq haqqında danışmağa cəhd elədim. «Mən oləndən sonra! Bizim nəsildə ərə getməmiş uşaq doğan olmayıb» dedi».
34 yaş: «Bakirəyəm, kişilər mənə heç gözünün ucuyla da baxmır. Çox sadə geyinirəm. Kişilərlə ünsiyyəti sevmirəm, amma bu o demək deyil ki, onlara nifrət edirəm. Bəzən evdə rahat yemək yeməyə vaxtım olmur, kosmetika hardan yada düşə? Mən düşünürəm ki, iki nəfərin görüşməyi taleyində varsa kosmetikasız, ya necə bu baş verəcək. Mənim tələblərim çox deyil, ən azı 3 dil bilsin, opera və klassik musiqini mənim qədər sevsin və antikvariatı sevsin. Mən biləni bu elə elə çox deyil».
39 yaş: «Özümü qarımış qızlar arasında pis hiss eləmirəm. Çünki ətrafda bizim kimilər çoxdu. Biz bir-birimizə mənəvi dayaq oluruq. Mən artıq çıxış yolu axtarmıram».
30 yaş: «Mən qızlığımla özümə ev-eşik və şərait düzəltməyə bacarığım çatıbsa fərsizin birinə necə ərə gedə bilərəm? Bu yaxınlarda maşın da alacam. Əhd eləmişəm, oğlanı yanımda otuzdurub evəcən özüm sürəcəm».
Traqikomik monoloq
Vaxt keçdikcə qəribəlikləri əmələ gəldiyinə görə adam arasında qarımış qızları tanımaq bir elə çətin deyil. Onlardan bəziləri həmsöhbəti seks mövzusunda söhbətə cəlb eləyir. Nəzəriyyəni tam öyrəndiklərinə görə məsləhətlər də verə bilərlər. Tənha qadınların əksəriyyətində özünü yüksək qiymətləndirmə adəti başında qalıb. Yaşları artdıqca özlərini yenə 20-25 arası hiss edirlər. Elə bil əvvəlki kimi cavan və təravətlidi. Ona görə də cavan və gözəl kişini gözləyir. Bu səbəbdən elçi çıxanlardan birisini keçəl, o birisini gombul, üçüncüsünü fərsiz adlandıraraq özünə layiq saymır. Vaxtı keçmiş xanımlardan bir növü isə kişiylə münasibətlərdə təcrübəsi olmadığından hər hansı diqqəti vurğunluq kimi qavrayırlar. Onlar hətta komplimentləri, hərəkətləri yaddaşında toplayıb saxlamağı sevir. Ona elə gəlir ki, ətrafdakı bütün kişilər onu sevir. Bu traqikomediya ömur boyu davam eləyir. Əmələ gələn qəribəliklər içində aqressiya böyük rol oynayır. Bu müstəqil və kişilərə nifrət edən iş xanımlarında daha çox olur. Qarşısındakının akademik ya çilingər olmasının onunçün heç bir fərqi yoxdur. İş birincidir, ərə getməli olsa ən azı padşaha gedə bilər. Bu qadınların problemi fizioloji yox, psixolojidir. Bəziləri aqressivləşir, bəziləri depressiyaya düşür, kimsə xəstələnir. Seksual marağı az olanlar tənhalığı daha rahat keçirir. Seksual şövqü yüksək olanlarsa kişiləri alçaldıb başına gələnlərdə onları günahkar sayırlar.
Qarımış qız – bu diaqnozdur yoxsa tale?
20 yaşlı qızın qarımaq şansı azdır, amma onların əksəriyyətində qız qarımaq qorxusu var. Bizi qarımış qızın özü yox, onun cəmiyyətdə yaradılmış obrazı qorxudur. Orta statitistik qarımış qız oxumuş və kifayət qədər gözəgəlimli ledidir. Qarımış qız deyəndə fikrimizdə ərə getməmiş qadın yox, əsəbi və narazı, adamayovuşmaz bir obraz canlanır. Mənimlə razalaşarsız, qarımış daha çox ruhi vəziyyətdir. Bir testə baş vuraq. Aşağıdakı əlamətlərdən bir neçəsi sənə uyğundursa artıq düşünmək zamanıdır.:
1. Özünü yüksək qiymətləndirməmək (Kimə lazımam?)
2. Kişilərə yüksək tələb (Şahzadə gözləyirəm)
3. Boş vaxtı evdə keçirmək (Bazar günü evdə oturub tort bişirərəm və televizora baxaram)
4. Kişilərlə asan dil tapan rəfiqələri qınamaq (İndi sevirəm deyir, görək bir ay sonra nə olacaq)
5. Kişilərə qarşı vasvasılıq (Təsəvvür eləmirəm, kişiylə yaşayıb onun corablarını necə iyləmək olar?)
6. Boşananlar haqqında xəbərləri sevinclə qarşılamaq (Belə ərə getməkdənsə tək qalmaq yaxşıdı)
7. Kişinin qayğısını başqa gür don geydirmək cəhdləri (Arvadbazın biridi, özünü aparmağına bax!)
8. Evlənmək haqqında elanlarla qəti maraqlanmamaq (Mənim kişim özü məni tapacaq)
9. Seks qarşısında qorxu (Bu çirkinlik və ədəbsizlikdi)
Qızlar, ideal axtarmayın!
Başqa millətdən qız almağı sevən kişilərimizdən fərqli olaraq qızlarımız yad millətə həvəssiz ərə gedir. Son vaxtlar xarici vətəndaşlarla evlilik halları artıb. Sərhəddi bağlayıb «striteji materialı» buraxmamaq da olar, Azərbaycanan demoqrafik xilası naminə hərbi mükəlləfiyyətlə yanaşı ailə qurmaq borcu yaratmaq da. İstəsən maşaları və daşaları xoşbəxt edən məmmədləri vətən xaini elan edərik. Deyirlər, xaricdə qarımaq anlayışı yoxdu. Bəlkə bizim xalaşkaları oralara eksport eləyək? Zarafat bir yana, amma nəsə çıxış yolu axtarmaq lazımdı, özü də tezliklə.
Evdə qalmış, qarımış qızlarımız əslində Azərbaycan xalqının böyüklüyü, qeyrəti haqqında illyuziyalarına verdiyi ən böyük qurbanıdır. Hissləriylə, təbiətlə, bəlkə də yaradanın özüylə mübarizədə təkbətək qalmış bu qızlar əslində cəmiyyətin çirkinliklərinə bir növ etiraz edirlər. Gözüyumulu ərə getmək istəmir, ehtirasını küncdə-bucaqda söndürməyi ayıb bilir, uşaqlarını sevdiyi insandan doğmaq arzusuna ömrünü qurban verir. Əvəzində qarımız qız yarlıkını boynunda daşımalı olur. Narkomanlar, fahişələr, yetimxanalarda böyüyən uşaqlar kimi qarımış qızların da günahı cəmiyyətin ciyinlərindədir. İnsanın xoşbəxt olmasına mane olan qanunlarla işləyən cəmiyyət bir gün bunun meyvələrini mütləq dadacaq. Ən yaxşı, gözəl və ağıllı qızlarını evdə qalmasının səbəblərini burda axtarmaq lazımdır.
Seksual həvəs insan orqanizminin çoxsaylı tələblərindən biridir. Onlardan birini təmin etməsə də insan xoşbəxt ola bilər. Qabaqda karyera, yaradıcılıq, insanlarla ünsiyyət. İdeal axtarmaq faydasızdı, çünki o yoxdur. Evdə qalmaq səni narahat etmirsə heç kimə qulaq asma. Ömrünü, həyatını elə qur ki, sənə qarımış qız deməyə heç kimin dili də gəlməsin!
«Bizim Yol» qəzeti
24.08.07

Yuxariya doğru